Bakıvaxtı.az-ın “Düzünə qalsa” rubrikasının budəfəki qonağı deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır.
Deputatla müsahibəni təqdim edirik.
- Tramp ABŞ-nin Ukraynaya yardımı dayandıracağını bildirib. Bu addım atılarsa, Ukraynanı hansı aqibət gözləyir. Sizcə, bu, Zelenskinin sülhə məcbur edilməsi kimi şərh oluna bilərmi?
- ABŞ prezidenti Dolad Trampın Ukraynaya dəstəyi dayandırması bir az gözlənilməz olsa da, bütövlükdə Amerika siyasətinin tamamilə dəyişməsini göstərən əsas əlamətdir. Bu da kifayət qədər ciddi narahatlıq doğurur, çünki Ukraynanı bu savaşda stimullaşdıran məhz ABŞ özü idi. ABŞ Ukrayna dövləti və xalqını çox ağır durumda buraxaraq, geri çəkilir. Dövlətin varisliyi prinsipi pozulması, olduqca təhlükəli perspektivdən xəbər verir. Təbii ki, bu, Ukraynanın gücünün xeyli zəifləməsi və Ukrayna qüvvələrinin sıradan çıxmasına şərait yaradacaq.
Ukraynada qəhrəmancasına döyüşən bir xalq var. Bu xalq 3 ildir, böyük basqının qarşısında duruş gətirir. Xalqın iradəsi siyasi iqtidarın özünü də proseslərdə daha qətiyyətli aparmağa sövq edir. Amma xalqın dirənişi raket zərbələrinin qarşısında uzun sürə bilmir. Bu mənada hesab edirəm ki, qarşıda Ukraynanı ağır sınaqlar gözləyir.
- Gəlişmələr bu cür davam edərsə, Rusiya döyüşdən qalib ayrıla bilərmi?
- Rusiya üstünlük qazana bilər, amma onun tam mənada böyük qələbə qazanacağını düşünmürəm. Müharibə Rusiya üçün böyük problemlər buraxacaq. Bundan sonra Rusiyanın hansısa ölkəyə hücum etməsi, hansı ölkə ilə münasibətləri pozması ehtimal olaraq, düşünülə bilər.
- Növbəti hədəf Azərbaycan ola bilərmi?
- Hədəfin Azərbaycan olacağını düşünmürəm. Çünki Rusiya ilə münasibətləri ən normal şəkildə davam etdirən ölkə məhz Azərbaycandır. Hər hansı bir şəkildə indiyə qədər bunun bir problemini yaşamadıq, bundan sonra da yaşamaq ehtimalımız çox azdır. Bu baxımdan prezident İlham Əliyevin diplomatik zəkası münasibətləri balanslaşdırmağa həmişə imkan yaradıb və hansısa sərt məqamlar sonradan yumşaq və məqsədyönlü siyasət olaraq, yekunlaşıb. Bu sayaq gəginliklər olarkən də sonradan bunun çıxış yolları tapılıb. Düşünmürəm ki, Rusiya Ukraynadan sonra silahını götürüb, ölkələrin üstünə hücum çəkəcək. Ona görə ki, bu bölgədə hər halda ABŞ və Avropanın da maraqlarını nəzərə almaq zorundadır. Bunlara rəğmən bütövlükdə kiçik dövlətlər üçün təhlükə həmişə mövcuddur.
- Təyyarə olayından sonra, Azərbaycandakı “Rus evi” və “Sputnik” informasiya agentliyi bağlandı. Bu məsələlər tərəflər arasında ciddi diplomatik gərginlik yarada bilərmi?
- Bu, qarşılıqlı məsələdir. Azərbaycanı televiziya və mətbuat imkanları baxmından Rusiyada hansı səviyyədə fəaliyyət göstərə bilirsə, Rusiya üçün də eyni olmalıdır. Rusiyanın daha artıq bir imtiyaza sahib olması müzakirə olunur. Bunu balanslaşdırmaq üçün addımlar atılır.
- Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin bağlanmasına dair təkliflər irəli sürülür. Sizcə, bu, gerçəkləşəcəkmi?
