28 may 1918-ci il! - Türk-İslam Gündoğarında ilk Cümhuriyyət Gün kimi doğdu - Azərbaycan Xalq Cümhuriyyəti elan olundu…
Bu elandan az sonra Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu yerli qüvvələrlə birgə Cümhuriyyət ərazilərini, o cümlədən Bakını işğalçı tör-töküntülərindən azad etdi. Onda hələ Türkiyə Cümhuriyyətinin elan olunmasına 5 il 6 ay, Pakistan İslam Cümhuriyyətinin elanına 38 il qalırdı…
Azərbaycan öz dövlət müstəqilliyini 18 oktyabr 1991-ci ildə bərpa etdi və ən ilk tanıyan ölkələr Türkiyə, Pakistan, Rumıniya oldu… Sonra ərazilərimiz Ermənistanın güclü havadarlarının sinsi və güclü dəstəyi ilə işğal edildi…
28 may 2025-ci il! - Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycan Müstəqillik Gününü qürurla, qardaşları ilə və də Laçında bayram etdi! Ayağını yerə möhkəm basan Respublikamız Laçın Hava Limanı ilə göyüzünə daha bir qapı açdı. Nüvəli Pakistan, NATO-nun əvəzedilməz güclü ordusuna sahib Türkiyə rəhbərləri Laçına təşrif buyurmuşdu!
Azərbaycan 44 günlük müharibənin, 1 gündən az sürən antiterror əməliyyatının, Türkiyə özünüburaxan PKK terroruna son verməsinin, Pakistan Hindistanla hərbi qarşıdurmanın siyasi-hərbi qüdrətlə sonlandırılmasının nəticələrini yaşayır… Yeni dünya bizi qarşılasın və qəbul etsin! Ozan Arif demiş: “Başqa yolu yox artıq”!
Hindistanın, Fransanın və b. məğlub Ermənistanı silahlandırması nəyə yarar? Keçmiş işğalçı yenə (və həm də yeni) havadarlarına güvənib çaşmasın gərək - illa çaşmasın! - Başının üstünü alarıq, nəfəsini kəsərik!
“…Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq. Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. - Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev bu çox aydın ismarıcları 28 May - Müstəqillik Günü ilə bağlı Laçında keçirilən bayram tədbirində dedi.
Dövlətimiz zaval görməsin!
Bakıvaxtı.az