“Onlara hansısa güzəştlər olmalıdır. Vergidən tam azad olunmasalar belə, müəyyən güzəştlər olmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşündə deyib.
O, özəl şirkətlərin idmana yatırım etməsi üçün nələr edilməli olduğu barədə fikirlərini bildirib: “Hazırda güzəşt var. Bunun bir az dəyişməsini istərdik. Bununla bağlı Vergilər Nazirliyi ilə mütəmadi görüşlər təşkil edirik. Təklif veririk və bunu əsaslandırmalıyıq. İstərdik ki, daha çox özəl şirkətlər idmana yönəlsinlər. Bunun üçün qanun və qaydalarda müvafiq dəyişiklər etməliyik”.
Nazir bildirib ki, artıq iki ildir yazılan idman haqqında qanun yaxın müddətdə hazır olacaq: “Ən əsas da idman haqqında qanundur. Biz bunu son iki il ərzində yazmağa başladıq. Demək olar ki, bitmək üzrədir. Biz bunu daha sona Milli Məclisə təqdim edəcəyik. Kütləvi tədbirlər təşkil etdiyimiz zaman sponsorlar gəlmək istəyirlər. Çünki insanlar çox olur. Dövlətin dəstəyindən danışdıq. Özümüz də çalışmalıyıq”.
O, ölkədəki idman marketinqinin səviyyəsindən narazılığını bildirib: “Azərbaycanda idman marketinqi yaxşı deyil. Dünya və Avropa çempionatı keçirilir, ulduzlar gəlir, təəssüflər olsun ki, azarkeş görmürük. Burada daha çox insanlarla işləməliyik. Məsələn, ABŞ-da beysbol yarışlarına insanlar ailə üzvləri ilə birlikdə gəlirlər. Onları arenada 3-4 saat saxlamaq üçün müəyyən əyləncəli tədbirlər təşkil edirlər. Bunu ölkəmizdə də reallaşdırmalıyıq. İdman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, xaricdən çağırmalıyıq”.