- Dil məsələsində prinsipial olaraq, əvvəlcədən müəyyən boşluqları buraxmamaq lazım idi. Bizim dövlət dili Azərbaycan dilidir. Azərbaycan dilindən kənar heç bir dövlət məktəbi olmamalıdır. Başqa dillərdə olan - rus, ingilisdilli məktəblərin açılması mümkündür. Çünki insanların tələbatına görə bunu düşünə bilərlər. Bu, iş adamları, sahibkarların işidir. Bu iş də Azərbaycan Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilə bilər. Amma dövlət məktəbi statusunda rusdilli məktəblər olmamalıdır. Eyni zamanda bu gün rus dilinin tədrisi keyfiyyətli tədris deyil. Bu kadr bazası baxımından məhduddur. Belə hallarda hansısa addımların atılması gözləniləndir. Bu məsələyə Rusiya ilə münasibətlər kontekstindən deyil, öz konstitusiyamızın tələbləri kontekstində baxılmalıdır və məsələ həllini tapmalıdır.
- Doğrudanmı, bu gün Azərbayvan dilinə rus dili deyil, türk dili təhdid yaradır?
- Azərbaycan dilinə türk dili təhdid yaratmır, ümumiyyətlə, heç rus dili də dilimizə təhdid yaratmır. Azərbaycan dilinin hansı dillərlə təması varsa, bu, yalnız dilimizin zənginləşməsinə xidmət edə bilər. Burada populist yanaşma sərgiləyəndə mütəxəssislərin fikir bildirməsinə də əngəl yaranır. Hər hansı bir fikri topa tutmağa ehtiyac yoxdur, sadəcə məsələyə soyuqqanlı yanaşmaq lazımdır. Çünki pul və imanın kimdə olduğunu kimsə bilməz. Kimin daha vətənpərvər olduğunu anlamaq üçün onun əməllərinə baxılmalıdır. Bu mənada bir-birini ittiham etmək, bir-birini başqa bir ölkənin agenti elan etmək bir xəstəlikdir. Bu xəstəliyin daşıyıcıları uzun illərdir, Azərbaycan siyasəti, mətbuatı və ictimai həyatında doludur. İmkan verin, insanlar fikirlərini söyləsinlər. Türk dili Azərbaycan dilinə nə kimi təhdid yarada bilər ki? Hesab edirəm ki, rus, ingilis və türk dilinin Azərbaycan dilinə təhlükəsi yoxdur. Dil zənginləşməlidir, dil yeniliyə açıq olmalıdır. Elə metadillər var ki, xüsusi ilə ingilis, alman dillərinin hansısa bir şəkildə bizim dillə elmi, fəlsəfi təmasına bizim də ehtiyacımız var. Texniki və fəlsəfi dilimizdə xeyli kasadlıq var. Buları nəzərə almaq lazımdır. Bu mənada müzakirələri daha soyuqqanlı aparmaq məqsədəuyğun olar.
- Azərbaycanda "Rus Evi" qapadıldı, orada Rusiya agentura şəbəkəsinin yuvası olmasına dair iddialar vardı, zaman-zaman İranın da ölkəmizdə bu cür şəbəkə formalaşdırdığı bildirilir. Sizcə, onlara qarşı da tədbirlər görülməlidirmi?
- Təbii ki, biz keçmiş imperiyaların qonşuluğunda olan ölkəyik. Onların da ümumi strategiyasında qonşu ölkələri nəzarətdə saxlamaq, öz təsir imkanlarını həmişə qorumaq niyyətləri olur. Biz özümüzü qoruma instinktini gücləndirməliyik. Əks halda prosesləri hansısa bir şəkildə sadəcə kimisə ifşa etmək üzərində qura bilmərik. Bizim öz kursumuz, öz xəttimiz olmalıdır. Özümüzü qorumaq üçün lazım olan vasitələrə əl atmalıyıq. Bunun üçün də çox işlər görülməlidir. Deyə bilmərəm ki, görülən işlərin hamısı effektlidir. Məsələləri daha peşəkarcasına həll etmək mümkündür. Təəssüf ki, bir çox hallarda səlahiyyətli şəxslər belə bu məsələlərə ciddi yanaşa bilmirlər. Nəticədə də problemlər hər zaman qarşımıza çıxır.
Dəfələrlə Rusiya, İran və Qərbin agentura şəbəkəsinin Azərbaycanda törətdiyi əməllərlə bağlı məlumatlar eşidirik. Bir çox hallarda cinayət işləri qaldırılır. Bunların bir çoxunda özümüzün buraxdığımız boşluqlar, xüsusilə də ideologiya sahəsində və bu məsələlərlə mübarizə sahəsində buraxdığımız boşluqlar müəyyən rəvac verir. Çalışmalıyıq ki, belə boşluqlar buraxmayaq, daha peşəkar fəaliyyəti təmin edə bilək.
Aydın Baxış