• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bir binada 3 intihar: Yeniyetmələr canına niyə qıyır?

CƏMİYYƏT

05 Sentyabr 2023 | 12:52 | Müəllif: Qalib İbrahimoğlu

Bir binada 3 intihar: Yeniyetmələr canına niyə qıyır?

Xəbər verdiyimiz kimi, Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qız intihar edib.

Bakıvaxtı.az xatırladır ki, avqustun 24-də 2008-ci il təvəllüdlü Omid Şəbnəm Abdullah qızı Xırdalanda özünü binadan ataraq intihar edib. Sakinlər bildiriblər ki, Şəbnəm bir müddət əvvəl həmin binadan özünü ataraq intihar edən qızın rəfiqəsi olub. Eyni binada iki rəfiqənin intiharından sonra 31 avqust tarixində həmin binanınn yaxınlığında yerləşən binada daha bir intihar hadisəsi baş verib. Bu dəfə 15 yaşlı qızın intiharı ciddi narahatlığa səbəb olub.

Qeyd edək ki, sosial şəbəkələrdə qızların eni geyimdə olduğu deyilir. Əlavə olaraq, eyni binada intihar etmələri də insanları təşvişə salıb.

Günay Kərimi: Çarəsizlik, qorxular onların intihar haqda düşünmələrinə səbəb olur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Günay Kərimi bildirib ki, bir çox faktorlar insanları intihar etməyə məcbur edir: “Burda psixoloji faktorların böyük rolu var. Çarəsizlik, ümidsizlik hissi, qorxular onların intihar haqda düşünmələrinə səbəb olur. Eləcə də, depressiyalar buna səbəb ola bilir”.

Onun sözlərinə görə, əfsuslar olsun ki, son vaxtlar yeniyetmələr arasında intihar halları çoxalıb. Psixoloq qeyd edib ki, uşaq və yeniyetmələrə psixoloji təsir etmək çox asandır. Çünki onlar hələ həyatı yeni dərk edir, cəmiyyətə o yaşlarda atılırlar. G.Kərimi bildirib ki, əvvəlcə evdə, sonra isə məktəbdə onlarla ünsiyyət qurmaq çox vacibdir. Xüsusilə valideynlər daim övladlarını nəzarətdə saxlamalı, dostlarını tanımalı, düşdükləri qruplaşmaları bilməlidirlər. Hər addımdan xəbərdar olmalıdırlar ki, yanlış edəndə görə bilsinlər.

“Övladımızla əsl dost, sirdaş olmağı bacarmalıyıq. Heç nə onların canından vacib deyil”, - deyə Günay Kərimi əlavə edib.

Elmir Əkbər: Onları bu vəziyyətə gətirən xəstəliyin bir adı var: cəhalət və nadanlıq

Psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər gün belə yeniyetmə və gəncləri konsultasiya edir: “Onların ruh halından xəbərim var. Onları bu vəziyyətə gətirən xəstəliyin bir adı var: cəhalət və nadanlıq. Hər dəfə deyəndə ki, övladlarınızı ən azından proflaktik məqsədlə psixoloqa gətirin, valideynlər cırnayırlar ki, əşşi, bizim vaxtımızda psixoloq var idi?! Nəticə də budur. Axı, sizin vaxtınızda intiharlar da yox idi. Niyə böyüklər anlamaq istəmirlər ki, zəmanə, dövran dəyişib?! Axı, sizin vaxtınızda TikTok, İnstaqram, Feysbuk yox idi. Nənə-babanız İnstaqram işlədib ki, siz indi işlədirsiz?! Böyüklər özlərinə sərf edəndə müasir olurlar, inkişafa gələndə isə ancaq öz vaxtlarından danışırlar. Birdəfəlik bilməlidirlər ki, hər şey dəyişib”.

Psioxloq qeyd edib ki, Avropa dəyişdiyi üçün psixoloq və psixoterapevtlərə ehtiyac yarandığı kimi indi də Azərbaycanda ehtiyac var: “Əgər o yeniyetmələrin valideynləri vaxtında 1-2 seans psixoloji dəyərləndirməyə aparsa idi, bu nəticə olmazdı. Burda başqa heç nə axtarmağın mənası yoxdur. Yalandan Don Kixotluq eləməsinlər. Boş yerə Şerlok Holms nağılları uydurmağa ehtiyac yoxdur. Biz gündə neçə nəfər belə yeniyetmə ilə konsultasiya edirik, sadəcə peşə məxfiliyi olduğundan bölüşə bilmirik. İndiki uşaqlar belədir, onlara psixoterapevt dəstəyi lazımdır. O qədər olur ki, intihar cəhdlərindən sonra gətirirlər. Allaha min şükür heç də bütün cəhdlər “uğurla” sonlanmır”.

E.Əkbərə görə, səbəb cəmiyyətin psixologiya elminə belə soyuq və cahil yanaşmasıdır: “Çox heyf ki, 2006-cı ildə ovaxtki səhiyyə naziri həkim psixoterapevt ixtisasını ixtisar etdi. Halbuki bu gün nə qədər ehtiyac var. Falçı, cadugər yanına gedəndə utanmırlar, çəkinmirlər, amma psixoloq adı gələndə qəribə gəlir. Biz demirik ki, onları aparın ağır ruhi xəstaxanalara qoyun, sivil dünyada olduğu kimi kabinetlərdə konsultasiya keçirilsin. Vaxtında biganə yanaşmasalar, bu hallar olmaz. Düşünək ki, hələ nə qədər ictimaiyyətə açıqlanmayan hadisələr var”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026