AQTA və DİN-in Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Xaspoladzadə Şəmsi Rafayıl oğluna məxsus 90 HV 895 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə təxmini çəkisi 120 kq iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib.
Həmin şəxs izahatında ətin Laçın rayonunun Narışlar kəndində Abbasov Rizvan Əvəz oğlu tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.