İran nüvə proqramı ilə bağlı danışıqları hələ bərpa etməyi planlaşdırmır.
Bakıvaxtı.az xəbər verir ki. bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Diplomat açıqlamasında ""Avropa üçlüyü" - Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasında ABŞ-nin maraqlarını təşviq etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planının mübahisələrin həlli mexanizmindən sui-istifadə edib. Bu üç dövlətin son aylarda nümayiş etdirdiyi yanaşma məsuliyyətsiz və dağıdıcı olub" sözlərini söyləyib.
İranın nüvə proqramı inadı nə vəd edir? İranın inadı nə vaxta kimi davam edə bilər?
Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, İranın öz nüvə proqramından əl çəkməməsi Tehrana qarşı növbəti hərbi əməliyyatların başlanmasını mümkün edə bilər:
"Ötən gün ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına malik olması ilə bağlı növbəti dəfə hədələdi. Eyni zamanda Avropa İttifaqının üçlü dövləti və BMT İrana qarşı sanksiyaları bərpa edib. Hazırda İtan inadkarlıq nümayiş etdirir. Lakin 12 günlük müharibədən görünən odur ki, İran silahlı qüvvələrinin hücuma qarşı adekvat cavabı gecikdi və heç də istənilən cavab vermədi”.
Politoloq qeyd edib ki, İran tərəfi Çindən 40-a yaxın qırıcı təyyarə alıb və Rusiya ilə strateji əməkdaşlıq müqaviləsi qüvvəyə minib. İran elə hesab edir ki, Çin və Rusiya onu müdafiə edə bilər.
Əsədullazadənin fikrincə, İranın ABŞ və Böyük Britaniya ilə üz-üzə gəlməsi Tehran üçün bir fəlakət ssenarisidir. Sadəcə olaraq molla rejimi geri çəkilmək istəmir və daha çox müqavimət göstərməyə çalışır.
"İranın müqaviməti növbəti zərbəni şərtləndirə bilər. Tehran özünün sərt siyasi xəttinə davam edir. Prezident Məsud Pezeşkianın Qərblə dialoq aparmasının qarşısını da məhz mühafizəkar sistem aldı. Bu, İran üçün mənfi nəticələrə yol açacaq", - deyə Məhəmməd Əsədullazadə qeyd edib.
Gülşən Şərif