• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Buraxılış imtahanlarının ürəkaçan nəticələri: Təhsilin inkişafı, yoxsa asan suallar?!

CƏMİYYƏT

17 Aprel 2024 | 09:06

Buraxılış imtahanlarının ürəkaçan nəticələri: Təhsilin inkişafı, yoxsa asan suallar?!

Xəbər verdiyimiz kimi, martın 10-da keçirilən buraxılış imtahanlarının nəticələri dünən elan olunub. Nəticələrə əsasən, Azərbaycan tarixində rekord həddə -39 şagirdin maksimal -300 bal topladığı açıqlanıb.

Bəziləri builki buraxılış imtahan suallarının asan olduğunu deyir, əksəriyyət isə bunu təhsilin inkişafı ilə əlaqələndirir.

Təhsil eksperti Elmin Nuri isə hesab edir ki, bunu qətiyyən təhsilin inkişafı kimi dəyərləndirmək olmaz və bu, düzgün də deyil.

Onun Bakıvaxtı.az-a dediyinə görə, necə olur ki, ötən il buraxılış imtahanlarından bir nəfər də olsun 300 bal yığa bilmədi, amma bu il artıq 53 nəfər bu nəticəni qazanıb? Ekspertə görə, burada yeganə məsələ Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan sualların və qəbul proqramının orta ümumtəhsil məktəbləri üçün tətbiq olunan tədris proqramı ilə uyğunluq təşkil etməsidir:

“Bu, bina olaraq deyil, struktur olaraq məktəb proqramı ilə qəbul sualları arasındakı “Çin səddi”nin tam olmasa da, xeyli dərəcədə aradan götürülməsidir. Bəzi ekspertlər də bu məsələyə diqqət çəkiblər. Bu faktı əsas detal kimi önə çəkiblər”.

E.Nuri təəssüflə qeyd edib ki, bu məsələ ilə bağlı ölkədəmizdə uzun illər ikitirəlik hökm sürüb:

“DİM imtahanın təşkilinə cavabdeh olan və imtahan prosesini təşkil edən qurum olmaqla yanaşı, həm də sualların hazırlanması, o suallar üzrə qəbul proqramının ərsəyə gətirilməsi, həmin qəbul proqramına hazırlıqla bağlı xüsusi vəsaitlərin buraxılması işləri ilə də məşğul olub. Bu da abituriyentlər arasında müəyyən çaşqınlığa səbəb olub və onları iki proqram üzrə hazırlığa sövq edib. Təsəvvür edin, şagirdlər 11 il ərzində orta məktəblər üçün hazırlan tədris proqramı əsnasında təhsil alıblar. Onların bilik dərəcəsi o proqram əsnasında formalaşıb. 11-ci sinfə çatar-çatmaz tamam fərqli proqram əsnasında imtahan veriblər. Doğrudur, DİM-in sualları orta məktəbin tədris proqramına uyğun gəlir, bu, öz yerində, amma onların yanaşması, sualların tipi, forması, məntiqi əlaqələndirmə xətti orta məktəbin tədris proqramından xeyli fərqlənirdi. Nəticədə məktəb və müəllim amili sıradan çıxmışdı. DİM-in qəbul proqramı və o proqramın tədrisi ilə məşğul olan repetitorlar ön cərgəyə çıxmışdılar. Repetitorluq institutunu irəli aparan, məktəbi isə bir struktur olaraq, gözdən salan məhz bu amil oldu. Bu il nə yaxşı ki, bu “Çin səddi” aradan götürüldü. Artıq şagird öz biliyini məktəbdəki proqrama uyğun olaraq, sınamağa çalışdı. Biz bunu təhsilin inkişafı kimi göstərə bilmərik”.

Elmin Nuri: Bu məsələ ilə bağlı ölkədəmizdə uzun illər ikitirəlik hökm sürüb

“Bu, DİM-in reputasiya qazanmaq fəndidirmi” sualına gəlincə, ekspert diqqətə çatdırıb ki, bu suala indi deyil, gələn il cavab vermək olar. Onun dediyinə görə, növbəti il də proseslər indiki kimi davam etsə, onda həqiqətən də, vəziyyətin düzəldiyini iddia edə bilərik:

“Yox, bu illə kifayətlənsə, gələn il də ötən il və ondan əvvəlki illərin təkrarı yaşansa, onda bunu başqa formada təhlil etməliyik. 300 bal toğlayan 53 şagirddən 15-20-si , bəlkə də, daha çoxu 700 bal toplaya bilər. Bu da rekord nəticə olacaq. Heç zaman bir ildə 20-yə yaxın şagird 700 bal toplamayıb”.

Müsahibimiz hesab edir ki, təhsilin inkişafından danışmaq hələ tezdir:

“Bunu DİM-in reputasiya qazanmaq fəndi kimi göstərmək də tezdir. Bu, DİM-lə Elm və Təhsil Nazirliyi arasındakı müəyyən narazılıqların aradan götürülməsi və qəbul proqramı ilə məktəb proqramı arasında doğmalığın nisbətən artırılmasıdır”.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Aprel 2024