• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Məni o həddə çatdırmasınlar ki, plakat götürüb aksiya keçirim"  - Aktyor Əjdər Zeynalov

MÜSAHİBƏ

24 Iyul 2022 | 15:45

Məni o həddə çatdırmasınlar ki, plakat götürüb aksiya keçirim  - Aktyor Əjdər Zeynalov

Əjdər Zeynalov bu gün Azərbaycan kinosunda, teleserial istehsalında ən tələb olunan aktyorlardan biridir. Son illər çəkilən bədii və sənədli filmlərdə, telelayihələrdə, populyar seriallarda müxtəlif obrazlar yaradıb. Kino ona yetərincə populyarlıq qazandırsa da, müsahibim özünü teatr aktyoru hesab edir. Sevdiyi səhnədən, illərini verdiyi doğma kollektivdən uzaqlaşdırılmasını isə xırda məmurların böyük xətası sayır. Bir zamanlar böyük əziyyətlər hesabına yaşatdıqları İrəvan Dövlət Azərbaycan Dram Teatrına qayıdacağı günü səbirsizliklə gözləyir. Və ədalətin bərpa olunacağına inanır. 

İstedadlı aktyorun da rol aldığı “Xatirə və Xəta” bədii filmi  bu günlərdə böyük uğura imza atıb. Cəlaləddin Qasımovun öz ssenarisi əsasında çəkdiyi “Xatirə və Xəta” bədii filmi Fransanın Kann şəhərində keçirilən nüfuzlu “Cannes World” film festivalında seçilmiş filmlər siyahısında yer alıb.

Bakıvaxtı.az aktyor Əjdər Zeynalovla müsahibəni təqdim edir.

Bəzi rejissor dostlar elə hesab edir ki, aktyorlar onların filmlərində, seriallarında pulsuz çəkilməlidirlər

-  Aktyor çəkildiyi filmin beynəlxalq aləmdə uğur qazanmasına ən çox sevinənlərdən biridir yəqin...

- Bir filmin ərsəyə gəlməsi üçün yüzlərlə insan əziyyət çəkir, sözün əsl mənasında tər tökür və sonda əgər bu ekran işi uğur əldə edirsə bu sevincdən çəkiliş qrupunun hər bir üzvünə pay düşür. “Xatirə və Xəta” filmində əsas obrazlardan birini - Jurnalisti oynayan aktyor kimi deyə bilərəm ki, ekran əsərinin “Cannes World” festivalında seçilmiş filmlər siyahına düşməsi mənim üçün gözlənilməz olmadı. Çünki çəkilişlərin elə ilk günündən sonda maraqlı bir filmin ərsəyə gələcəyinə inanırdım. Bu əminlik komandanın hər yaradıcı, həm də texniki heyətində var idi. Cəlaləddin Qasımovun son illərdə çəkdiyi əksər filmlərdə rol almışam və bu filmlər müxtəlif beynəlxalq festivallarda mükafatlarla layiq görülüb. “Xatirə və Xəta” koronovirusun tüğyan etdiyi günlərdə həkimlərimizin, polis əməkdaşlarının və jurnalistlərin fədakarlığından bəhs edən filmdir. Film tamaşaçıya bu gün üçün çox vacib olan bir mesajı verməyə çalışıb-hər birimiz özümüzü, yaxınlarımızı, ətrafımızdakı insanları qorumağı bacarmalıyıq.

- Hər kinorejissorun güvəndiyi aktyorlar olur, məhz onlarla çalışmağa üstünlük verir. Əjdər Zeynalovu rejissor Cəlaləddin Qasımovun sevimli aktyorlarından biri hesab etmək olarmı?

- Statistika ortadadır, bayaq dediyim kimi, Cəlaləddin Qasımovun əksər filmlərində - “Şollerin arxivi”, “İkinci ömür”, “Edam günü”, “Xatirə və Xəta”da çəkilmişəm. Səmimi deyim ki, bir aktyor kimi mənə Cəlaləddin bəylə işləmək maraqlıdır, görünür, mənim də işim onu qane edir və filmlərində mənə rol verir. Cəlaləddin bəy uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb, Vətənini sevən, Azərbaycan mədəniyyətini, tarixini dünyada təbliğ etmək istəyən, bu sahədə maraqlı araşdırmalar aparan insandır.

Ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri olduğu filmlər  dünyanın müxtəlif qitələrində təşkil olunan kino festivallarda, müsabiqələrdə böyük maraqla izlənilib, mükafatlar qazanıb.

Ötən əsrin 40-cı illərində ölkəmizdə yaşamış bir alman ailəsinin həyatından bəhs edən “Şollerin arxivi” filmi dünyanın 150-dən çox ölkəsində nümayiş etdirilib, 40-a yaxın beynəlxalq festivalda iştirak edib və əksəriyyətində müxtəlif nominasiyalar üzrə qalib olub. “Edam günü” filmi 20-ə yaxın festivalın mükafatlarını qazanıb. Onu da deyim ki, bütün bu filmləri Cəlaləddin Qasımov öz vəsaiti hesabına çəkib, dövlət qurumları sadəcə texniki dəstək göstəriblər. Bu gün bizim kinomuzun məhz Cəlaləddin Qasımov kimi insanlara ehtiyacı var.

- Bu gün teleserial bazarında da bir canlanma var, rəqabət mühiti formalaşır. Aktyor və aktrisalarımız üçün də geniş meydan açılır. Teleseriallara tez-tez dəvət alan aktyorlardansınız...

- Həqiqətən də bir ara Azərbaycanda əsl teleserial bumu yaşandı, müxtəlif prodakşnlar yarandı və təbii ki, bunun ardından bir ələnmə prosesi başladı. Meydanda maliyyə dayaqları möhkəm olan, reytinq qazana bilənlər qaldı. Bu illər ərzində bir neçə baxımlı, reytinqli seriallara çəkilmişəm, sonuncu dəfə “Sükutun fəryadı”nda rol almışdım. ATV kanalında təxminən 9-10 seriyası nümayiş etdirildi. Təəssüf ki, maliyyə olmadığından yarımçıq dayandırıldı. Son vaxtlar bir neçə dəvət var idi, amma imtina etdim.   

- Ssenarilər qane etmədi, yoxsa qonorarla bağlı şərtlər?

- İnsafən ssenarilər pis deyildi, sadəcə... Bəzi rejissor dostlar elə hesab edir ki, aktyorlar onların filmlərində, seriallarında pulsuz çəkilməlidirlər. Başa düşmürəm, aktyorun ailəsi hava ilə dolanmalıdır? Həmin dostlara ultimatum vermişəm, yalnız mənim şərtlərimi yerinə yetirən prodakşnlarla əməkdaşlıq edəcəm. Yeri gəlmişkən, “Xəzər” TV-nin son zamanlar bu sahədə işini bəyənirəm, aktyora yaxşı qonorar verir. Məsələn, xeyli müddətdir ki, Az.TV-də İlqar Fəhminin ssenarisi əsasinda rejissor Nazilə Babayevanin çəkdiyi "Əslində biz" layihəsi layihəsi ilə əməkdaşlıq edirəm. Olduqca maraqlı, maarifçiliyə xidmət edən baxımlı bir layihədir. Layihədə çəkilən aktyorların da əməyinə dəyər verirlər.

Erməni terrorçusu Levon roluna çəkilməyim təkcə sənət aləmində deyil, ümumən həyatımda...

- Əjdər Zeynalovu kino aləminə, geniş tamaşaçı auditoriyasına tanıdan Elxan Cəfərov və onun “Dolu” bədii filmi oldu. Sualın bu cür qoyuluşu ilə razısınızmı?

- Sözsüz ki, məni tanıdan Elxan Cəfərov və onun “Dolu” filmi olub. Həmin filmdə erməni terrorçusu Levon roluna çəkilməyim təkcə sənət aləmində deyil, ümumən həyatımda müsbətə böyük bir dəyişiklik yaratdı. Müsahibələrimdə dönə-dönə bu məsələni xüsusi vurğulamışam, tanınmış rejissorumuz Elxan Cəfərova, istedadlı yazıçımız Aqil Abbasa minnətdaram ki, “Dolu” kimi bir filmi ərsəyə gətirdilər və Levonu mənə etibar etdilər. “Dolu” ekranlara çıxandan sonra hara gedirdimsə bu filmdən, çəkildiyim erməni rolundan söhbət düşürdü. Saytınızın yaratdığı fürsətdən istifadə edib Aqil Abbasa və Elxan Cəfərova bir daha təşəkkürlərimi yetirirəm.

