"Ermənistanın 2023-cü ilin sonuna doğru atdığı bəzi addımlardan, nisbətən pozitiv bəyanlardan sonra İrəvanın mövcud reallıqları anladığını, daha sağlam düşüncə ilə proseslərə başlayacağını düşünürdük. Lakin bunun əksini görürük".
Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, hazırda əsas hədəf Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır. Azərbaycan bu istiqamətdə ciddi çalışır, cəhd göstərir, imkanlarını səfərbər edir. Onun sözlərinə görə, təəssüf ki, Ermənistan baş naziri Nikol Paşinyanın ötən gün verdiyi açıqlamalar sülh prosesinə mənfi təsir göstərir: “Baş nazir əsassızca Bakını "sülhə zərbə vurmaqda" ittiham edir. Əslində sülhə zərbə vuran məhz Ermənistan tərəfidir. İrəvan hakimiyyəti bölgəyə sülhün gəlişinə mane olacaq açıqlamalarını, ziddiyyətli mövqeyini davam etdirir. İndiki məqamda belə yanaşma sülh müzakirələrinə, bəlgədə sabitlik yaranmasına yaxşı heç nə vəd etmir".
C.Məmmədov bildirib ki, Paşinyan sərsəm iddiaları və məntiqsiz tələbləri ilə sülh danışıqlarını mürəkkəbləşdirir. Azərbaycan isə haqlı tələblərini irəli sürür: "Zəngəzur dəhlizi açılmalı, hələ də işğal altında olan kəndlərimiz bizə qaytarılmalıdır. Ermənistan tərəfinin Azərbaycan Ordusunun nəzarətində olan yüksəkliklərdən geri çəkilməsini tələb etməsi tamamilə absurddur".
Müsahibimiz vurğulayıb ki, Ermənistanın məqsədi də şərti sərhədlərdəki həmin yüksəklikləri ələ keçirərək həm danışıqlarda, həm də sərhədlərin delimitasiya və demarkasiyası prosesində üstünlüyü qazanmaqdır.
Məmmədov qeyd edib ki, Paşinyan hökumətinin sülhə hazır olmaması, sülhdən qaçmaq təşəbbüsləri bizi başqa vasitələrə al atmağa məcbur edir: “Ümid edirik, Ermənistan qısa zamanda reallığı, düşdüyü mürəkkəb və çıxılmaz vəziyyəti dərk edəcək, yanlış addımlar atmayacaq. Əks halda proseslər Ermənistanın əleyhinə işləyəcək. Bizim mövqeyimizdə hansısa dəyişiklik yoxdur. Sonadək öz maraqlarımızın təmin olunması istiqamətində ciddi-cəhdlə çalışacağıq və hədəflərimizə nail olacağıq".
Aydın Baxış
















