Cənubi Qafqaz regionu hər zaman geosiyasi maraqların toqquşduğu, tarixi ziddiyyətlərin və münaqişələrin mərkəzində olub.
Xüsusilə son onilliklərdə baş verən hadisələr - Qarabağ münaqişəsi, Rusiya-Qərb qarşıdurması və regional güclərin aktiv siyasətləri bu ərazidə sabitliyin bərqərar olunmasını çətinləşdirib. Lakin 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar regionda əməkdaşlığa əsaslanan yanaşmaların aktuallığını daha da artırıb.
Bu baxımdan, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən və "3+3" adlandırılan əməkdaşlıq formatı xüsusi əhəmiyyət daşıyır. Bu platforma - Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç qonşusu olan Türkiyə, Rusiya və İran arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyir. Məqsəd Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, iqtisadi, siyasi və nəqliyyat sahələrində birgə layihələrin reallaşdırılmasıdır. Bu format bir tərəfdən regional ölkələrin daxili potensiallarını bir araya gətirməyi, digər tərəfdən isə kənar güclərin təsir imkanlarını məhdudlaşdırmağı qarşıya məqsəd qoyur.
Son zamanlar Ermənistanın da bu formata maraq göstərməsi və konkret addımlar atmağa razılıq verməsi Cənubi Qafqazda yeni bir mərhələnin başlaya biləcəyi ilə bağlı ümidləri artırır. Bu razılıq təkcə Ermənistanın regional əməkdaşlıqda maraqlı olduğunu göstərmir, eyni zamanda Azərbaycanın təşəbbüslərinin uğurla reallaşdığını da sübut edir. Bu yazıda Ermənistanın bu formata qoşulmasının mümkün təsirləri, Azərbaycanın bu prosesdəki rolu və gələcək perspektivlər ətraflı şəkildə təhlil olunacaq.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, Ermənistanın belə bir formata razılıq verməsi müsbət haldır:
"Bilirik ki, bu prosesi başladan və təklif edən əsas tərəflər Azərbaycan və Türkiyədir. “3+3” formatı Cənubi Qafqaz ölkələri arasında sabitlik və əməkdaşlıq yaradılması baxımından çox uğurlu bir təşəbbüsdür. Bu təklifi artıq təkcə Cənubi Qafqaz ölkələri deyil, Gürcüstan istisna olmaqla digər qonşu dövlətlər də müsbət qarşılayır və prosesin sürətlə irəlilədiyi müşahidə olunur. Ermənistanın bu təşəbbüsə razılıq verməsi və növbəti görüşün keçiriləcəyini bildirməsi müsbət addım kimi qiymətləndirilməlidir. Mən bu görüşün Ermənistanda keçirilməsini də müsbət addım hesab edirəm".
Mübariz Göyüşlü: Daha detallı və sistemli yanaşma vacibdir
Onun sözlərinə görə, regional əməkdaşlıq, dövlətlərarası münasibətlərin normallaşdırılmasına müsbət təsir göstərən amillərdəndir. Bununla belə, Azərbaycanın xarici işlər nazirinin və ya digər yüksək səviyyəli rəsmisinin bu görüşlərdə iştirakı məsələsinə gəldikdə, müsahibimiz hesab edir ki, bu, Ermənistan-Azərbaycan münasibətləri tam normallaşdıqdan, yəni sülh sazişi imzalandıqdan sonra daha uyğun olar:
"Hazırda sülh sazişinin bəndləri üzrə ümumi razılaşmalar əldə edilsə də, onun konkret necə və harada imzalanacağı ilə bağlı hələ də bəzi suallar qalmaqdadır. Minsk qrupu və konstitusiya dəyişiklikləri ilə bağlı məsələlərin də öz həllini tapması vacibdir. Bütün bu məsələlər aydınlaşdırıldıqdan sonra Azərbaycanın bu formatda yüksək səviyyəli iştirakı daha məqsədəuyğun olar. Ümumilikdə isə, Ermənistanın bu formata razılıq verməsi Azərbaycanın və onun lideri İlham Əliyevin uğurlu və strateji təşəbbüslərindən biri kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanın təşəbbüsünün dəstəklənməsi və gerçəkləşməsi baxımından növbəti uğurlu addımdır. Azərbaycan, bir növ, Ermənistanı bu prosesə cəlb etməyə nail olmuşdur. Bu baxımdan, ümumilikdə prosesi müsbət dəyərləndirirəm".
Mübariz Göyüşlü əlavə edib ki, daha detallı və sistemli yanaşma vacibdir:
“Hesab edirəm ki, Ermənistanla sülh sazişi imzalandıqdan və qarşılıqlı tələblər yerinə yetirildikdən sonra bu formatda əməkdaşlıq daha səmərəli olacaq. Regional əməkdaşlıq baxımından isə bu təşəbbüs müsbət perspektivlər vəd edir”.
Cənubi Qafqazın problemlərinin üç ölkə və onların qonşuları tərəfindən həlli regionun gələcək sabitliyi üçün mühüm addımdır. Bu yanaşma kənar qüvvələrin müdaxiləsinə ehtiyacı azaldacaq və perspektivdə “Qafqaz evi” ideyasının yenidən gündəmə gəlməsinə və reallaşmasına zəmin yarada bilər.
Əli Hüseynov