"Laçın Hava Limanı Şərqi Zəngəzurun inkişafı üçün yeni iqtisadi imkanlar yaradır".
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Laçın Beynəlxalq Hava Limanının əhəmiyyətindən danışıb.
Deputat bildirib ki, Laçın Hava Limanı yalnız strateji deyil, həmçinin iqtisadi baxımdan Şərqi Zəngəzurun inkişafı üçün yeni imkan deməkdir.
Onun sözlərinə görə, Laçına səfər edən Türkiyə və Pakistan liderləri bir daha hər zaman Azərbaycanın yanında olduqlarını nümayiş etdirdilər:
"Ölkəmizin Türkiyə və Pakistanla daha da dərinləşən münasibətləri bir daha təsdiq edir ki, Azərbaycan xarici siyasətdə qardaşlıq və strateji əməkdaşlıq modelinə üstünlük verir. Bir-birinə yaxın dost və qardaş olan 3 dövlət beynəlxalq platformalarda və eləcə də ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər".
Vüqar Bayramov qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsinin artırılması əsas hədəflərdən biridir:
"2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-ci ildə 5 milyard 842 milyon dollar və 2021-ci ildə 4 milyard 661 milyon dollar olmuşdur. Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır".
Deputat həmçinin əlavə edib ki, Azərbaycan ilə Pakistan arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən cüzi dəyişiklik olsa da, 2021-ci illə müqayisədə dövriyyə 2.3 dəfə artıb. 2021-ci ildə 11.7 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə 27 milyon dollara yüksəlib. Pakistan ilə ticarət dövriyyəsinin 2 milyard dollaradək artırılması əsas hədəflərdəndir.
Sonda o vurğulayıb:
"Bu o deməkdir ki, Azərbaycan iki qardaş dövlət olan Türkiyə və Pakistan ilə ticarət dövriyyəsini yaxın illərdə 17 milyard dollaradək artırmağı hədəfləyir. Bu, yeni strateji əməkdaşlıq strategiyasıdır".
Mina Mikayılova