• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanda qaz limiti bu halda ləğv oluna bilər - MÜSAHİBƏ

MÜSAHİBƏ

09 Yanvar 2024 | 09:36

Azərbaycanda qaz limiti bu halda ləğv oluna bilər - MÜSAHİBƏ

Bu il iqtisadiyyat üçün bir nömrəli risk geosiyasət olacaq.

Bu barədə fransız müəlliflər Mari Şarel və Beatris Madelinin təhlilində qeyd olunub. 

Təhlildə bu il aparıcı ölkələrdə keçirləcək seçkilərin də dünya iqtisadiyyatı üçün müəyyən risklər yaradacığını iddia edirlər. 

Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban Bakıvaxtı.az-a müsahibəsində bizi gözləyən iqtisadi risklərdən danışıb.

- İlham bəy, 2024-cü ildə dünya, eləcə Azərbaycan iqtisadiyyatını hansı risklər gözləyir?

- İndi dünya son 70 ildə qarşılaşmadığı hərbi-siyasi gərginliklərlə üzləşib. Fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, məlum gərginlik Avropa məkanında coğrafı və iqtisadi baxımdan ən böyük tərəfdaşlar olan ölkələr arasında yaşanır. 45 gündən sonra Rusiya-Ukrayna müharibəsinin iki ili tamam olacaq. Bu savaş qısamüddətli hərbi toqquşma kimi ütün proqnozlaşdırılırdı. Amma proseslər əksini sübut etdi. Ən məşhur beyin mərkəzləri və siyasi təhlilçilərin proqnozları özünü doğrultmadı. Əksinə proses daha da uzandı.

- Bunun nəticəsində dünyada nələr baş verdi?

- Birincisi deyim ki, təqribən son 50 ildə ticari zəncirlər yaradılmışdı. Biri alır, biri satır, digəri də tranzit ölkə rolunda çıxş edirdi. Bu sistem oturuşmuşdu. İndi zəncir qırılır, əvəzinə yenisi axtarılır və yaradılır. Bunun üçün ən azından 5-10 ilə qədər zaman lazımdır ki, yeni sistem oturuşsun.

İkincisi, ötən il Avropa məkanı enerji daşıyıclarının artımına görə, 600 milyard avro əlavə xərc çəkməli oldu. O 600 milyardı ev təsərrüfatalarından tutmuş, hökumətlərə, dövlətlərə və birbaşa şirkətlərə ödəyirdilər. 600 milyard az vəsait deyil. Həmin pulları iqtisadiyyatın digər sektorlarına yatıra bilərdilər. Bu da əlavə dəyər yaradardı.

Rusiya-Ukrayna müharibəsinə görə 1 il ərzində 11 milyona yaxın insan qaçqın və məsburi köçkün vəziyyətinə düşdü. Onun 9,5 milyonu Avropa və Amerikadadır. Onların da saxlanma xərcləri var. 12 milyard da buna xərclədilər.

- Qərb şirkətləri də Rusiya bazarlarını tərk etdi, bu da mənfəət itkisidir...

- Bəli, müharibəyə qədər Qərb şirkətləri Rusiyada biznes fəaliyyəti ilə məşğul idilər və kifayət qədər böyük bir bazar vardı. Belarus və Rusiya bazarlarındakı istehlakçı sayı 155 milyondan çox idi. Bu, dünya bazarı üçün çox böyük bir rəqəmdir. Qərb şiktələri məhsullarını satıb qazanırdılar. Hazırda Rusiya ilə ticarət əlaqəsi olan Qərb şirkətlərinin gəlirləri 30 faiz azalıb. Bazarda enerji daşıyıclarının qiyməti yüskəkdirsə, hökumətlər əvvəlki kimi biznes sektor və istehlakçılara dəstək verə bilmirlərsə, onların gəliri azalırsa, şirətlərin də gəliri azalırsa, belə olan halda bazarda qalmaq üçün qiymət artımına gedilir. Qiymət də bahalaşdıqca, məhsulun alıcılıq qabiliyyəti zəifləyir.

