İtaliya Prezidenti Sercio MattarellanınAzərbaycana rəsmi səfəri Cənubi Qafqazla Avropanın ən mühüm dövlətlərindən biri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.
Bu səfər təkcə ikitərəfli siyasi əlaqələrin möhkəmlənməsi deyil, həm də enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və humanitar münasibətlər baxımından əhəmiyyətli mərhələdir.
Azərbaycan və İtaliya münasibətlərinin təməli hələ ölkəmizin müstəqilliyinin ilk illərində qoyulub. İtaliya Azərbaycanın suverenliyini tanıyan, Bakıda səfirlik açan ilk Avropa ölkələrindəndir. Sonrakı dövrdə qarşılıqlı səfərlər və çoxşaxəli əməkdaşlıq əlaqələrin etibarlı şəkildə möhkəmlənməsinə gətirib çıxarıb.
Enerji sferası bu tərəfdaşlığın aparıcı istiqamətidir. Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə Azərbaycan qazının İtaliyaya və Avropa bazarına çatdırılması təkcə iqtisadi layihə deyil, həm də strateji təhlükəsizlik elementidir. Qlobal enerji böhranlarının yaşandığı indiki şəraitdə bu əməkdaşlıq Avropanın alternativ təchizat mənbələrinə çıxışını təmin etməklə yanaşı, Azərbaycan-İtaliya münasibətlərinə xüsusi strateji dəyər qazandırır.
Eyni zamanda, iqtisadi-ticari əlaqələr də sürətlə genişlənir. Son illərdə ikitərəfli ticarət dövriyyəsinin artması, qeyri-neft sektorunda - kənd təsərrüfatı, tikinti, mədəniyyət və təhsil sahələrində yeni layihələrin gerçəkləşməsi münasibətlərin çoxölçülü xarakter aldığını göstərir.
Prezident Sercio Mattarellanın Bakıya ikinci səfəri yalnız keçmiş uğurları nəzərdən keçirmək üçün deyil, həm də yeni əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək baxımından mühüm hadisədir. Bu səfər Azərbaycan və İtaliya arasında uzunmüddətli strateji tərəfdaşlığın daha da dərinləşəcəyinə və gələcəkdə hər iki ölkənin maraqlarına xidmət edəcək yeni təşəbbüslərin reallaşacağına işarədir.
Züriyə Qarayeva