• Bakı 25° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Pxenyanın Kursk oyunu: Asiyadan Ukrayna cəbhəsinə əsgər axını

DÜNYA

28 Iyul 2025 | 17:31

Pxenyanın Kursk oyunu: Asiyadan Ukrayna cəbhəsinə əsgər axını

Ukraynada davam edən müharibə artıq təkcə Rusiya və Ukrayna arasında deyil, qlobal güc balansına təsir edən çoxölçülü qarşıdurmaya çevrilib.

Bakıvaxtı.az xəbər verir ki. son günlərdə Şimali Koreyanın minlərlə əsgərini Rusiyaya göndərməsi və Pxenyanın Moskvanı sursatla təchiz etməsi bu münaqişənin coğrafiyasını genişləndirən təhlükəli bir gedişdir. Bu addım həm regionda, həm də beynəlxalq arenada narahatlıq doğurur.

Politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a bu hadisənin geosiyasi və hüquqi nəticələrinə aydınlıq gətirilir.

Obub sözlərinə görə, Şimali Koreya minlərlə əsgərini Rusiyanın Kursk bölgəsinə yerləşdirib ki, bu da Pxenyanın Moskva ilə hərbi əməkdaşlığını açıq şəkildə nümayiş etdirir. Əsgərlərin birbaşa döyüşə daxil olub-olmadığı tam bəlli olmasa da, onların əsas funksiyası texniki, logistik və arxa cəbhə dəstəyi kimi qiymətləndirilir:

“Bu, Şimali Koreyanın yalnız silah və sursat ixrac etməklə kifayətlənmədiyini, eyni zamanda insan resursları ilə də Rusiyanı dəstəkləməyə başladığını göstərir. Pxenyan bu addımı ilə həm də Qərbə siyasi mesaj verməyə çalışır: “Biz yalnız regionda deyil, qlobal səviyyədə də müttəfiqik”.

Müsahibimiz bildirib ki, Şimali Koreyanın bu addımı BMT Təhlükəsizlik Şurasının sanksiyalarına ziddir. Həmin sanksiyalar Pxenyanın hərbi məhsul ixracını və digər ölkələrlə hərbi əməkdaşlığını qadağan edir. Eyni zamanda, bu müdaxilə Ukraynanın suverenliyinə qarşı birbaşa təhdiddir və beynəlxalq hüququn əsas prinsiplərini pozur. Əgər bu faktlar sübut olunarsa, Şimali Koreya beynəlxalq hüquqi məsuliyyətə cəlb oluna bilər və əlavə sanksiyalara məruz qala bilər.

Bunun Rusiya üçün əhəmiyyətinə gəlincə, Z.Qarayeva qeyd e edib ki, Rusiya üçün bu əməkdaşlıq həm praktik, həm də psixoloji baxımdan vacibdir. Dediyinə görə, Ukrayna ilə davam edən müharibədə Rusiya sursat və insan resursu çatışmazlığı yaşayır. Şimali Koreyanın texniki heyəti və artilleriya ehtiyatları Rusiyanın cəbhə gücünü bərpa etməyə imkan verə bilər. Eyni zamanda bu, Kreml üçün “izolyasiya olunmadıq” və “bizimlə əməkdaşlıq edənlər var” mesajını vermək vasitəsidir.

Züriyə Qarayeva: Şimali Koreyadan gələn sursat və əsgəri texniki heyət Rusiyanın cəbhədə manevr imkanlarını genişləndirə bilər

Politoloq onu da vurğulayıb ki, ən çox narahatlıq Cənubi Koreya və Yaponiyada müşahidə olunur. Pxenyanın bu addımı Koreya yarımadasında balanssızlıq və qeyri-müəyyənlik yaradır. Cənubi Koreya artıq bəyan edib ki, bu əməkdaşlıq regionda təhlükəsizlik mühitinə ciddi zərbə vurur və nəticədə öz müdafiə strategiyasını yenidən nəzərdən keçirə bilər. Yaponiya da bu dinamikanın öz milli təhlükəsizliyinə dolayısı ilə təsir edəcəyindən ehtiyatlanır.

 “Çin bu prosesdə hansı mövqedədir” sualına cavab verən həmsöhbətimiz bildirib ki,  Çin məsələyə hələlik rəsmi və açıq mövqe sərgiləməyib. Onun sözlərinə görə, lakin Pekin üçün bu əməkdaşlıq həm fürsət, həm də risk daşıyır:

“Bir tərəfdən, Çinin Rusiya ilə yaxınlaşması üçün bu əməkdaşlıq faydalı görünə bilər, digər tərəfdən isə Qərbin Çinə qarşı əlavə təzyiqlərini legitimləşdirə bilər. Çin ehtiyatlı diplomatiya yürüdərək həm Pxenyanla münasibətləri qorumağa, həm də beynəlxalq sanksiyalardan yayına biləcək mövqedə qalmağa çalışır”.

Bəs bu hadisə Rusiyanın Ukrayna cəbhəsində vəziyyətini dəyişə bilərmi?

Politoloqun fikrincə, qısa müddətdə müharibənin gedişatına radikal təsir göstərməsi ehtimalı azdır. Lakin Şimali Koreyadan gələn sursat və əsgəri texniki heyət Rusiyanın cəbhədə manevr imkanlarını genişləndirə bilər:

“Bu, xüsusilə cəbhəarxası mövqelərdə, infrastrukturun bərpasında və artilleriya əməliyyatlarında effektli ola bilər. Uzunmüddətli perspektivdə isə bu cür əməkdaşlıqlar Qərbin daha sərt reaksiyasına səbəb ola və yeni blok qarşıdurmalarına yol aça bilər”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

28 Iyul 2025