- Fələstin-İsrail savaşının dünya iqtisadiyyatına mənfi təsirləri nələr ola bilər?

- Oktyabrın 7-də Fələstin-İsrail müharibəsi başladı. İddia edirdilər ki, bu toqquşma qısa zamanda başa çatacaq. Ancaq indi bəyan edirlər ki, qarşıdurma 6 ay da uzana bilər. Biz şahidi olduq ki, İsrailin valyuta ehtiyatı, iqtisadi imkanları uzumüddətli müharibə aparmaq üçün yetərli deyil. Ötən ilin sonunda Husilərin Qırmızı dənizdə törətdikləri silahlı hücumlar nəticəsində quru yüklərin Afrikanın cənubundan dolayı yolla Avropaya getməsi və əks istiqamətdə hərəkəti gündəmə gəldi. O cümlədən bp və başqa 9 şirkət öz neft tankerlərini həmin marşrutla göndərməyə məcbur oldu. Bu, əlavə 9 min deməkdir. Yüklər Suveyş kanalını bir günə keçirdisə, indi 9 gün əlavə yol gəlir ki, Afrikanı dolansın. Bu da xərcləri artırır. Bu da ümumilikdə iqtisadiyyata mənfi təsir göstərir. İqtisadiyyat stabillik sevir. Ancaq görürük ki, stabilliyin bərpası xeyli zaman alacaq. Bu da sadəcə müharibələrə bağlı deyil.

- Başqa hansı səbəblərlə bağlıdır?

- İkinci dünya müharibəsindən sonra, 1970-ci illərə qədər formalaşmış bir təhlükəsizlik sistemi vardı. O sistemdə “qırmızı xətlər” də mövcud idi. Burada hərbi, siyasi və iqtisadi cizgilər aydın idi. XX əsrin sonunda dünya ölkələri arasında əlaqələrin mülayimləşməsi və ölkələrin bir-birinə güvəni formalaşmışdı. Ancaq 2019 və 2020-ci ildə pandemiyadan sonra baş verənlər tamam baqşa bir mənzərəni ortaya çıxardı. 1980-ci ildə Amerikanın dünya iqtisadiyyatında payı 24-25 faiz idisə, (hətta bir dəfə 28 faizə də qalıxb) indi bu ölkənin dünya iqtisadiyaytında xüsusi çəkisi 17-18 faizdir. Rəqəmlər getdikcə aşağı düşür. Digər tərəfdən insanlarda və cəmiyyətlərdə keyfiyyət dəyişikliyi baş verib.

- Dəyişikliyin istiqamətlərini daha aydın, detallı izah edərdiniz...

- Yəni indiki insanların baxışları arasında xeyli dəyişiklik baş verib. İndinin insanı daha çox istehlak, əyləncə, öncə dövlət deyil, öncə “mən” təfəkkürü ilə yaşayır. Mənim yaşayışım, yeyib-içməyim, mənim azadlığım, mənin xoşbəxtliyim barədə düşünür. O düşünür ki, özü xoşbəxtdirsə, dövlət də xoşbəxtdir. Yox o xoşbəxt deyilsə, bu, hökumətin günahıdır və onun xoşbəxtliyini təmin etməlidir. Sözügedən yanaşma təkcə Amerika və Avropada deyil, resurs ölkələrinin çoxunda dominantlıq təşkil edir. Yeni texnolgiyalar da cəmiyyətləri bu istiqamətə aparır. Belə olan tərzdə nə yaranır? İndi Avropa Amerikanın sözü ilə oturub-durmaq istəmir. Rusiya-Ukrayna müharibəsi başlayan gündən fikrim odur ki, bu müharibənin hədəfi nə Rusiyanın məğlub edilməsi, nə də Ukraynanın Qərbin çətiri altına daxil edilməsidir.

- Bəs hədəf nədir?