Amma “Dolu” mənim böyük kinoda debütüm deyildi, ilk dəfə məni filmə çəkən istedadlı kinorejissor Rüfət Əsədov olub. Rüfət bəyin “İtirilmiş həqiqət” bədii filmində rus zabiti obrazını oynamışam. Özü də bu rola məhz mənim çəkilməyim üçün quruluşçu rejissor əsl fədakarlıq edib.

- Necə?

- Filmin çəkilişləri başlayan ərəfədə çalışdığım İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə Dərbəndə 20 günlük qastrola getmişdim. Filmin istehsalçıları təzyiq ediblər ki, çəkilişlər təcili başlamalıdır, Əjdəri başqa aktyorla dəyişin. Lakin Rüfət Əsədov sözündən geri çəkilməyib, deyib ki, rus zabiti obrazına ya Əjdər Zeynalov çəkiləcək, ya da mən bu filmdən imtina edəcəyəm.

- İsveçdə yaşayan istedadlı rejissor Rahim Sadıqbəyli ilə bu günlərdə Bakıda görüşdük, yeni lentə aldığı “Şuşa özünə qayıdır” adlı sənədli filmi barədə danışdıq. Sizin korifey sənətkarımız Bülbülün obrazında fotolarını göstərdi, sözün açığı, çox təəccübləndim...

- Rahim bəylə bir-birimizi tələbəlik illərindən tanıyırıq. Həmişə deyirdi ki, bir rejissor kimi səni  müxtəlif tarixi şəxsiyyətlərin obrazında görürəm. Qismət elə gətirdi ki, tanınmış rejissor və fotoqraf Mikael Silkeberglə birgə çəkdikləri “Şuşa özünə qayıdır” sənədli filmində məni Bülbül obrazına dəvət etdi. Rahim bəy də ilk gündən şərt qoyub ki, Bülbül rolunda ancaq Əjdəri görürəm və hökmən onu çəkəcəm. Filmi çəkmək üçün Şuşaya getdik, qrim ustaları Elbrus Vahidov və Eldar İsrafilovun köməyi ilə obrazın zahiri görünüşü üzərində işlədik. Mən Bülbülün ev-muzeyində qurulan çəkiliş meydançasına gələndə ətrafdakılar şoka düşdü.

Film üzərində iş demək olar ki, tamamlanıb, tamaşaçılar Bülbüllə yanaşı Molla Pənah Vaqif, Üzeyir Hacıbəyli və Xurşudbanu Natəvanın da bədii obrazlarını görə biləcəklər. Rahim Sadıqbəyli ilə bu günlərdə əlaqə saxladım, bildiyimə görə, filmin bir neçə beynəlxalq kino festivalına göndərilməsi nəzərdə tutulub. Vətən savaşında tarixi zəfərimizin növbəti ildönümü ərəfəsində “Şuşa özünə qayıdır” filmi Azərbaycanda da nümayiş etdiriləcək.

Tarixdə kiçik məmurların yox, yaradıcı insanların adı qalır

- Sizin kinodakı fəaliyyətiniz barədə geniş danışdıq. Teatrdakı yaradıcılıq işlərinə də toxunmaq istərdim, lakin təəssüf ki, son illər səhnədən uzaq düşmüsünüz? Çətin deyil ki?

- Əlbəttə çətindir. Səhnədən, doğma kollektivdən zorla, bir kiçik məmurun böyük xətası üzündən kənarlaşdırıldığımı nəzərə alsaq, vəziyyət lap düzülməzdir, ürəyim partlayır. 1989-cu ildə ermənilər İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivini öz doğma yurd yerindən qovandan sonra teatr Bakıda məskunlaşdı. O dövrdən son illərə qədər həmin teatrın aparıcı aktyorlarından biri olmuşam. Ən ağır illərdə kollektivin fədakar üzvləri ilə əl-ələ verib doğma teatrı yaşatmışıq. Mənim həmin dövrdəki fəaliyyətimi kollektivin hər bir üzvü yaxşı bilir, bircə indiki direktordan başqa.

