Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini daha altı ay uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sanksiyaların müddəti 31 iyuladək uzadılıb.
Məlumatda vurğulanıb ki, 2014-cü ildə ilk dəfə tətbiq edilən bu iqtisadi tədbirlər 2022-ci ilin fevralında başlayan Rusiya-ukrayna müharibəsindən sonra əhəmiyyətli dərəcədə genişləndirilib.
Sanksiya ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks mallar üzrə məhdudiyyətləri əhatə edən geniş spektrli sektoral tədbirlərdən ibarətdir.
Onlar həmçinin Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft və müəyyən neft məhsullarının idxalı və ya transferinə qadağa, bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılması kimi məsələləri əhatə edir.
***
16:01
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas təşkilatın xarici işlər nazirlərinin Rusiyaya qarşı sanksiyaların uzadılmasını razılaşdırdığını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Aİ xarici işlər nazirləri indicə Rusiyaya qarşı sanksiyaları yenidən uzatmağa razılaşdılar.
Bu, Moskvanı müharibəni maliyyələşdirmək üçün zəruri olan gəlirlərdən məhrum edəcək", - o qeyd edib.
***
15:22
Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.