- Müharibənin məqsədi Avropanı cəzalandırmaqdır. Bu, Amerikanın gözəgörünməz diplomatiyasının apardığı siyasətdir. Avropa tez-tez bəyan edirdi ki, 1990-cı illərdən, SSRİ-nin süqutundan sonra “qırmızı terror” və ideoloji mərkəz yoxdur. Onda biz NATO-ya niyə pul verməliyik?! 1999-cu ildə bu ideyanı ortaya atdılar və 2000-ci ildə Avroməkanı yaratdılar. Amerika da deyirdi ki, təhlükəsizlik üçün pul verməlisiniz. Bəzi ölkələr Amerikdan uzaqlaşdılar. İndi Amerika sübut etmək istəyir ki, təhlükəsizliyiniz təhdid altındadır.

- Bilirik ki, Çin dünya iqtisadiyyatının intonasiyasını dəyişə biləcək iqtisadi qüdrəti olan ölkədir. Məlum proseslərdə Çinin mövqeyini necə dəyərləndirirsiniz?

- Çin bəyan etdi ki, onun üçün siyasətin əhəmiyyəti yoxdur. Onun üçün əsas ticarətdir və o öz ərazisində hegemondur. Heş kəs Çinin daxilindəki işlərə qarışa bilməz. Hindistan, Pakistan, Yaponiya, Cənubi Koreya, Şimali Koreya ciddi hərbi qüdrəti olan ölkələrə çevrildilər. O ölkələr “Soyuq müharibə” illərində ona görə yaradılmışdı ki, Çini buxovlasınlar. Çinin bu cür varlanmasını heş kəs gözləmirdi. 3 trilyon vəsaitləri var. Rusiya prezidenti Vladimir Putin 2007-ci ildə Münhen Təhlükəsizlik konfransında çıxış edərək bildirmişdi ki, yeni bir təhlükəsizlik sistemi lazımdır. Amma onlar Putinin sözlərinə inanmadılar. Üstdən aşağı intonasiya ilə yanaşdılar. O da deyirdi ki, mən SSRİ-nin varisiyəm. Onlar da cavab verdilər ki, indi o dövlət yoxdur. İndi “format necə olacaq? Razılıq necə əldə olunacaq? BMT-nin rolu necə olacaq?” kimi sualların cavabı açıq qalır. Bu, zamanla bağlı məsələdir. Bu mənada dünya bazarlarında təlatüm yaşanır. Qiymətlər gah qalxır, gah da düşür. Ortada real sabitlik yoxdur.

- Qlobal problemlərin Azərbaycana təsirləri nə qədərdir və bu kürəsəl gərginliklər içərisində Azərbaycan öz iqtisadiyyatını risklərdən necə qorumalıdır?

- 2020-ci ildən başlayaraq, dünya təlatüm ilinə daxil olanda biz 2020, 2021, 2022, 2023-cü illərdə mənəvi, siyasi, ruhi istiqmətlərdə qazanc əldə etmişik. Ərazi bütövlüyümüzü təmin etmişik, 5 min insanı öz evinə, yurduna köçürmüşük, Şərqi Zəngəzur və Qarabağın yaşıl enerji potensilından istifadə etməyə başlamışıq. Orada il ərzində 9 elektrik stansiyasi və Su Elektrik Stansiyası istifadəyə verilib. Qarşıda çox böyük planlarımız var. Ancaq gəlirlərimiz baxımından vəziyyət ürəkaçan deyil.

- Niyə?

- Çünki neftin hasilatı azalır. 2020-2024-cü ilin nəticələrini götürsək, 5 milyon tondan çox neftin azalmasını qeyd edə bilərik. 2010 və 2023-cü ili götürsək, 13 ildə 20 milyon tondan artıq hasilatı azalıb.

- Bəs növbəti 15 il üçün proseslər necə olacaq?

- 2039-2040-cı illərə qədər Azərbaycanın neft hasilatı ən azı 2 dəfə azalacaq. Belə olan şəraitdə qaz nefti əvəz edə bilmir. Çünki qaz bir neçə amildən asılıdır. Neftin maya dəyəri12-14 dollar arasındadır, lakin onu 70-80 dollara satırıq. Neftin nəqli isə Sanqaçaldan Ceyhana qədər bareli cəmi 4 dollardır. Ancaq təsəvvür edin ki, qazı 300 dollara satırıqsa, onun maya dəyəri 100 dolardı, 50 dollar da daşınma xərcidir.

- Qazın maya dəyəri niyə çoxdur?

- Ona görə ki, nefti 3 min 200 metrdən, qazı isə “Şahdəniz”dən 6,8, 7 km, “Abşeron”dan isə 7 min 100 və ya 7 min 300 m dərinlikdən çıxarırıq. Hər 100 metr aşağı düşəndə təzyiq artır. Qurğular təzyiqə davamlı olmalıdır. Bunun üçün xərclər çəkilməlidir. Yəni xərclər artır, qiymətlər bahalaşır. Vaxtı ilə, 2011-ci ildə neftdən gələn mənfəət 20 milyard idi. 2022-ci ildə Azəri-Çıraq-Günəşlidən 9,98 milyard gəlirimiz oldu. Bu il isə 6,8 milyarda düşdü. 1 ilə 3,1 milyard azaldı. Gəlirimiz 30 faiz aşağı düşdü. Hökumət proqnoz edib ki, gələn il üçün hasilat 1 milyon azalacaq.

- Yəni gəlirimiz yenə aşağı düşəcəck...

- Əlbəttə, qiymətlər indiki səviyyədə olsa belə, gəlirimiz 6,8 deyil, 5,5 milyard olacaq. Çünki real xərclərimizi də bilmirirk. Ancaq qazdan gələn gəlir neftlə müqayisədə iki dəfə azdır. Digər tərəfədn “Azneft”in hasil etdiyi neft bizim emal müəssisəsində emal edilir. Bu, ölkəmiz və ixrac üçün yetərlidir. Ancaq “Azneft”in istehsal etdiyi qaz, Azərbaycanın istehlak etdiyi qazın cəmi 43,44 faizinə yetərlidir. Yerdə qalan qazı xarici ölkələrdən və şikətlərdən alırıq. 2023-cü ildə iki ölkədən qaz idxal etmişik və bizə xeyli endirim ediblər. Ancaq yenə də təqribən 2,5 kubmetr qaz idxal etmişik. Bu da əlavə xərcdir. Bu pulu haradan veririk? Qazın mənfəətindən. “Şahdəniz”dən öz daxili bazarımız üçünn ildə 4 milyard kub qaz alırıq. 13,5, 14 milyard arasında qaz istehlak edirik. “Azneft” 6 milyard qaz çıxarır. 2 milyardını Azəri-Çıraq-Günəşlidən, 4 milyardını “Şahdəniz”dən, 2 milyardını da xarici bazardan alırıq.

- Amma hökuməıt ildən-ilə qaz hasilatının artdığını anons edir...

- Bəli, hökümətimiz bunu edir. İnsanlar da düşünür ki, qaz artırsa, Avropa və regiona ixrac artırsa, niyə ölkədə qaz limiti aradan götürülümür? Nədənsə hökumət də açıb-ağartmır ki, bax mən bu qədər qazı xarici ölkə və şirkətdən alıram. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) hesabatına baxsaq, görərik ki, qazın maya dəyəri 165 manatdır. Ancaq əsas hissəsini 120 manatdan satırlar. Ona görə 200 və 250-lik tariflər də var ki, onu kompensasiya edir.

- Belə çıxır ki, Azərbaycanda qaza qoyulan limiti aradan qaldırmaq hələ uzun illər, mümkün olmayacaq?

- Əgər “Azneft” öz yataqlarından 15 milyard kub qaz çıxarsaydı, “Şahdəniz” və “Abşeron”dan çıxan qaz sırf mənfəət kimi gələrsə, onda bunu etmək olardı. Amma indiki halda mümkün deyil. Bu məna da qaz limitinin aradan qaldırılması müşkül görünür.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

26 Iyul 2024