"Bugünədək Azərbaycan-Ermənistan sülh prosesində müxtəlif vasitəçilik təşəbbüslərini görmüşük. Onların içərisində Rusiya, Avropa İttifaqı, ABŞ olub. Hər bir halda bu güc mərkəzləri müəyyən mənada az da olsa prosesə töhfə veriblər".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, konkret nəticələr məhz danışıqlar masasını ikili müstəviyə daşıdıqdan sonra ortaya çıxmağa başlayıb:
"Sərhədlərin müəyyənləşmə prosesində artıq 12-13 kilometr məsafə delimitasiya və demarkasiya olunub. Bu proses davam edir. Eyni zamanda sülh müqaviləsinin 13 müddəasını ehtiva edən mətn də tamamilə razılaşdırılıb. Bütün bunlar ABŞ-nin və digər güc mərkəzlərinin iştirakı olmadan baş tutub. Sadəcə sülhün nə qədər yaxın olduğunu ABŞ də görür. Bu baxımdan sülhü siyasi, geosiyasi uğur kimi Donald Trampın adına yazmaq istəyirlər. Çünki Trampın "sülh göyərçini" görüntüsü ilə əsas hədəflərindən biri Nobel sülh mükafatını almaqdır".
Natiq Miri: ABŞ-nin bu prosesdə sülhpərvər rolu digər təxribatçıların prosesə mənfi yöndə müdaxiləsinin qarşısını alacaq
Analitikin fikrincə, Trampın komandasının niyyəti onun dosyesinə "Azərbaycan-Ermənistan arasında sülhə nail oldu" ifadəsini əlavə etməkdir:
"Məhz buna görə sülh prosesində irəliləyişi, görüşləri ABŞ-nin, daha doğrusu, konkret Trampın adına çıxırlar. Ancaq hər bir halda əgər Amerika bu prosesdə həqiqətən dağıdıcı deyil, real sülhü səmimi dəstəkləyəcək ünsür olarsa, bunu müsbət dəyərləndirmək olar. ABŞ-nin bu prosesdə sülhpərvər rolu digər təxribatçıların prosesə mənfi yöndə müdaxiləsinin qarşısını alacaq. ABŞ bir növ çəkindirici məqamdır".
Aydın Baxış