Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərindən sonra xarici səfərləri başlayır.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, Ərdoğan 13 ildən sonra İraqa rəsmi səfər edəcək.
Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq prezidenti Əbdüllatif Rəşidlə görüşəcək. Daha sonra o, İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşəcək.
Tarixi səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su məsələləri müzakirə olunacaq.
İraq hökumətinin sözçüsü Bəsim əl-Avadi prezident Rəcəb Tayyib Ərdoğanın İraqa rəsmi səfəri öncəsi açıqlama verib. Əl-Avadi Ərdoğanın paytaxt Bağdada səfərini “tarixi” adlandırıb və İraq-Türkiyə münasibətləri üçün mühüm marşrutu təyin edəcək səfər zamanı təxminən 25 anlaşma memorandumu və 2 müqavilənin imzalanacağını bildirib.
Ərdoğanın 13 ildən sonra Bağdada səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayan əl-Avadi qeyd edib ki, bu səfər üçün iki ölkə arasında son illərdə ortaq komissiyalar tərəfindən iqtisadi, təhlükəsizlik və İnkişaf Yolu Layihəsi araşdırmaları aparılıb.
Murad Məmmədli
















