• Bakı 33° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

“Ordu-dövlət”, “oxlu kirpi”, bir ömür əsgərlik...

CƏMİYYƏT

22 Sentyabr 2021 | 12:07

“Ordu-dövlət”, “oxlu kirpi”, bir ömür əsgərlik...

Dünya gör-götür dünyasıdır. Yaxın-uzaq bilmədən əsrlər boyu o xalq bundan öyrənib, bu xalq ondan. Bu iş –bilik və təcrübə mübadiləsi indi qat-qat asan başa gəlir, çünki dünya artıq bir cib telefonunun“ağlı”na sığışacaq qədər balacadır. Dövrümüzdə Qafqaz dağlarından Alp dağlarına səmərəli “səyahət” və ya “iş ezamiyyəti” uzağı bir neçə dəqiqə çəkə bilər.

Hə, niyə məhz Alp dağları, məsələn, Karpat yox? – Çünki məqsədim İsveçrə ordusu, daha doğrusu, onun maraqlı və bənzərsiz cəhəti haqqında beş-on kəlmə yazmaqdır.

Bəzi tarixçilər qədim türklər haqqında “ordu-millət” ifadəsi işlədiblər. İsveçrə Konfederasiyasına “ordu-dövlət” demək olar, ya yox – bilmirəm, amma isveçrəlilərin özü deyir ki, İsveçrənin ordusu yoxdur – İsveçrə özü ordudur!

İsveçrəni banklarına görə tanıyan işgüzar, saatına, şokoladına, pendirinə görə bəyənən istehlakçı oxucu, göllərinə və dağlarına görə xoşlayan səyyah oxucu, dövlət quruluşuna görə qiymətləndirən siyasiləşmiş oxucu, bəlkə də, bilmir ki, İsveçrənin bir “ticarət nişanı” da onun ordusudur.

Amma kim olmasa da, “Baharın on yeddi anı” filminin sadiq tamaşaçıları İsveçrənin neytral ölkə olduğunu və öz neytrallığını iki dünya müharbəsində belə, saxladığını bilirlər. Bəli, bu artıq 205 ildir bu cürdür. Bəs onda ordu İsveçrənin nəyinə gərəkdir, bir halda ki heç bir blokda yoxdur, nə kiminsə onunla vuruşmaq fikri var, nə onun kiminləsə; İsveçrə, əksinə, bir-biriylə vuruşanlara danışıq aparmaq üçün öz ərazisində yer verməyə həmişə hazırdır!?

İsveçrəlilər başqa cür düşünürlər – onların neytrallığı silahlı neytrallıqdır, ona görə də orduları mütləq (!) olmalıdır və bu onlara həmçinin öz hərbi-siyasi bitərəfliliklərini qorumaqdan ötrü lazımdır. Hətta zarafat da edirlər: “Siz bizim qonşularımızın keçmişinə baxın – Napoleon Fransası, Mussolini İtaliyası, Hitler Almaniyası!..”

Beləliklə, İsveçrə ordusu: 1) Qərbdə tək-tük çağırış ordularından biridir, yəni peşəkar, müqaviləli ordu deyil, ümumi hərbi mükəlləfiyyət və icbari hərbi xidmətə əsaslanır (orada könüllü-müqaviləli qulluq təzə-təzə yaranır və cüzi faiz təşkil edir); 2) quruluşuna görə kadr-milis (“milis” – xalq qoşunu) ordusudur, yəni az sayda əsgər + çox sayda zabit və kiçik zabit (bizim gizir, çavuş kimilər) + mülkidəki ehtiyat + mütəmadi keçirilən təlim toplanışları; 3) lazım olanda 2-4 saata 20-22 minlik ordudan 650 minlik, iki gecə-gündüzə isə milyon yarımlıq – olduqca yaxşı təlim keçmiş, olduqca yaxşı təşkil olunmuş və olduqca yaxşı silahlanmış! – orduya çevrilir.

