Ukrayna ordusu bir neçə gündür ki, Krımı Rusiya ilə birləşdirən quru yol və dəmir yollarına ardıcıl dron hücumları edir. Logistik xətlərə endirilən silsilə zərbələr Krım yarımadasının təchizat zəncirində ciddi böhrana səbəb olub.
Rusiya hərbi rəhbərliyi yaranmış təhlükəli vəziyyət fonunda strateji marşrutlardan birini bağlamaq barədə təcili qərar qəbul edib. Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun işğalı altındakı Mariupol şəhərinin dəniz limanının obyektlərinə də zərbələr endirib. Bildirilib ki, liman Rusiya tərəfindən hərbi logistika, eləcə də Ukrayna taxılının, kömürünün və metalının federasiyaya qanunsuz ixracı üçün istifadə olunurdu. Rusiya Hava Hücumundan Müdafiə sistemləri regionlar üzərində 14 idarəolunan aviasiya bombası və 766 kamikadze vurduğunu açıqlayıb. Rusiya Ukraynanın hərbi dəniz bazasının vurulduğunu da açıqlayıb.
Politoloq Əlimusa İbrahimov Bakıvaxtı.az-a deyib ki, 4 il davam edən müharibədə Rusiyanın Ukraynaya davamlı hücumlarına, ərazi işğallarına şahidlik etsək də, Ukraynanın Rusiyaya ciddi müqavimət göstərmədiyini görürdük.
Ekspert vəziyyətin dəyişdiyini, Ukraynanın Rusiyaya qarşı ciddi addımlar atmağa başladığını bildirib:
“Krımda vəziyyətin gərginləşməsi də bununla bağlıdır. Nəyə görə Ukrayna məhz Krımdan başlayıb? Səbəbi odur ki, müharibənin başlanğıc nöqtəsi elə Krım idi. Ukraynanın Krıma yönəlik hərbi əməliyyatları, orada insanları Rusiya əleyhinə təşkilatlanması müharibənin başqa fazaya keçdiyinin, Ukraynanın daha güclü müqavimət göstərdiyinin əlamətidir”.
Politoloq qeyd edib ki, həmçinin, Ukraynanın Krımda fəaliyyət imkanları daha genişdir, nəinki Rusiya qoşunları ilə üzbəüz dayandığı Donetsk vilayətində. Onun sözlərinə görə, Krımda əhalinin çox hissəsi Ukrayna ab-havası il yaşayır. Krımın əldən çıxması Rusiyanın digər cəbhələrdə də zəifləməsinə səbəb olacaq:
“Rusiya Donetskdə irəlilədiyini, hücumları genişləndirdiyini iddia edir. Amma orada vəziyyətin Rusiyanın xeyrinə deyil. Son 1 ayda Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin 100 km.-dən çoxunu azad edib”.

Əlimusa İbrahimov: Rusiya öz hədəflərinə çata bilməyib, eyni zamanda müharibədən yorulmayıb
Analitik tərəflər arasında danışıqların baş tutma ehtimalından da söz açıb:
“Diplomatik danışıqlar müharibənin sonunda ortalığa çıxır. Yəni o zaman diplomatik danışıqlara müraciət edilir ki, ya tərəflərdən biri uduzur və beynəlxalq təşkilatların səyi ilə danışıqlar başlayır. Ya da tərəflərin hər ikisi müharibədən yorulur və cəbhədə nəticə əldə etməyin mümkünsüzlüyünü görür. Bu zaman tərəflər diplomatik danışıqlara gedirlər. Hesab edirəm ki, Rusiya-Ukrayna cəbhəsində qeyd etdiklərimin heç biri baş vermir”.
Müsahibimiz bildirib ki, Rusiya öz hədəflərinə çata bilməyib, eyni zamanda müharibədən yorulmayıb. Ukrayna da görür ki, Rusiya qarşısında tab gətirmək, müqavimət göstərmək imkanları var:
“Kiyev Qərbdən yetərli dəstək aldığı üçün diplomatik danışıqlara tələsmir. Daha doğrusu, Ukrayna Rusiyanın şərtləri altında danışıqlara getmək istəmir”.
Aydın Baxış
Bakı 



