Bu dəfəki müsahibəmiz Hüquq Elmləri üzrə fəlsəfə doktoru Gülşən Cəbi ilə baş tutdu. Müsahibə zamanı Gülşən xanım öz dəyərli təcrübələrini bizimlə bölüşmüş, pandemiyanın hüquq sahəsinə göstərdiyi təsirləri şərh etmişdir.
Bakıvaxtı.az injuria.az-a istinadən müsahibəni təqdim edir:
- Salam, Gülşən xanım, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
Əvvəlcə, zəhmət olmasa, özünüz haqqında məlumat verərsiniz. (təhsil, iş təcrübələriniz və s.)
Salam. Diqqətiniz və əməyiniz üçün mən təşəkkür edirəm.
Fikrimcə, insanın özünü məzmunca təsvir etməsi düzgün deyil, ən azından etik olmur. Sualınız baxımından müəyyən xronoloji ardıcıllığı sadalamaq mümkündür.
Sumqayıt şəhərində anadan olmuşam. 1990-1995-ci illərdə Sumqayıt şəhərində 15 №li orta məktəbdə, 1995-2000-ci illərdə Humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyində orta təhsil almışam. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr pilləsində, 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət hüququ” ixtisaslaşması üzrə magistratura pilləsində ali təhsil almışam.
2012-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 5607.01- “Konstitusiya hüququ; Bələdiyyə hüququ” ixtisası üzrə doktorant olmuşam.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı ilə Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Əmək fəaliyyətinə 2004-cü ildə hüquqşünas kimi başlamışam, 2004-2017-ci illərdə bank və sığorta sektorunda hüquq üzrə müxtəlif vəzifələrdə çalışmışam.
2014-cü ildən elmi-pedaqoji fəaliyyətlə məşğulam. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Konstitusiya hüququ" kafedrasında çalışıram. Müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında elmi-pedaqoji fəaliyyət göstərmişəm.
- Bir hüquqşünas kimi həyata keçirmək istədiyiniz layihələr varmı?
Əlbəttə, normal olaraq var.
Hüquq insandan daimi və fasiləsiz inkişaf tələb edən realist sahədir. İstər praktik hüquqşünaslıq olsun, istərsə də elmi-pedaqoji fəaliyyət, insanın müəyyən hədəfləri, ideyaları, layihələri, gələcək barəsində ixtisaslı düşüncəsi olmalıdır ki, öz üzərində işləmək stimulu itməsin, düşüncə miqyasını artırsın, ruh sağlam qalsın. Fikrimcə, bu məsələ fərdi maraqlar üzərində formalaşmır və ya fərdi maraqlar üzərində çox məhdud formalaşa bilir. Fərdi həyati maraqlar məişət miqyasını əhatə edə bilir, kiçik miqyaslı və ani zamanlıdır. Geniş mənada bəşəri nəsil, toplum həyatı, xalqın maraqları üçün düşüncə miqyası böyük olmalıdır.
Həm praktik fəaliyyətdən, həm də elmi-nəzəri aspektdən müəyyən müşahidələrim, təhlillərim var, həmçinin davam edirlər. Düşündüyüm, reallaşdırmaq üçün öz üzərimdə çalışdığım ideyalar, layihələr əlbəttə var. Hazırda xüsusi düşüncələrim milli hüquq dili, milli hüquq düşüncəsi, hərb hüququ, müstəqil hüquq kimi əqli mülkiyyət hüququ, Azərbaycanlıların deportasiyaları barəsindədir.
Bilirəm ki, xalqımın dili həm də hüquq dilidir, həm də hüquq elminin dilidir. Onun müasir inkişafı məsələləri isə xüsusilə hüquqşünas alimlərin üzərinə düşür. Bunu xalqa münasibətdə vicdan məsələsi kimi qəbul edirəm.
Əqli mülkiyyət hüququ bizdə həmişə mülki hüququn növü kimi qəbul edilib, həm praktikada, həm elmi mətnlərdə yanaşma bu aspektdən idi, ənənəvi hüquqi baxışlar belə idi. 2018-ci ildə elmi işimdə əqli mülkiyyət hüququnun müstəqil hüquq olmasını elmi əsaslandırmışdım, müstəqil hüquq və müstəqil hüquq sahəsi kimi tanınması haqqında elmi-hüquqi mövqe ifadə etmişdim, amma o vaxtdan olan müşahidələrim baxışların klassik məzmunda davam etdiyini göstərir, yəni faktiki olaraq məzmunca əqli mülkiyyət hüququna mülki hüququn növü kimi yanaşılır. Ona görə də yaxın gələcəkdə bu mövzuda formaca azadlıq verəcəyim bir mətn yazmağı düşünürəm. Bunu dərslik, monoqrafiya, məqalə və s. şəklində düşünmürəm, bəlkə traktat ola bilər, bəlkə də yox, istənilən halda formaca azad mətn düşünürəm. Fikrimcə, bəzi mətnlər qəliblərə salına, qəliblərə sığa bilər, bəzi mətnlər isə yox. Xüsusilə insan zəkasının azadlığını və aliliyini ifadə edən hüquqa aid mətnin özünün o azadlığı həm də formaca ifadə etməsini istəyirəm.
