• Bakı 19° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

HƏMAS və İsrail razılaşdı: Sülhün başlanğıcı, yoxsa müharibəyə fasilə?

SİYASƏT

09 Oktyabr 2025 | 17:16

HƏMAS və İsrail razılaşdı: Sülhün başlanğıcı, yoxsa müharibəyə fasilə?

Yaxın Şərqdə gərginliyin azaldılacağına dair ümidlər artmaqdadır. İsraillə HƏMAS arasında atəşkəs razılaşmasının qüvvəyə minməsi bu ümidləri bir qədər də artırır.

Qəzza zolağında atəşkəs bu gün yerli vaxtla saat 12-dən etibarən qüvvəyə minib. Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına əsasən, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

Atəşkəs razılaşması aylardır davam edən müharibənin ən kritik nöqtəsi sayılır. Qəzza zolağında baş verən toqquşmalar, minlərlə insanın həlak olması və beynəlxalq təzyiqlərin artması tərəfləri müəyyən kompromisə gətirib. Lakin ekspertlər bu razılaşmanın sülhə aparan real yolmu, yoxsa sadəcə növbəti hərbi fasiləmi olduğunu müzakirə edirlər.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu razılaşma, hər şeydən əvvəl, insan itkisini azaltmaq və humanitar böhranı yüngülləşdirmək məqsədi daşıyır. Lakin sülh prosesinin başlanğıcı kimi qiymətləndirmək hələ tezdir:

“HƏMAS və İsrail arasında dərin siyasi və ideoloji uçurum qalır, hər iki tərəf bir-birini legitim tərəf kimi tanımaqdan imtina edir. Buna görə atəşkəs daha çox beynəlxalq təzyiqlərin azaldılması və tərəflərin mövqelərini yenidən gücləndirməsi üçün bir “nəfəs fasiləsi” rolunu oynayır. Sülh yalnız uzunmüddətli diplomatik mexanizmlər və qarşılıqlı etimad formalaşdıqdan sonra mümkün ola bilər”.

Müsahibimiz qeyd edib ki, atəşkəsin ən mühüm nəticəsi, şübhəsiz ki, mülki əhalinin xilasına yönələcək. Dediyinə görə, bu razılaşma vasitəsilə humanitar yardım konvoylarının hərəkəti bərpa oluna, xəstəxanalar və infrastrukturun bir qismi bərpa edilə bilər. Xüsusilə qadın və uşaqların təhlükəsiz zonalara köçürülməsi üçün yeni imkanlar yaranacaq.

Qarayeva bildirib ki, lakin HƏMAS və İsrailin qarşılıqlı ittihamları davam etdiyi təqdirdə, bu humanitar sabitlik çox qısaömürlü ola bilər. Buna görə beynəlxalq nəzarət mexanizmlərinin aktiv rolu xüsusi əhəmiyyət daşıyır.

Züriyə Qarayeva: Yaxın perspektivdə bu razılaşma daha çox “savaşdan əvvəlki sükunət” kimi qalacaq

Bu razılaşmanın regional güclərin, xüsusilə Türkiyə, İran və ABŞ-nin siyasətinə təsirinə gəlincə, politoloq deyib ki, bu razılaşma bölgədə diplomatik güc mübarizəsini daha da kəskinləşdirəcək. Onun sözlərinə görə, Türkiyə vasitəçi və humanitar aktor kimi nüfuzunu möhkəmləndirməyə çalışacaq:

“ABŞ isə sülh prosesi vasitəsilə seçkiöncəsi siyasi sabitlik görüntüsü yaratmaq istəyir. İran isə HƏMAS-a dəstəyini davam etdirməklə regionda təsirini qorumaq niyyətindədir. Beləliklə, atəşkəs razılaşması yalnız iki tərəf arasında deyil, həm də regional qüvvələr arasında geosiyasi balansı yenidən formalaşdıracaq. Bu mənada, razılaşma təkcə müharibənin deyil, diplomatik rəqabətin də yeni mərhələsidir”.

Bəs bu atəşkəs gələcəkdə sülh sazişinə çevrilə bilərmi? Züriyə Qarayeva bu suala cavabında bildirib ki, hazırkı şərtlər daxilində sülh sazişinin əldə olunması çətindir, çünki tərəflərin hədəfləri bir-birinə ziddir. İsrail təhlükəsizlik və HƏMAS-ın hərbi potensialının sıradan çıxarılmasını əsas prioritet sayır, HƏMAS isə siyasi legitimliyini qorumağa çalışır. Buna baxmayaraq, atəşkəsin davamlı olması dialoqun bərpa olunmasına zəmin yarada bilər.

“Əgər beynəlxalq vasitəçilər prosesə sistemli şəkildə nəzarət etsələr, bu razılaşma gələcək sülh danışıqlarının əsasına çevrilə bilər. Ancaq yaxın perspektivdə bu razılaşma daha çox “savaşdan əvvəlki sükunət” kimi qalacaq”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR