Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhəti ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan bununla bağlı "Twitter"də paylaşım edib.
"İşimlə sıx bağlı olduğum üçün efir əsnasında yaşadığım xırda narahatlığa görə diləklərini, dualarını çatdıran millətimin hər bir üzvünə, hər bir qardaş-bacıma təşəkkürümü bildirirəm" deyə bildirən Türkiyə Prezidenti həkimlərinin məsləhəti ilə bu gün evdə istirahət edəcəyini bildirib.
"Təəssüf ki, bu gün Kırıkkale, Yozgat və Sivasdan olan qardaşlarımla bir araya gələ bilməyəcəyik. Kırıkkale, Yozgat və Sivas proqramlarında bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək.
Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik. Sevgili millətimizi "Türkiyənin yüz ili" hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik", - deyə paylaşımda vurğulanır.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünü pis hiss etdiyinə görə canlı yayım qısa müddətlik dayandırılıb. Hadisə Türkiyə lideri jurnalistlərə müsahibə verərkən olub.
Yayım bərpa ediləndən sonra Ərdoğan iki gündür gərgin təbliğat kampaniyasında olduğunu və bir qədər soyuqladığını bildirib.
Prezident buna görə izləyicilərdən üzr istəyib.
Murad Məmmədli
















