"Ermənistan bunun hesabatını verməlidir. Bu, erməni terrorunun növbəti hadisəsidir".
Bunu Bakıvaxtı.az-a hərbi ekspert Emin Həsənli Yevlaxda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kaset bomba qalığının partlaması nəticəsində bir nəfərin həlak olmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müharibə vaxtı zonadan kənar, mülki əhali yaşayan yerlər atəşə tutulmuş, raket zərbələri endirilmişdi: "Ermənistan müharibədən sonra baş verən bu kimi hadisələrin hesabatını verməlidir. O raketləri atanlar cavab verməlidir”.
Ekspert qeyd edib ki, müharibə olan hər yerdə bir müddət sonra onun fəsadları da olur: "Ərazi minalardan çirklənir, bu kimi silahlarla insanlara zərər yetirilir. Bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır ki, bu cür hallarla rastlaşanda aidiyyatı orqanlara müraciət etsinlər".
E.Həsənli hesab edir ki, bununla bağlı həm KİV-də, həm də həmin ərazilərdə təbliğat işi aparılmalıdır.
O, vaxtilə Ermənistan tərəfindən atəş açılan ərazilərdə vətəndaşlarımızı partlamamış sursatlar və naməlum əşyalara qarşı diqqətli olmağa çağırıb.
"Dünyada bir çox müharibələr olub. Lakin biz elə bir namərd, heç bir mənəvi keyfiyyəti olmayan, hüquqa, qanuna, mənəviyyata sığmyan ölkə ilə qonşuyuq ki, daim özümüzü qorumalıyıq”, - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, dünən Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kaset bomba qalığının partlaması faciəyə səbəb olub.
Hadisə rayonun Aran qəsəbəsində baş verib. 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Nuranə Daxilqızı
















