• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Cenevrədə Qadın Parlament Sədrlərinin Sammiti keçirilib, Milli Məclisin sədri çıxış edib

SİYASƏT

28 Iyul 2025 | 16:21

Cenevrədə Qadın Parlament Sədrlərinin Sammiti keçirilib, Milli Məclisin sədri çıxış edib

Bu gün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Sammiti keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

    29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova hazırda dünyanın bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssas vəziyyətdə olduqlarını söyləyib.

    Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeyd edən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı, təkcə bu ərazilərin tamamilə məhv edilməsi ilə deyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitar böhranla nəticələnib. Təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların 52 faizini qızlar və qadınlar təşkil edib. Bu qadınlar evlərini, ailələrini və təhlükəsizliklərini itirdilər.

    Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini qabaqlayaraq, qadınlara səsvermə hüququ verən ölkə olduğunu deyən Sahibə Qafarova ölkəmizin qadınların hüquqlarının və onların ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməyinə sadiq olduğunu söyləyib. Qeyd olunub ki, bu mənada, keçmiş məcburi köçkün və qaçqın qadınlar da istisna deyil.

    Milli Məclisin sədri deyib ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması ilə bağlı tədbirləri uğurla həyata keçirir. Bu gün bu ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Qadınlar isə sosial-iqtisadi infrastrukturun yaradılmasında, təhsil və tibb müəssisələrinin fəaliyyətində, davamlı inkişaf, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası təşəbbüslərinin həyata keçirilməsində fəal rol oynayırlar.

    Sahibə Qafarova, vurğulayıb ki, Ermənistan tərəfindən basdırılan 1,5 milyon mina hələ də görülən işlərə əsas maneə olaraq qalır.

    Sahibə Qafarova qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, qadınların iştirakı olmadan dayanıqlı dünya qurmaq mümkün deyil.


    SON XƏBƏRLƏR