Ola bilsin deyəcəyim bu söz bəzi həmkarlarımın xoşuna gəlməyəcək, mənim fikrimcə, aktyor sözü birbaşa teatrda çalışan ifaçıya aiddir. Aktyor məhz səhnədə, tamaşaçı nəfəsini duyaraq inkişaf etməlidir. Beş ildir ki, məni səhnədən, doğma kollektivimdən, sevdiyim və bacardığım peşədən uzaq saxlayıblar. Şərin, böhtanın qurbanı olduğumu teatrımızın vicdanlı işçiləri də, Mədəniyyət Nazirliyinin keçmiş rəhbərliyi də, məhkəmələr də yaxşı bilir. İşə vaxtında gəlməyimə baxmayaraq rəhbərlik mənə şər atdı ki, guya 30 dəqiqə gecikmişəm. O qədər də aciz adam deyiləm, hüquqlarımı müdafiə etməyi, mübarizə aparmağı bacarıram. Birinci instansiyada-Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə mənim haqlı olduğum sübut olundu. Qarşı tərəf apellyasiya şikayəti verdi, Apellyasiya Məhkəməsində mənə qarşı hansı oyunlar oynanıldı, bu da teatr ictimaiyyətinə yaxşı məlumdur. Prosesə gətirilən yalançı şahidlərin çoxu mənim işə gecikdiyim deyilən həmin gün özləri heç teatrda olmamışdılar. Teatrın Həmkarlar Təşkilatının iclasının protokolu saxtalaşdırılıb, bu barədə məndə rəsmi sənəd var. Mədəniyyət Nazirliyinin keçmiş rəhbərliyi bütün bu məsələləri yaxşı bilirdi. Sadəcə, mən indi gedənin arxasınca danışmaq istəmirəm...

- Bəs nazirliyin yeni rəhbərliyi ilə görüşə bilmisinizmi?

- Yeni təyin edilən mədəniyyət naziri Anar Kərimovun keçirdiyi onlayn qəbulda iştirak edib üzləşdiyim problem, teatrda digər sənət adamlarına qarşı törədilən qanunsuz addımlar, kollektivdə bu gün hökm sürən atmosfer barədə ətraflı məlumat vermişəm. Cənab nazir məni çox səbrlə dinlədi, qeydlərini apardı və söz verdi ki, məsələ müsbət həll olunacaq. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın qəbulunda iki dəfə olmuşam, Qənirə xanım nazirin birinci müavini Elnur Əliyevə telefonda danışıb. Bilirsiniz ki, pandemiya səbəbindən teatrlar uzun müddət qapalı qaldı, indi də məzuniyyət dövrüdür. Sentyabrda yenə nazirliyin rəhbərliyi ilə görüşüb müraciətimin müsbət həlli üçün çalışacam. Mən etikaya, ədəb qaydalarına əməl edən adamam, amma müəyyən həddə qədər. Amma məni o həddə çatdırmasınlar ki, plakat götürüb dövlət orqanları qarşısında aksiya keçirim. Mən ədalətin bərpa olunacağına inanıram. Dəfələrlə töhmət alan direktor da, onun bəzi havadarları da bilməlidir ki, tarixdə kiçik məmurların yox, yaradıcı insanların adı qalır. Bu günlərdə Azərbaycan Prezidenti İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladı. Yeri gəlmişkən, bu teatrın yaşamasında və inkişafında zəhməti olan bir insan kimi dövlət başçısına minnətdarlığımı bildirirəm.

Teatrın direktoru İvtixar Piriyev “Prezident.az” saytına məktub göndərərək təşəkkürünü çatdırıb, amma bu məsələdə də saxtakarlıq edib. Öz titulunu qeyd edəndə yazıb ki, Əməkdar mədəniyyət xadimi. Bu adam aldığı fəxri adı da doğru-düzgün yaza bilmir. Azərbaycanda Əməkdar mədəniyyət xadimi fəxri adı yoxdur, İvtixar Piriyev 2007-ci ildə Əməkdar mədəniyyət işçisi adını alıb. Mədəniyyət Nazirliyinin rəhbərliyi buyurub soruşsun görək rəsmi dövlət təltifini saxtalaşdırmaqda Piriyevin məqsədi nədir?        

Etibar Cəbrayıloğlu

 

 

 

 

           


SON XƏBƏRLƏR

28 Mart 2024