Azərbaycan-İran münasibətləri uzun illər ərzində bir çox siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edib.
Bu iki qonşu ölkə arasındakı əlaqələr tarixən həm dostluq, həm də bəzi gərginliklərlə xarakterizə olunub. 1990-cı illərin sonlarından etibarən, xüsusən də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib, lakin həm də əməkdaşlıq imkanları ortaya çıxıb. Bu kontekstdə Azərbaycanın İranla əlaqələrinin dərinləşdirilməsi, xüsusən də siyasi və iqtisadi sahələrdə, mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İran səfəri bu əlaqələrin yeni bir mərhələyə keçməsini simvollaşdırır. Bu səfər iki ölkə arasında mövcud olan potensial əməkdaşlıq sahələrini müzakirə etmək, eyni zamanda ikitərəfli münasibətlərin gələcəyinə dair yeni perspektivlər açmaq məqsədini daşıyır.
İki ölkə arasında münasibətlər 2025-ci ildə hansı səviyyəyə gələcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, rəsmi Tehran və Bakı arasında münasibətlər son 30 ildə "ziq-zaq" xarakteri daşıyıb:
"Münasibətlər gah gərginləşib, gah da mülayimləşmə baş verib. Bunun əsas səbəbkarı isə təbii ki, İran tərəfidir. Onların ölkəmizlə olan bağlantıları hər kəsə bəllidir. Rəsmi Tehranın siyasi doktrinasında Azərbaycan tərəfi "siyasi təhdid" olaraq hesab edilir. Bu addım isə iki ölkə arasında olan əlaqələrin korlanmasına, inkişaf dinamikasının mənfi yöndə inkişaf etməsinə gətirib çıxarır. Məhz buna görə İran 30 illik işğal dövründə Ermənistana dəstək verdi, neqativ fikirlər formalaşamağa başladı. Son 4 ildə isə rəsmi İrəvanla İslam Respublikası arasında olan əlaqələr özünü aşkar şəkildə büruzə verdi. Cənub qonşumuz həm daxili, həm xarici təzyiqlərlə Azərbaycana öz yanaşmasını göstərməyə çalışır, ölkəmizin daxilində din adı altında casus şəbəkəsinin yaradılması bu addımların bariz nümunəsidir".
Oktay Qasımov: İran öz siyasi kursunda müəyyən dəyişikliklər etməlidir
Onun sözlərinə görə, 44 günlük Vətən savaşından sonra gərginliklər daha çox üzə çıxmağa başlayıb. Müsahibimiz qeyd edib ki, İran ordusu dəfələrlə Azərbaycan sərhədində hərbi təlimlər keçirməklə "təhdid dili" ilə "danışmağa" çalışıb, lakin bunun bir faydası olmayıb. Rəsmi Bakı bu addımların hamısına konkret və qəti formada cavabını bildirib:
"Bütün bu addımlara rəğmən ötən ildən bəri iki ölkə arasında diplomatik istiqamətdə ciddi addımlar atılıb. Buna nümunə olaraq, İbrahim Rəisi ilə İlham Əliyev arasında Xudafərin körpüsündə baş tutmuş görüşünü misal göstərmək olar. Toplantıda İran və Azərbaycan arasında sual altında qalan bütün istiqamətlərdə məsələlərin hər biri müzakirə edildi. Hər iki tərəf münasibətləri normallaşdırmağa çalışıb, addımlar artıq öz nəticəsini verir. Şahin Mustafayevin son səfəri bunun sübutudur",
Şahin Mustafayevin səfərini şərh edən zaman politoloq ölkəmizin İrandakı diplomatik nümayəndəliyinə edilən hücum məsələsinə toxunub:
"Azərbaycan əlaqələrin balanslaşdırılması üçün İranın qarşısına konkret şərtlər qoydu. Belə ki, İrandakı səfirliyimizə hücum edən şəxsin cəzalandırılması ölkəmizin yanaşmasına təsir edəcəkdi, nəticə etibarilə onlar bu barədə qərar ala bildilər. Bundan əlavə, logistika, energetik, nəqliyyat və ticarət sahəsində müəyyən razılaşmaların əldə edilməsi xüsusi məqamdır. Heç təsadüfi deyil ki, İranla Rusiya arasında bağlanmış strateji tərəfdaşlıq müqaviləsinə uyğun olaraq, kommunikasiya xətlərinin keçirilməsi nəzərdə tutulub. Bu da İran üçün olduqca əhəmiyyətlidir. Əlavə olaraq, İslam İslam Respublikasının Yaxın və Orta Şərqdə mövqeyini zəiflətməsi bu ölkənin öz siyasi kursunda müəyyən dəyişikliklər etməli olduğuna dəlalət edir. Hər halda ümid edək ki, İran tərəfi nəhayət ölkəmizlə münasibətlərdə dürüst və konstruktiv davranaraq transformasiyaya imza atacaq".
Əli Hüseynov