Məlumatlı və diqqətli oxucu 20-22 (min) rəqəmini görüb karıxa bilər – axı o, çox yerdə 120-140 (min) rəqəminə rast gəlib. Bəli, həqiqətən də, bütün rəsmi və qeyri-rəsmi qaynaqlarda İsveçrə ordusunun say tərkibi yüz mindən artıq göstərilir. Məsələ burasındadır ki, eyni vaxtda onda cəmi 20-22 min adam xidmət keçir, bunun yarısından çoxu gənc çağırışçılar və yenidən hazırlamaya cəlb edilən ehtiyatdakılar, yarısından azı isə peşəkar hərbçilərdir – ordu qərargahında olanlar, yüksək komandirlər, təlimatçılar, təyyarəçilər və sairə.

İsveçrədə həbri mükəlləfiyyət yaşı 18-21 yaşdır, hərbi xidmətə yararlılıq 25 yaşdan gec olmayaraq təyin olunur, çağırış yaşı isə 33-də bitir.

Orduya ildə 40 min adam çağırılır, onların böyük qismi tibbi müayinədən tam yararlı çıxaraq qoşunlarda xidmətə göndərilir, bir qismi müəyyən səbəblərdən hərbi xidmətə yaramır və mülki müdafiə sahəsində qulluq edir. Yararlı olub üzrlü səbəbdən xidmət edə bilməyənlərin əməkhaqqından 30 yaşacan 3 faizli ordu vergisi tutulur. İsveçrəli çağırışçı alternativ xidmət hüququndan da istifadə edə bilər, lakin bu ona ənənəvi xidmətdə olduğundan yarım dəfə artıq müddətə başa gələcək. Orduda xidmətdən yayınanı isə böyük məbləğdə cərimə və həbs gözləyir.

İsveçrə ordusunun sıravisi – şənbə-bazar günlərini çıxmaqla – 260 gün əsgərlikdə olur, lakin o bu müddəti bir dəfəyə keçmir, bu günlər təxminən 10 il boyu paylanır və 8 hissəyə bölünür. Onu orduya əvvəlcə – qoşun növündən və hərbi ixtisasdan asılı olaraq – 18, 21 və ya 25 həftəliyinə çağırırlar. Bunun ilk 3-7 həftəsi, bizim dildə desək, gənc əsgər kursudur. İkinci 7-10 həftə hərbi ixtisasın baza bilik-bacarıqlarını mənimsəməyə gedir. Sonrakı 5-8 həftədə isə bu bilik-bacarıqlar təcrübədə sınanır.

Bundan sonra döyüçünü evə buraxırlar. Özü də, əliboş yox – ona şəxsi tabel silahı (tüfəng və ya tapança), ilin hər fəsli üçün nəzərdə tutulmuş üç dəst hərbi geyim, zirehli gödəkçə və dəbilqə, habelə ancaq müdafiə nazirinin əmri ilə aça biləcəyi “nazir konservi” verilir. (2007-ci ilə qədər bu dəstə 2 xəzinə güllə də daxil idi, lakin həmin ildə qərara alındı ki, xəzinələr hərbi hissələrin anbarında qalsa, daha məsləhətlidir. Məlumdur niyə.) Ehtiyatda olan gənc bunları istədiyi yerdə saxlaya bilər, yoxlayan belə olmayacaq. Amma növbəti çağırış vaxtı o, xidmətə tam hazır, necə deyərlər, yarlı-yaraşıqlı və yaraqlı-yasaqlı vəziyyətdə öz hərbi hissəsində olmalıdır. Belə çağırışlar sonrakı 10 il ərzində 7 dəfə olur və hər dəfə də təlim toplanışları 3 həftə çəkir.

Beləcə isveçrəli 32 yaşında hərbi səfərbərlik ehtiyatının yeni mərhələsinə qədəm qoyur. Bu dövrdə onu növbəti 10 ildə 3 dəfə 2 həftəliyinə orduya çağıracaqlar.

