Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Serbiya prezidentləri İlham Əliyevlə Aleksandar Vuçiç arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclası keçirilib. Tərəflər siyasi, enerji, iqtisadiyyat, investisiya, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalayıblar.
Görüş həm təkbətək, həm də geniş heyət formatında baş tutub. Dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlığın artıq sistemli və davamlı mexanizm üzərində qurulacağını bildiriblər. İmzalanan sənədlər münasibətlərin daha strukturlaşdırılmış və uzunmüddətli əsasda inkişafına yönəlib.
Tərəflər regional təhlükəsizlik məsələlərində ortaq mövqeləri də vurğulayıblar. Bundan əlavə, iqtisadi və enerji əməkdaşlığının dərinləşdirilməsi, birbaşa nəqliyyat əlaqələrinin genişləndirilməsi və investisiya layihələrinin artırılması ilə bağlı razılaşmalar əldə olunub.
Belqradda keçirilən bu iclas Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində institusional çərçivəyə keçdiyini təsdiqləyir.
Bəs Azərbaycan-Serbiya əməkdaşlığının institusional müstəviyə keçməsi regionda geosiyasi balansı dəyişə, yeni tərəfdaşlıq formatlarının formalaşmasına yol aça bilərmi?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin Serbiyaya rəsmi səfəri çərçivəsində keçirilən ikitərəfli və geniş tərkibli görüşlər, eləcə də imzalanan sənədlər Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Nəzərə alsaq ki, son illər iki ölkə arasında əlaqələr intensiv şəkildə genişlənir və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, bu səfər həmin xəttin davamı kimi qiymətləndirilə bilər.
Politoloqun sözlərinə görə, dünən imzalanan sənədlər müxtəlif sahələri əhatə edir. O, Azərbaycan və Serbiya arasında əməkdaşlığın çoxşaxəli olduğunu deyib. Xüsusilə qeyd etmək lazımdır ki, Avropanın ondan artıq ölkəsi kimi Serbiya da Azərbaycanın enerji resurslarına ehtiyac duyur və bu istiqamətdə əməkdaşlıq prioritet mövqe tutur:
"Serbiya ilə münasibətlərin inkişafı Azərbaycanın Orta Avropa və Balkanlarda mövqeyinin güclənməsi deməkdir. Eyni zamanda bu əməkdaşlıq Slavyan dünyasında da Azərbaycanın mövqeyini möhkəmləndirir. Serbiya yerləşdiyi coğrafi mövqeyə və Avropadakı roluna görə mühüm ölkədir. Münasibətlərin genişlənməsi hər iki tərəfin maraqlarına xidmət edir".

Oqtay Qasımov: Bu əməkdaşlıq bölgədə hər hansı geosiyasi balansın dəyişməsi anlamına gəlmir
Müsahibimiz bildirib ki, Azərbaycan Serbiyada yeni istilik və elektrik stansiyalarına investisiya yatırmağı planlaşdırır. Bu isə Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də investor dövlət kimi rolunun artdığını göstərir. Bu razılaşmalar Azərbaycanın Avropa bazarında və ümumilikdə Avropa qitəsində mövqeyinin güclənməsi kimi dəyərləndirilə bilər:
"Serbiyadan əlavə, Azərbaycanın ondan artıq Avropa ölkəsi ilə həm strateji tərəfdaşlıq, həm də enerji sahəsində ciddi əməkdaşlığı mövcuddur. Serbiya ilə münasibətlərin inkişafı eyni zamanda bu ölkənin enerji təhlükəsizliyi üçün mühüm təminatdır.
Bu əməkdaşlıq bölgədə hər hansı geosiyasi balansın dəyişməsi anlamına gəlmir. Bu, tərəflərin qarşılıqlı maraqlarına uyğun şəkildə formalaşan münasibətlərdir və hər iki ölkə bu əməkdaşlıqdan fayda götürməyə çalışır".
Onun sözlərinə görə, Serbiya ilə əlaqələrin güclənməsi Azərbaycanın maraqlarına tam cavab verir. Qarşılıqlı investisiyalar və müxtəlif istiqamətlərdə əməkdaşlıq gələcəkdə ticarət dövriyyəsinin artmasına, eləcə də qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradacaq:
"Nəticə etibarilə, Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə inkişafı hər iki tərəfin maraqlarına uyğundur və hansısa böyük geosiyasi dəyişiklik deyil, tərəflərin yerləşdiyi coğrafiyada mövqelərini gücləndirən əməkdaşlıq modelidir".
Zeynəb Rzayeva
Bakı 




