2050-ci ilə qədər 18,6 milyon insanın xərçəngdən öləcəyi gözlənilir və bu müddət ərzində yeni halların sayı 60%-dən çox artaraq 30,5 milyona çatacaq.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə məlumat "The Lancet" tibb jurnalının hesabatında yer alıb.
Qeyd olunur ki, qarşıdakı 25 il ərzində xərçəng ölümləri təxminən 75% artacaq. Bildirilib ki, 1990-2023-cü illərdə aparılan araşdırmada 47 xərçəng növü araşdırılıb. 2023-cü ildə dünyada 18,5 milyon yeni xəstəliyə yoluxma və 10,4 milyon ölüm baş verəcək ki, bu da 1990-cı illə müqayisədə xeyli çoxdur. Bunların 57,9%-i və ölüm hallarının 65,8%-i aşağı və yuxarı-orta gəlirli ölkələrdə baş verib.
Bundan başqa, 2023-cü ildə xərçəng dünya miqyasında ürək-damar xəstəliklərindən sonra ikinci ölüm səbəbi olub.
Xərçəng ölümlərinin sayının artmasına təsir edən amillərlə bağlı tibbi ekspert Rasif Bağırov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, "The Lancet" tibb jurnalının dərc etdiyi hesabatdakı rəqəmlər bir qədər real görünmür:
"Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyada ürək-damar sistemi xəstəlikləri birinci yerdədir. Lakin ölkəmizdə statistik açıqlama verilmişdi ki, xərçəng xəstəliyindən ölümlər ürək-damar xəstəliklərini keçir. Məlumdur ki, ürək-damar xəstəlikləri sivilizasiya xəstəliyidir. Sivilizasiya artıqca, bu xəstəlik də artır. Ona görə də ürək-damar sistemi xəstəlikləri həmişə öndə gedir. Bu baxımdan infarkt və insult xəstələrinin sayı ilə xərçəng xəstələrinin sayı eyni ola bilməz. Yəni, xərçəng xəstələrinin sayı keçə bilməz".
Rasif Bağırov: Xərçəng xəstələrinin üstün olduğu ölkədə yeyilən qidaların hamısı qadağan olunmuş qidalardır
R.Bağırov qeyd edib ki, əgər ölkədə xərçəng xəstələrinin sayı ürək-damar sistemi xəstələrinin sayından üstün olursa, bu, həddindən artıq çox pis nəticədir.
"Bu o deməkdir ki, ölkədə ekoloji tarazlıq pozulub, su və qida məhsulları tamamilə yararsız haldadır və əhali qeyri-insani şəraitdə yaşayır. Yəni, bu ölkədə insan yaşaya bilməz. Xərçəng xəstələrinin üstün olduğu ölkədə yeyilən qidaların hamısı qadağan olunmuş qidalardır. İçməli suya gəlincə, 60 dərəcəyə kimi bulaq suyu hesab olunur. 60 dərəcədən 120 dərəcəyə kimi mülayim codluq, 120 dərəcədən yuxarı isə palçıqlı su sayılır. Azərbaycanda içməli suyun göstəricisi 360 dərəcəni göstərir. Ona görə də xərçəng xəstəliyinin çox yayıldığı ölkə yaşayışa uyğun sayılmır", - deyə ekspert izah edib.
Gülşən Şərif