“Son illərdə Bakı şəhərində mənzil bazarının dinamikası ciddi dəyişikliklərə uğrayıb”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikri “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov səsləndirib.
Onun sözlərinə görə, şəhər həyatının daha da intensivləşməsi, əhali sayının artması və urbanizasiyanın sürətlənməsi fonunda mənzilə olan tələbat yüksəlib. Bu da qiymətlərin təbii şəkildə artmasına gətirib çıxarıb.
Orxan Məmmədov bildirib ki, xüsusilə orta və aşağı gəlirli təbəqələr üçün mənzil əldə etmək prosesi xeyli çətinləşib.
“Lakin müasir dövrdə bu sahədə yeni yanaşmalar və istiqamətlər formalaşmaqdadır. Əvvəla, enerji səmərəliliyi və ekoloji yanaşma kimi müasir şəhərsalma prinsipləri mənzil fondunun inkişafında əsas amillərdən birinə çevrilib. Yeni layihələrdə texnoloji cəhətdən inkişaf etmiş, ekoloji zərərləri minimuma endirən və enerji baxımından qənaətcil mənzillərin inşası nəzərdə tutulur”, – deyə o vurğulayıb.
KOBİA rəhbəri əlavə edib ki, bu inkişaf təbiətə ziyan vurulmaması prinsipi ilə həyata keçirilməlidir.
“Şəhərin yaşıllıqlarının qorunması, tullantıların idarə olunması, ağacların kəsilməməsi və zərərli təsirə məruz qalmış ərazilərin əvəzində yeni sahələrin salınması vacib şərtlər kimi önə çıxır”, – deyə Orxan Məmmədov qeyd edib.
Mina Mikayılova