Mart ayının 11-dən Azərbaycanda Ramazan ayı başlayıb. Aprelin 10-11-i dövlət səviyyəsində Ramazan bayramı qeyd olunacaq.
Bəs bayram namazı nə vaxt qılınacaq?
Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi, bəzi məscidlərimizdə bayram namazları səhər saat 8-də, bəzilərində isə saat 9-da qılınacaq:
“Hər bir məscidin imamı, məscid rəhbərliyi namazın vaxtını öz camaatına uyğun qərarlaşdıra bilər. Yəni yarım saat, bir saat tez və ya gec edə bilərlər. Çünki onlar məscidə gələn əhalinin vəziyyətini dəqiq bilirlər, ona uyğun namaz vaxtlarını tənzimləyə bilərlər”.
“Bizim üfüqümüzə uyğun olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Rəsədxanasına göndərdiyi sorğunun cavabına əsasən, Azərbaycanda Ramazan ayı martın 11-də daxil olub, aprel ayının 10-u isə bayram günüdür. Dövlət səviyyəsində aprelin 10-11-i bayram günü qeyd ediləcək”, - deyə sədr müavini əlavə edib.
Aytac Aslan