“Tip 1 diabet xəstəliyində bədəndə insülin hormonu olmadığı və ya çox az olduğu üçün müalicəsinin insülin preparatlarıyla, tip 2 diabet xəstələrində isə insülin təsir mexanizmasında qüsur olduğu üçün müalicəsi diabet dərmanları və insülinlə aparılır”.
Bunu Bakıvaxtı.az-a İstanbul Universiteti Tibb Fakultəsi Xəstəxanası həkimi uzman terapevt- endokrinoloq Dr. Fatimə Bayramova deyib.
Şəkərli diabet xəstəliyində istifadə olunan və eyni zamanda xəstəyə kilo verməyə kömək edən dərmanlardan bəhs edən həkim qeyd edib ki, bu dərmanlar bəzən şəkərli diabet xəstəliyi olmayan və artıq çəkidən əziyyət çəkən xəstələrə də təyin olunur.
Onun sözlərinə görə, bəhs olunan dərmanlar tip 2 diabet xəstəliyi olub və artıq çəkidən əziyyət çəkən xəstələrə təyin oluna bilir: “Onlar GLP-1 aqonistləri dediyimiz qrupdan olan dərmanlardır və bədənimizdə inkretin hormonlarını təqlid edərək təsir göstərirlər. Bu dərmanlar şəkərimizi yüksəldən glükaqon hormonunun qana ifrazını azaldır, mədə boşalmasını gecikdirir və doyma hissini artırır. Xəstələr iştah azalması, toxluq hissindən məmnun olurlar və zaman keçdikcə kilo verməyə başlayırlar”.
F.Bayramova bildirib ki, bundan başqa, onlar qandakı yüksək şəkəri tənzimləmək və kilo verdirməklə bərabər həm də ürək və damar sistemini qoruyurlar. Bu dərmanlar tərkibi eksenatid, semaglutid kimi preparatlardır və apteklərdə qarşımıza Byetta, Ozempic, Victoza və Saxenda adları ilə çıxır. Bu dərmanların təsir müddətləri fərqli olduğu üçün həkiminiz tərəfindən sizə təyin olunduğu şəkildə və dozada gündə 1 və ya 2 dəfə yaxud həftədə 1 dəfə dəri altına iynə şəklində istifadə olunur.
Bəs bu qədər müsbət təsirləri olan dərmanlar göründüyü qədər məsumdurrmı? Həkimin dediyinə görə, təəssüf ki, hər dərmanın göstəriş və əks göstərişləri olduğu kimi bu dərmanların da istifadəsinin məsləhət görülmədiyi hallar var: “Bu dərmanlar bəzən başqa sahədə ixtisaslaşmış həkimlərimiz tərəfindən də, ətraflı müayinə və xəstəlik tarixcəsi alınmadan da təyin olunur.Hətta bəzən dietoloqlar onları artıq çəkidən azad olmaq üçün məsləhət görə bilir və ya xəstənin özünün də çevrəsindən, internet portallarından oxuduğu yarımçıq məlumatlarla istifadəsini eşidirik. Amma unutmayaq ki, bu dərmanları sizə yalnız endokrinoloq və ya terapevt təyin edə bilər”.
Həmsöhbətimiz bu dərmanların əks göstəriş və əks təsirlərindən də danışıb. Bildirib ki, bu iynələrin istifadəsi zamanı ən çox ürək bulanması şikayəti xəstələri narahat edir. Adətən zamanla bu şikayət getdikcə azalmağa başlayır və keçir. Amma bəzi xəstə qrupunda bu şikayət keçməyə bilir və xəstə dərmandan vaz keçməyə məcbur olur: “Bu təsiri azaltmaq üçün dərmanı az dozada və ürək bulanmasını azaldan dərmanla təyin edə bilirik. Bundan başqa, qusma, qarın ağrısı kimi əlamətlər də ola bilir. Amma onların ürək bulanmasından daha önəmli təsirləri də var”.
Onun sözlərinə görə, bu dərmanlardan uzun müddətli istifadə zamanı ortaya çıxa biləcək risklərlə bağlı aparıcı tibb texnologiasına malik bir çox ölkədə minlərlə xəstə üzərində yüzlərlə tədqiqat aparılıb. Tədqiqatların nəticələrinə görə bəzi xəstəliklər üçün risk yarana biləcəyi üçün riskli qrupda olan xəstələrdə bu dərmanların istifadəsi məhdudlaşdırılıb və bu dünyada qəbul olunmuş müalicə rəhbərlərində (ingilis dilində: guideline) əksini tapıb. Bu risklər mədəaltı vəz xərçəngi, mədəaltı vəzinin iltihabı, öd daşı xəstəliyi və qalxanabənzər vəzi (el arasındaki adı zob) xərçəngidir. Əgər öd daşı xəstəliyiniz varsa bu dərmanların istifadəsi məsləhət görülmür, bunun üçün həkiminiz dərmanı başlamazdan öncə sizə qarının ultrasəs müayinəsini məsləhət görə bilər: “Eyni zamanda daha öncə mədəaltı vəzinin iltihabını keçirən xəstələrə bu dərmanları təyin etmirik. Ailəsində mədəalti vəzinin xərçəngi xəstəliyi olan xəstələrimizdə də genetik meyillilik ola biləcəyi üçün bu dərmanlardan uzaq durmaları məsləhət görülür. Qalxanabənzər vəzidə xərçəng xəstəliyinin olmağı və ya vəzdə riskli düyünlərin olması da bu dərmanlar üçün uyğun olmadığınızı göstərir. Qalxanabənzər vəzi xərçəngi diaqnozunuz olmasa da dərmanları başlamadan öncə vəzidə düyünlərin olub-olmadığını təyin etmək üçün boyuna ultrasəs müayinəsi məsləhət görülür. Ailədə bəzi qalxanabənzər vəzi xərçəngi tipinin olması da bu dərmanlara uyğun olmadığınızı göstərir”.
F.Bayramova ony da əlavə edib ki, bu dərmanlar hamilə, süd verən şəkərli diabet xəstələrinə məsləhət görülmür. Eyni zamanda insülinin əvəz etməyəcəyi üçün tip1 diabet xəstələrinə təyin edilməz.
Nərgiz Məmmədli