Azərbaycanlıların deportasiyalarını isə hüquqi baxımdan həmişə öyrənilməli məsələlərdən sayıram. Tarixçi deyiləm, müşahidə etdiyim qədər bir əsrdə, həm də müasir tarixdə deportasiyalara bu qədər çox məruz qalmış başqa xalq xatırlamıram.
Bilmirəm bunlara zəkam və ruhum çatacaqmı, amma istənilən halda üzərimə düşən çalışmaqdır, bunu da edəcəm.
- Hazırki işinizdə hansı çətinliklərlə qarşılaşırsınız və onları necə həll edirsiniz?
Bütün işlərdə çətinliklər olur, ən müxtəlif səbəblərdən. Obyektiv səbəblər də olur, qeyri-obyektiv səbəblər də.
Hüquqşünaslıq insanlara bağlı və realist sahələrdən, həmçinin stresli fəaliyyət növü olduğundan düşünürəm ki, xüsusilə psixoloji hazırlıqlı olmaq və bunu mütəmadi gücləndirmək vacibdir.
Fikrimcə, özünəməftunluq halını yaşamayan, inkişaf zərurəti anlayışı olan, öyrənmək kompleksi olmayan, peşəkar baxışlara malik hər kəs situasiyaları obyektiv təhlil edib çətinliklərin səbəblərini, real vəziyyəti, özünün zəif və güclü tərəflərini aydınlaşdıra, həll yollarını, inkişaf istiqamətlərini müəyyən edə bilir.
Peşəkarlığa iddia edən insan başqalarına etiraf etməsə belə, boşluqları, səhvlərini özünə mütləq etiraf etməlidir ki, inkişaf edə bilsin.
Obyektiv səbəblər daha çox təcrübə toplamaqla bağlı ola bilər, daha çox elmi-nəzəri biliklər əldə etməklə bağlı ola bilər, reallığı daha yaxşı müşahidə və analiz etməklə və s. Bunlar təbiidir, insan qarşılaşdığı çətinliyi öyrəndikcə püxtələşir, təcrübə toplayır.
Amma əgər insan bəlağətli cümlələrlə ədalı hüquqşünas obrazı nümayiş etdirirsə, özünü inkişafın zirvəsində sayırsa, öyrənməyə və ya özünü özünə etiraf etməyə “kompleks”li yanaşırsa, əlbəttə, çətinliklərə peşəkar yanaşmadan və həlldən danışmaq mümkün olmur.
Çətinliklərin obyektiv səbəbləri daha çox inkişaf tələb edən olur, öyrənməyə və inkişafa vadar edir. Qeyri-obyektiv səbəblər isə daha çox psixoloji hazırlıq tələb edir və məyusedicidir.
İstənilən halda psixoloji güc, sağlam peşəkar yanaşma vacibdir.
- Karyeranızla bağlı ən böyük uğurunuz nədir?
Bizim uğur anlayışılarımız fərqli ola bilər.
Hansısa vəzifədə, pozisiyada olmağa uğur kimi yanaşmıram. Bu, məsuliyyət, təcrübə toplamaq, özünü peşəkar kimi ifadə etmək və püxtələşmək, inkişaf imkanıdır.
Mənim üçün uğur öyrənə bildiyim, tanıdığım mərd insanlardır. Praktik və elmi-pedaqoji fəaliyyətimdə peşəkarlığı və insan qalmağı öyrənə bildiyim mərd insanlar tanımışam, mənim üçün uğur onlardır.
- Sizcə koronavirus pandemiyasının hüquq sahəsinə hansı müsbət və mənfi təsirləri oldu?
Hüquq və tibb arasında böyük oxşarlıq var. İkisi də problemlərdə inkişaf edir.
Pandemiyanın hüquq sahələrinə inkişaf məcburiyyəti yaradan müsbət təsiri, əlbəttə oldu. Həm idarəetmə məsələlərində, həm də cari ictimai münasibətlərdə müşahidə etmək mümkündür. İstər internetin yurisdiksiyası, elektron hökümət, elektron imza, elektron məhkəmə və informasiya texnologiyalarına bağlı digər məsələlər olsun, istərsə də hüququn konkret sahələri barəsində olsun. Məsələn, tibb hüququ.
Fikrimcə, mənfi təsir daha çox prosessual hüquq sahələrində qabarıq göründü.
- Tələbələrlə işləmək sizə necə təsir edir? Hazırki gənclikdə müşahidə etdiyiniz ən böyük çatışmazlıqlar nələrdir?
Mən insanlarla işləyirəm. Qarşımda gördüklərim insanlardır. Hər hansı hüquq münasibətində subyekti ifadə etmək üçün istifadə edilən adlar sadəcə terminoloji təsvirdir.
