“Hörmüz boğazından vəziyyət heç vaxt müharibədən əvvəlki dövrə qayıtmayacaq”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, İranın əsas məqsədi odur ki, Hörmüz boğazından öz davamlı nəzarətini gücləndirməyə nail olsun:
“Hörmüz boğazına, yəni oradan keçən yük gəmilərinə nəzarət etmək İranda deyildi. Əgər ABŞ və İran arasında razılıq olarsa, 30 gün ərzində boğazdan keçidi ən azından nizamlamaq, təhlükəsizliyi təmin etmək mümkündür. Amma tərəflərin bəyanatları göstərir ki, ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılaşma əldə etməkdən çox uzaqdırlar. Vaşinqton istəyir ki, boğazdakı vəziyyət tamamilə müharibədən əvvəlki vəziyyətinə qaytarılsın. Yəni orada İranın və Omanın nəzarəti olmasın və beynəlxalq su yolu kimi fəaliyyət göstərsin. İran isə boğazın gələcəyini tamamilə başqa formada görür”.

Əlimusa İbrahimov: İranın əsas məqsədi odur ki, boğazdan keçən gəmilərin hamısını qeydiyyata alsın
Ə.İbrahimov xatırladıb ki, əvvəlki dönəmlərdə də İran tərəfi Hörmüz boğazından istifadə edən gəmilərin rüsum ödəməsinə dair məsələ qaldırmışdı:
“İndi İranın əlində rüsumu başqa vasitələrlə əvəzləmək imkanı, fürsəti var. Birbaşa rüsum tələb etməsə də, gəmilərə xidmət olunması, gəmilərin sığortlanması və s. məqamları gündəmə gətirir. Bu adlar altında boğazdan keçən gəmilərdən pul toplamağı qarşısına məqsəd qoyur”.
Müsahibimizə görə, İranın əsas məqsədi, istəyi odur ki, boğazdan keçən gəmilərin hamısını qeydiyyata alsın. Hətta buna görə müharibədən sonra İran tərəfindən xüsusi idarə, təşkilat yaradılıb:
“Bu təşkilatın missiyası Hörmüzdən keçən gəmilərə nəzarət funksiyasını icra etməkdir. Rüsum olmasa da, gəmilərə müxtəlif formada nəzarət etmək İrana gələcəkdə digər ölkələrə təzyiq göstərmək üçün imkanlar verəcək”.
Qeyd edək ki, Hörmüz boğazı İranın qəbul etdiyi idarəetmə çərçivəsində və Tehran tərəfindən maneələr aradan qaldırıldıqdan sonra 30 gün ərzində müharibədən əvvəlki əməliyyat gücünə qayıdacaq. Bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib. Onun sözlərinə görə, bu tənzimləmələr hazırda həyata keçirilir və onlar üçün məsuliyyət yalnız İranın üzərinə düşür:
“Başqa heç bir qurum və ya ölkə bu məsələdə məsuliyyət daşımır. İran və ABŞ arasında imzalanmış anlaşma memorandumuna əsasən, bu məsələyə hər hansı müdaxilə və ya İran İslam Respublikası tərəfindən hazırda həyata keçirilən tənzimləmələrdən yeni və ya ayrı tənzimləmələr yaratmaq cəhdi vəziyyəti yalnız çətinləşdirəcək, Hörmüz boğazının yenidən açılmasını gecikdirəcək və gərginliyi artıracaq”.
A.Əraqçi bildirib ki, son iki gecə ərzində Hörmüz boğazında baş verən hadisələr artıq gərginliyin və qarşıdurmaların artmasına səbəb olub:
“Bütün tərəfləri Hörmüz boğazının idarə olunmasına və ya İran tərəfindən yenidən açılması üçün görülən tənzimləmələrə müdaxilə etməməyə çağırıram. Onlar imzalanmış anlaşma memorandumuna əməl etməli və onun nəzərdə tutulan kursdan yayınmasına imkan verməməlidirlər”.
Aydın Baxış
Bakı 



