Əsası 1918-ci il mayın 28-də qoyulan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycan xalqı üçün deyil, bütün müsəlman Şərqi üçün mühüm tarixi hadisə idi.
Bu gün onun yaranmasının 107-ci ildönümünü qeyd edən Azərbaycan, tarixindən aldığı güclə, keçmişə dərin ehtiramla müasir və güclü dövlət kimi inkişafını davam etdirir. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm dövlət quruculuğu işlərinə imza ataraq, xalqın milli özünüdərkində silinməz izlər buraxdı. Müstəqillik ideyasını şüurlarda yaşadan bu irs, Azərbaycanın bu günkü siyasi, iqtisadi və hərbi gücünün bünövrəsini təşkil edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə düşdü. Qədim dövlətçilik ənənələrinə sahib olan xalqımız müxtəlif dövrlərdə böyük imperiyaların tərkibinə daxil olsa da, Cümhuriyyətin qurulması Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının təcəssümü idi. İstiqlal Bəyannaməsinin qəbul olunması ilə demokratik, hüquqi və milli dövlətin əsasları qoyuldu:
"Cümhuriyyət qısa müddət ərzində mühüm dövlətçilik addımları atdı – ilk parlament və hökumət formalaşdı, sərhədlər müəyyənləşdirildi, dövlət rəmzləri yaradıldı, Azərbaycan dili rəsmi status aldı, ordu quruculuğu aparıldı, maarif və mədəniyyət sahəsində ciddi islahatlar həyata keçirildi. İlk universitet təsis olundu və təhsil milliləşdirildi. Baxmayaraq ki, Cümhuriyyət cəmi 23 ay yaşadı, onun müstəqillik ideyası xalqımızın yaddaşında silinməz iz qoydu. Bu ideya illər sonra gerçəkləşərək müasir Azərbaycanın təməlini təşkil etdi. Milli Məclisin deputatı Vüqar Rəhimzadənin sözlərinə görə, Cümhuriyyətin irsinə sahib çıxmaq, onun adını yaşatmaq Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindəndir. 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağın rəsmi şəkildə qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu".
Vüqar Rəhimzadə: 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini dönməz və əbədi etdi
Həmsöhbətimiz vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini dönməz və əbədi etdi. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərqərar oldu, dövlətçiliyin təməli möhkəmləndi, Azərbaycan beynəlxalq arenada tanındı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafına yol açdı və Azərbaycanı etibarlı tərəfdaşa çevirdi. Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində ölkəmiz bütün sahələrdə – iqtisadi, siyasi, hərbi və sosial istiqamətlərdə böyük uğurlar qazanıb. 2020-ci il Vətən müharibəsində əldə olunan Qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, suverenlik tam təmin edildi:
"Son illərdə Müstəqillik Günlərinin işğaldan azad edilmiş ərazilərdə qeyd olunması artıq ənənəyə çevrilib. Ötən illərdə Zəngilan, Laçın və Xocalı şəhərlərində bu tarixi gün münasibətilə köç edən sakinlərə ev açarlarının təqdim olunması, əlamətdar tədbirlərin keçirilməsi dövlətin və Prezidentin bu ərazilərə verdiyi yüksək əhəmiyyətin göstəricisidir".
Parlamentarinin sözlərinə görə, bu il də Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyevin Laçın rayonuna səfəri zamanı bir sıra mühüm obyektlərin açılışı baş tutdu – tikiş və ayaqqabı fabrikləri, elektrik idarəetmə mərkəzi, su elektrik stansiyaları və istirahət kompleksi istifadəyə verildi. Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi və ilk xarici uçuş Pakistan baş nazirinin iştirakı ilə reallaşdı. Hava limanına beynəlxalq status verilməsi bu regionun strateji əhəmiyyətini bir daha göstərdi:
"Azərbaycan bu gün Xalq Cümhuriyyətinin varisi olaraq dünya miqyasında güclü və nüfuzlu dövlətə çevrilib. Qalib ölkə kimi sabaha doğru inamla addımlayır və müasir inkişaf mərhələsində yeni hədəflərini gerçəkləşdirməyə davam edir".
Əli Hüseynov