44 günlük Vətən müharibəsindən sonra hərbi geyimli şəxslərə daha çox rast gəlinir. Hətta toy libası əvəzinə, bəy və gəlinin hərbi geyimdən istifadə etdiyi hallarını da müşahidə edirik.
Bəs, qanun çərçivəsində hərbi geyimlərdən necə istifadə etməliyik?

Ədalər Verdiyev: Xoşagəlməz prosesin qarşısının alınması daha çətin olacaq
Hərbi ekspert Ədalət Verdiyev Bakıvaxtı.az-a verdiyi açıqlamada məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, hərbi geyimdən bir çoxlarının istifadəsinə qanunvericiliklə qadağan olunur: "Fikrimcə, hərbi geyimdən qanunla icazə verilmiş şəxslər və aidiyyəti üzrə, yəni xidməti vəzifələrini yerinə yetirərkən və yaxud dəvət olunduqları müvafiq tədbirlərdə iştirak edərkən istifadə etməlidirlər. Son aylar ərzində, biz bəzən hərbi geyimdən bir çoxlarının, hətta müharibədə iştirak etməyən şəxslərin istifadəsinə rast gəlirik. Hətta müharibədə iştirak edən şəxslərin hamısı müharibədən sonrakı dövrdə hərbi geyim daşıya bilməzlər. Qanunvericilikdə belə şəxslər üçün 300-500 manat arasında cərimələr nəzərdə tutulur”.
Ekspert belə halların qarşısını almağı vacib sayır: "Hesab edirəm ki, aidiyyəti qurumlarımız artıq bu cərimələrin tətbiqinə başlamalıdır. Bu xoşagəlməz prosesin qarşısının alınması getdikcə daha çətin olacaq. Çünki proses özü artıq kütləvi bir xarakter daşıyır".

Rey Kərimoğlu: Bəziləri heç müharibədə olmayıb, formanı dələduzluq məqsədilə geyinir
“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Rey Kərimoğlunun Bakıvaxtı.az-a dediyinə görə, qazilərə döyüşlərdən qalan elə həmin hərbi geyimdir və icazəsi olanlar geyinə bilərlər: "Hərbi geyimin qaydası var. Hərbçi ordudan təxris olunanda onun hərbi biletinə geyimi daşımaq, ya da daşımamaq haqqında xüsusi qeyd olunur. Kimdə qeyd var o, daşıya bilər”.
Müsahibimiz bildirib ki, digər tərəfdən hərbi geyim, adətən şəhid tədbirlərində, bayram və əlamətdar günlərdə geyinilir: “Burda bir qəbahət görülmür. Ancaq biri də var ki, heç müharibədə olmayıb, dələduzluq məqsədilə geyinilir. Belələrinə dövlət tərəfindən tədbir görülməlidir”.
Qeyd edək ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.
İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Xəyalə Rza










jpg-1685513126.webp)





