• Bakı 25° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Bakı Kristal Zalında idman olimpiadasının açılışı oldu

CƏMİYYƏT

20 Iyun 2026 | 20:53

Bakı Kristal Zalında idman olimpiadasının açılışı oldu

İyunun 20-də Bakı Kristal Zalında ölkədə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış tədbirində çıxış edənlər olimpiadanın məktəblilər arasında idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Bildirilib ki, olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir. Yarışlara qatılan məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.

Məktəblilər iyunun 21-dən 26-dək ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.

Rəsmi açılış mərasiminin bədii hissəsində konsert proqramı təqdim olunub, həmçinin olimpiadanın himni səsləndirilib.

Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə həyata keçirilir. Layihə məktəblilər arasında respublika səviyyəsində keçirilən ilk genişmiqyaslı idman tədbiri kimi qiymətləndirilir.

Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, gənclərin fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı idmançıları aşkara çıxarmaq və onların gələcək inkişafına dəstək verməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR