İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri ilə ölkələrimiz arasında münasibətlərdə yeni bir mərhələ başlaya bilər. Bu səfər tərəflər üçün hansı geosiyasi və iqtisadi imkanlar yaradacaq?
Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr qrupunun üzvü Ceyhun Məmmədov Bakıvaxtı.az-a bildirib ki, İran-Azərbaycan münasibətləri son illərdə bir sıra gərginliklərlə yadda qalıb. İki ölkə arasında diplomatik əlaqələrdə soyuqluq yaranmasının əsas səbəbi kimi, məhz İranın Azərbaycana qarşı qeyri-dost yanaşması göstərilir. Bu vəziyyət təkcə siyasi sahədə deyil, iqtisadi, mədəni və humanitar əlaqələrə də mənfi təsir etmişdi.
"Lakin İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri münasibətlərdə yeni bir səhifənin açılacağından xəbər verir. Pezeşkianın geniş nümayəndə heyəti, xüsusilə böyük biznesmenlərin müşayiəti ilə Azərbaycana gəlməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələn ciddi bir niyyətin göstəricisidir”.
Müsahibimiz qeyd edib ki, bu səfər, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi və sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində konkret addımların atılacağı ehtimalını gücləndirir.
Deputat əlavə edib ki, səfər təkcə iqtisadi sferada deyil, mədəniyyət və təhsil sahələrində də yenidən yaxınlaşmanın başlanğıcı olacaq:
"İki xalq arasında tarixi, dini və mədəni bağların dərin kökləri var və bu potensial indiyə qədər tam istifadə olunmayıb. Pezeşkianın siyasətində milli azlıqlara daha mülayim yanaşmanın olması gözləntisi, İranın Azərbaycanla mədəni və humanitar əməkdaşlıqda da daha konstruktiv xətt izləyəcəyini düşünməyə əsas verir".
Ceyhun Məmmədov: İran prezidentinin Bakıya səfəri münasibətlərdə yeni bir səhifənin açılacağından xəbər verir
Ceyhun Məmmədov onu da deyib ki, Məsud Pezeşkianın Bakıya səfəri İran-Azərbaycan münasibətlərində “yumşalma” dövrünün başlanğıcı hesab edilə bilər:
"Əgər bu səfər real nəticələrlə müşayiət olunsa, iki ölkə arasında uzun müddətdir yığılıb qalan problemlərin həlli istiqamətində mühüm bir mərhələ yaşanacaq. Həm siyasi dialoqun canlanması, həm də iqtisadi və mədəni inteqrasiyanın artması regionda sabitliyə və rifaha müsbət təsir göstərə bilər".
Əli Hüseynov