• Bakı 18° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Novruzu niyə “topal bayram” adlandırırlar? - Folklorşünasdan MARAQLI MÜSAHİBƏ

MÜSAHİBƏ

14 Mart 2022 | 10:26

Novruzu niyə “topal bayram” adlandırırlar? - Folklorşünasdan MARAQLI MÜSAHİBƏ

Sabah ilaxır çərşənbə - Torpaq çərşənbəsini qeyd edəcəyik. Əksəriyyət hesab edir ki, son illər sonuncu iki çərşənbənin yerini dəyişməklə tarixən formalaşmış ardıcıllıq pozulur. Bi iddiada olanlara görə, çərşənbələrin məntiqi ardıcıllığı belə olmalıdır: Su çərşənbəsi yaz fəsilini səciyyələndirir. Qar əriyir, çaylar aşıb-daşır; Od çərşənbəsi yay fəsilinin göstəricisidir, Günəş Yeri daha çox isidir, məhsul yetişir; Torpaq çərşənbəsi payız fəsilini əks etdirir, torpağın verdiyi bar-bərəkət toplanır; Yel çərşənbəsi qışın rəmzidir, soyuq külək əsir, şaxta-çovğun olur, torpaq qar altında dincəlir...

Folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Şakir AlbalıyevBakıvaxtı.az-a müsahibəsində bu məsələyə də aydınlıq gətirib.

Novruz bayramı sərhədlər tanımır

- Novruz bayramının tarixi haqqında nə deyə bilərsiniz?

- Novruz bayramının tarixi bəşəriyyətin tarixi qədərdir. Bəşəriyyət nə vaxtdan özünü, ətraf aləmi tanıyıbsa, dünyaya obrazlı münasibət bəsləməyi bacarıbsa, mifoloji düşüncə forması yaranmağa başlayıbsa, Novruz bayramının tarixi də o vaxtdandır. Yəni, Novruz bayramının ən azı 10 min ildən çox tarixi var. Novruz bayramı milli olduğu qədər də bəşəri bayramdır. Bəşəriliyi ondadır ki, Novruz bayramı sərhədlər tanımır. Novruz baydamı həm Şərq dünyasında, İslam və Xristian aləmində, həm də Türk dünyasında qeyd olunan bir baydamdır. Misal üçün, qaqauz türkləri Xristian dininə sitayiş edirlər, ancaq onlar da Novruz bayramını qeyd edirlər. Bu nöqteyi-nəzərdən Novruz bayramı sərhədlər tanımır.

- Qeyd etdiniz ki, Novruz bayramının tarixi çox qədimdir. Bəs Azərbaycan ədəbiyyatında şifahi xalq ədəbiyyatını istisna etsək, başqa yazıçılarımızın əsərlərində bu bayrama aid ünsürlər tapmaq olar?

- Əlbəttə, müxtəlif şair və yazıçılarımızın əsərlərində bunlara kifayət qədər rast gəlinir. Təbii ki, bu, xalqın bayramıdırsa, ayrı-ayrı yazıçıların, şairlərin əsərlərində öz əksini tapmalıdır. Ola bilsin ki, bəzi əsərlərdə ad Novruz bayramı olaraq qeyd olunmayıb. Çünki bu gün də deyirlər ki, bayram bizimdir, atası bizik, amma adının atası farslardır. Keçmiş əsərlərdə başqa ad altında qeyd olunması bundan irəli gələ bilər.

- “Novruz” sözünün farslardan gəldiyini dediniz, mənası nədir?

- Bu ad “Nov” və “rus” sözlərindən yaranıb. “Nov” fars dilində “yeni”, “rus” isə “gün” deməkdir. Yeni fəslin gəlişinin ilk günü gecə-gündüz bərabərliyi olduğuna görə “Yeni gün”, yəni “Novruz” adını veriblər. Maraqlıdır ki, ruslarda “novigod” sözü də yeni il mənasına gəlir.

4 fəsil yerini dəyişmədiyi kimi dörd çərşənbə də yerini dəyişməməlidir

- Novruz bayramına aid 4 çərşənbə var, ancaq son illər son iki çərşənbənin (hava və torpaq çərşənbəsinin) yerinin dəyişdirildiyi issia olunur. Buna münasibətiniz nədir, ümumiyyətlə, tarixən Novruz bayramında çərşənbələr olub?

- Çərşənbələr Novruz bayramının ayrılmaz bir tərkib hissəsidir. Onları Novruz bayramından təcrid etmək olmaz. Novruz bayramının bətnindən çərşənbələr doğur. Bu, mənim mütəxəssis olaraq öz fikirlərimdir. O ki qaldı sıra ardıcıllığına, bu mövzuda alimlərimiz arasında iki cəbhə yaranıb. Bəziləri Torpaq çərşənbəsini, bəziləri isə Yel çərşənbəsini sonuncu götürür. Rəhmətlik Azad Nəbiyev Torpaq çərşənbəsini, Abdul Bəhlulla isə Yel çərşənbəsini sonuncu götürürdü. Çox təəssüf ki, mən bir folklorşünas olaraq heç bir bölgədə bayramın əvvəlində gələn çərşənbələrin ad sırasının necə olmalı olduğu ilə bağlı hər hansı bir informasiyaya rast gəlməmişəm. Olubsa da, bu gün yoxdur. Bunu alimlərimiz tərtib ediblər. Mənim özümün isə bu haqda tam başqa fikirlərim var. Mənə görə birinci Od, ikinci Torpaq, üçüncü Su, dördüncü isə Yel çərşənbəsidir. Əgər Novruz təbiət bayramıdırsa, hər fəsil bir novruzdur, hər çərşənbə bir fəsildir. Bu çərşənbələrin hər biri, həm də bir fəsli ifadə edir. Od çərşənbəsi yayı, Torpaq çərşənbəsi payızı, Su çərşənbəsi qışı, Yel çərşənbəsi isə Bahar fəslini ifadə edir. Təbiətdə 4 fəsil yerini dəyişmədiyi kimi bu dörd çərşənbə də yerini dəyişməməlidir.

Novruz bayramı çox mübahisəli bir bayramdır

- Bayaq da qeyd etdiyiniz kimi, Novruz bayramı müxtəlif dinlərdə qeyd olunur. Ancaq bu bayramda müxtəlif fallara baxılır, oyunlar oynanılır. Əgər İslam dininə aiddirsə, fallara baxılması sonradan əlavə olunmuş ola bilər?

- O nöqteyi-nəzərdən Novruz bayramı çox mübahisəli bir bayramdır. Çünki bir vaxtlar İslam dini Novruz bayramını qəbul etmirdi ki, topal, şikəst bayramdır. Yəni, yeriyə bilməyən baydamdır. Ona görə ki, İslam dinindəki bütün bayramlar on gün geriyə çəkilir. Çünki Qəməri təqvim 355 gündür. Novruz bayramı yerində hərəkət etmədən qaldığına görə, topal bayram adlandırıblar. Sonradan İslam dini Novruz bayramının sirrini, hikmətini, sehrini gördükdən sonra özəlləşdirməyə, hətta onu həzrətləri taxta çıxan gün də adlandırdılar. Novruz bayramının hikməti, sehri o qədər böyükdür ki, bir çox din, dünyagörüşləri özlərinə uyğunlaşdırıblar.

Aytac Aslan



​​​​​​​


SON XƏBƏRLƏR

19 Aprel 2024