Müşahidələrimə gəldikdə, açığı, məsləhət və ya nəsihət kimi yanaşmaları, xüsusilə çatışmazlıqları qabartmağı doğru hesab etmirəm. Həmçinin özümün başqalarına məsləhət, nəsihət vermə həddində olduğumu düşünmürəm. Sadəcə bildiklərimi, müşahidə etdiklərimi bölüşməyə çalışıram. Düşünürəm ki, insanların məzəmmətə və nəsihətlərə yox, bölüşməyə ehtiyacı var. Bilikləri, təcrübələri, düşüncələri, baxışları bölüşməyə. Bu bölüşməni qarşılıqlı olaraq görməyi seçirəm, qarşımda müəyyən dünyagörüşü, biliyi olan, öz üzərində çalışan çoxsaylı insanlardır və onlarla bilik mübadiləsi ancaq faydalı ola bilər.
İnsanlarla işləyirəm, sadəcə yaş kateqoriyasına uyğun xüsusiyyətləri var.
İstənilən yaş nəslində görmək istəmədiyim nadanlıqdır. Nadanlığın böyük-kiçiyi olmur. Dəyərlərdə, başqa insanlara münasibətdə müşahidə olunan elə bir haldır ki, diplomlu insanda neqativ nəticələri daha ağır olur, əmək funksiyalarının icrasında özünü göstərir və hüquq insanlara bağlı sahə olduğundan həm fərdlərin, həm də toplumun həyatına mənfi təsir göstərir.
Məsələn, zahirən kiçik məsələ kimi görünsə də, pandemiyadan əvvəlki dövrdə auditoriyalarda müşahidə olunan bir hala baxaq. İnsanların yedikləri-içdiklərini partaların üstündə, altında, döşəmədə, ən müxtəlif yerlərdə atılmış vəziyyətdə görmək olar. Zahirən xırda və sadə görünən bu nümunə əslində şüuraltı baxışları, düşüncə tərzini, insanın həm özünə, həm də başqa insanlara münasibətini açır. İnsan oturduğu yeri zibilləyir, özünü zibilləndirilmiş yerə layiq görür, özünə hörməti yoxdur. Eyni zamanda ondan sonra həmin auditoriyaya gələn insanlar olacaq, onlara zibilləndirilmiş yer ötürür, bunu rəva görür, onlara da hörməti yoxdur. Bunu geniş mənada nəsillər və dünyaya münasibət kimi də anlamaq olar. Mövcud nəsil gələcək nəsilləri düşünmür, onlara ötürəcəyi məkanın vəziyyətini düşünmür. Həmçinin auditoriyaları təmizləyən insanlar var, onların əməyinə hörmət qoymur. Nəticə olaraq insana hörmət və insan əməyinə hörmət olmur. İstənilən cəmiyyətdə sağlam münasibətlərin təməlində insana və insanın əməyinə hörmət durur, bunlar yoxdursa, zədəlidirsə, hər cür neqativ hal da baş verər.
Geniş aspektdə hüquqa 3 mərhələli sistem kimi baxsaq, birinci mərhələ hüquqların tanınması, ikinci mərhələ realizə, üçüncü mərhələ isə müdafiə barəsindədir. Bizə qədərki nəsillər hüquqların tanınması üçün əsrlərlə işlər görüblər, məhrumiyyətlər yaşayıblar və biz dünyaya gəldikdə artıq təsbit olunmuş konstitusion hüquq və azadlıqlarımız var idi. Halbuki cəmi 100-150 il əvvəl dünyaya gəlmiş olsaq, bir sıra hüquqlarımız olmayacaqdı. Amma bizə qədərki nəsillər bizə artıq tanınmış, təsbit edilmiş hüquqlar və azadlıqlar ötürüblər. Bizim və bizdən sonrakı nəsillərin üzərinə düşən realizə və müdafiə məsələləridir. Əgər hüquqşünasda istər fərdi, istər topluma münasibətdə nadanlığa aid hər hansı xüsusiyyət olarsa, bu təkcə hazırkı insanlara bivec yanaşma olmur, həmçinin bizə qədərki nəsillərin zəhmətinə və bizdən sonrakı nəsillərin həyatına bivec yanaşma, hörmətsizlik olur.
Başqa bir məsələ hamıya məlum olan kortəbii əzbərçilik vərdişləridir. İstənilən mətni əzbərləmək olar, amma dərk edərək qavramadan hüquq düşüncəsi formalaşa bilməz. Müqayisə üçün filologiya ixtisası üzrə təhsil alan birinə baxaq. Mənasını da bilmədiyi ərəb-fars sözləriylə zəngin klassik nəzm nümunələrini əzbərləyirsə, öz dilində nəsr şəklində mətni əzbərləmək onun üçün çox sadədir. Amma bununla hüquqşünas olacaqmı? Olmayacaq.
- Son olaraq, İnjuria oxucularına nə demək istərdiniz?
Göstərdikləri diqqət və ayırdıqları vaxt üçün təşəkkür edirəm.