• Bakı 23° C

    9.54 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

İranın Zəngəzur ritorikası: Taktiki təlaş, strateji tənəzzül

SİYASƏT

28 Iyul 2025 | 17:15

İranın Zəngəzur ritorikası: Taktiki təlaş, strateji tənəzzül

İran siyasi elitasının nümayəndələrindən olan Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi barədə yenidən iddialarla çıxış etməsi Tehranın regionda mövqeyini bərpa etmək cəhdlərinin tərkib hissəsidir.

Vilayəti dəhliz layihəsini yalnız iqtisadi və nəqliyyat layihəsi deyil, həm də regiona Qərbin,  xüsusilə NATO-nun nüfuzunun genişlənməsi kimi təqdim edir. Amma bu çıxış daha çox Moskvanın diqqətini çəkməyə və onun dəstəyini qazanmağa yönəlmiş texniki-diplomatik gedişdir.

Zəngəzur dəhlizinin gündəmdə olduğu son illərdə İranın arqumentləri əsasən iki tezis ətrafında cəmlənir: birincisi, dəhlizin bölgədə güc balansını pozacağı, ikincisi isə onun regionun “müqəddəs coğrafi bütövlüyünə” zidd olduğu iddiasıdır. Əslində isə Tehran bu layihədə iştirak etmədiyi üçün narahatdır və prosesdən kənarda qalmaq qorxusu ilə danışır. Vilayətinin “qırmızı xətt” açıqlamaları da bu psixoloji müdafiənin sözə çevrilmiş formasıdır.

Son dövrlərdə Azərbaycan, Türkiyə və Ermənistan arasında intensivləşən kommunikasiyaların açılması istiqamətində dialoq İranın oyun sahəsini daraldır. Tehran, bölgədə özünü həlledici aktor kimi saxlayacaq vasitəçilik imkanlarını itirdiyini anlayır. Bu səbəbdən də siyasi ritorikanı sərtləşdirərək, geosiyasi platformalarda yenidən yer qazanmağa çalışır. Vilayətinin bəyanatlarında Rusiya üçün mesajlar daha çox nəzərə çarpır: İran NATO-nun genişlənməsinə qarşı olduğunu bildirərək, Moskvaya “birlikdə mübarizə” təklif edir.

Digər mühüm amil isə İsraillə toqquşmalar və İran daxilindəki qeyri-sabitlikdir. Tehran bu zəifliyin regional imicinə mənfi təsir etdiyini hiss edir və bu imici kompensasiya etmək üçün xarici ritorikaya üstünlük verir. Ermənistanın Zəngəzur məsələsində Qərbə yaxınlaşması və Azərbaycanın Türkiyə ilə strateji sinxronluğu fonunda İran üçün yeganə çıxış yolu ya bu prosesləri ləngitmək, ya da alternativ təhlükə arqumentləri ilə onları yönləndirmək cəhdidir.

Görünən odur ki, Tehran artıq bu regionda oyun quran deyil, oyunçuların qərarlarına reaksiya verən bir aktora çevrilməkdədir. Vilayətinin ritorikası isə bu yeni reallığın fərqində olan, lakin onu dəyişməyə yetərli gücü olmayan bir siyasi xəttin təzahürüdür. Müvəqqəti ritorika ilə strateji zəiflik örtülə bilməz.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR