Oktyabrın 6-dan 18-dək Litvada NATO-nun Gelezinis Vilkas 2025-II (Dəmir Qurd 2025-II) beynəlxalq hərbi təliminin keçirilməsi planlaşdırılır.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlim Belarusla sərhəddən 15 km aralıda yerləşən Pabrade poliqonunda baş tutacaq. Tədbirdə Litva və digər Avropa ölkələrindən, o cümlədən Belçika, Çexiya, Lüksemburq, Hollandiya, Norveç, Xorvatiya və Almaniyadan 3000-ə yaxın hərbçi iştirak edəcək.
Təlimlərə tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli transportyorlar da daxil olmaqla 650-yə yaxın hərbi texnika cəlb olunacaq. Yollarda pirotexniki vasitələrdən istifadə və hərbi texnikanın hərəkəti də nəzərdə tutulub. Təlim zamanı hərbi qulluqçular həm hücum, həm də müdafiə hərəkətləri həyata keçirəcəklər.
Sentyabr və oktyabr aylarında Litva təqribən 17 000 hərbçinin ölkə boyu keçiriləcək “Perkuno Griausmas 2025” (“Perkunas ildırımı”) təlimlərində iştirakını gözləyir. Bu təlimlər kiçik seriyalarda milli və silahlı müdafiə planlarının elementlərini tətbiq edəcək.
Gülşən Şərif