Lakin bu da son deyil. 42 yaşdan sonra – 51 yaşın tamamına qədər isveçrəli daha bir dəfə də əsgər gedir və 2 həftəlik toplanışa cəlb olunur. Bundan sonra onu ordudan tərxis edirlər. O bir də döyüşçü kimi vətənə yalnız müharibə və ümumi səfərbərlik zamanı lazım ola bilər.

Sıravi heyətdən fərqli olaraq, isveçrəli kiçik zabitlərin: “çavuş” və “gizir”lərin xidməti daha uzun çəkir – müvafiq olaraq 430 və 500 gün. Ehtiyatda olan zabitlərsə 600 gün xidmət edirlər. Onlar da, bunlar da eyni qaydada, necə deyərlər, fasilələrlə və bir ömür.

Bütün bunlara ildə bir dəfə vacib olan və hər dəfəsi zabit-əsgər vəsiqəsində qeyd olunan atışları da əlavə etsək, həqiqətən heyrətamiz bir mənzərə ilə qarşılaşarıq.

İsveçrədə xalq-ordu birliyi o qədər üzvidir ki, istər fəhlə, istər kəndli, istər alim, istər bankir, istər prezident ol – vaxtı çatanda vətənə borcunu ödəməlisən və ödəyəcəksən! Əslində isveçrəli kişilərin böyük əksəriyyəti – iş-peşəsindən, sosial vəziyyətindən, statusundan asılı olmayaraq – bu işə olduqca normal baxır, hərbi xidmətə həvəslə yollanır. Vətənin keşiyini çəkdikləri həftələrdə iş yerləri saxlanır, əməkhaqlarının 80 faizi verilir, üstəlik onlar günü 6-9 dollardan zabit-əsgər maaşı alırlar. Ən başlıcası isə, hərbi toplanışlar isveçrəli kişilərə nəinki döyüş qabiliyyətlərini təzə saxlamağa, həmçinin şəxsi həyatlarında və iş fəaliyyətlərində olan yeknəsəqlikdən vaxtaşırı yaxa qurtarmağa, sırf kişi kollektivində vaxt keçirməyə, “barıt qoxulamağ”a, ekstremal vəziyyətlər yaşamağa, yeni tanışlıqlar-dostluqlar qurmağa və daha nələrə imkan verir.

Beləliklə, gənc əsgər məktəbləri, təkrar hazırlıq mərkəzləri, hərbi tədris müəssisələrinin geniş şəbəkəsi mükəmməl çağırış-səfərbərlik sistemi və ən müasir maddi-texniki təchizat ilə çulğaşaraq İsveçrə ordusunu dünyanın ən səmərəli silahlı qüvvələri sırasına çıxarıb. Onun nümunəsindən bəhrələnən ordular sırasında, məsələn, İsrail ordusu da var.

İndisə, məncə, ən əlamətdar fakt: 2013-cü ildə İsveçrədə “Hərbi çağırış ləğv olunsunmu?” sualı referenduma çıxarılanda isveçrəlilərin 73 faizi ümumi hərbi mükəlləfiyyətin saxlanılmasına səs verdi. Bütün sorğulara görə, 18-19 yaşda olan isveçrəlilərin 80 faizə yaxını indiki qaydada vətənə xidmət eləməyə razı və hazırdır. Bu isə ölkədə hərbi-vətənpərvərlik ruhunun xeyli yüksək olduğunu göstərir.

İsveçrəlilər öz müdafiə strategiyalarını “oxlu kirpi” adlandırmağı sevirlər – istiqlaliyyət və neytrallıq təhlükə qarşısında olarsa, bu “ordu-dövlət” oxlu kirpi sayağı yumaq kimi bükülərək oxlarını qabardacaq və düşmənin hücumunu dəf edəcək.

Seymur Şahbaz-zadə

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

06 Avqust 2025