Ölkəmizdəki müəssisələrdə POS-terminallardan istifadənin azalması müşahidə edilir. Artıq sahibkarlar yeni yola əl atıb: "kartdan-karta" ödəniş.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, vətəndaş istifadə etdiyi bank kartının mobil tətbiqi vasitəsi ilə ödənişi məhsul əldə etdiyi müəssisənin kartına göndərərək prosesi həyata keçirir. Son dövrlərdə Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdən daha çox kartdan-karta köçürmələrin artması müşahidə edilir. Bu tendensiya cəmiyyətin bəzi nümayəndələri tərəfindən vergi öhdəliklərindən yayınma vasitəsi kimi qəbul edilir.
Lakin elə obyetklər var ki, onlarda ümumiyyətlə POS-terminal qurğusu yoxdur. Qurğuların olmaması həm ölkəmizə gələn turistlərə, həm də bir çox nağdsız ödəniş əməliyyatı həyata keçirən vətəndaşlara problem yaradır.
Bəs POS-terminaldan "kartdan-karta" sisteminə keçiddə əsas səbəb nədir?
Natiq Cəfərli: Vergilərin miqdarı sahibkarların gəlirlərində azalma yaradır
İqtisadçı-ekspert Natiq Cəfərli bu barədə Bakıvaxtı.az-a bu suala cavab olaraq bildirib ki, POS-terminallardan "kartdan-karta" sisteminə keçiddə əsas səbəb vergilərin miqdarıdır:
"Mütəxəssislərin fikrincə, POS-terminallar vasitəsilə edilən hər bir əməliyyat avtomatik olaraq vergi orqanlarına bildirilir və nəticədə sahibkarlar dövriyyələrinin tam şəkildə vergiyə cəlb olunduğunu görürlər. Bu isə xüsusilə kiçik və orta sahibkarların gəlirlərində ciddi azalma yaratdığından, bir çoxları kartdan-karta köçürmələrə üstünlük verirlər. Sahibkarlar əlavə xərclərdən yayınmaq üçün alternativ ödəniş üsullarına müraciət edirlər. Lakin bu, vergi öhdəliklərinin pozulması riskini artırır və gələcəkdə hüquqi problemlərə səbəb ola bilər."
Ekspert hesab edir ki, bu tendensiyanın qarşısını almaq üçün vergi sistemində müəyyən islahatlar aparılmalı, xüsusilə də kiçik və orta sahibkarların yükünü azaldacaq yeni mexanizmlər tətbiq olunmalıdır. Bu, həm sahibkarların qanuni fəaliyyət göstərmələrini stimullaşdıracaq, həm də vergi yığımını artıracaq.
Ayxan Məmmədli: Vergidən yayınan şəxslərə cinayət məsuliyyəti tətbiq edilə bilər
Hüquqşünas Ayxan Məmmədli isə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə, ölkədə fəaliyyət göstərən bütün sahibkarlar dövriyyələrini tam şəkildə qeydiyyatdan keçirməli və uyğun olaraq vergi öhdəliklərini yerinə yetirməlidirlər:
"Bu, POS-terminallar vasitəsilə ödənişlərdə avtomatik olaraq təmin olunur. Lakin kartdan-karta köçürmələrdə bu əməliyyatlar bəzən qeyri-rəsmi dövriyyəyə daxil edilir ki, bu da vergi öhdəliklərinin yerinə yetirilməməsi anlamına gəlir. Vergi orqanları belə hallarda, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, sahibkarların fəaliyyətini yoxlamaq və onlara qarşı cərimələr, hətta ağır hallarda cinayət məsuliyyəti tətbiq etmək hüququna malikdirlər".
Hüquqşünas bildirib ki, vergi qanunvericiliyində və maliyyə nəzarəti sahəsindəki boşluqlar, kartdan-karta köçürmələr kimi vergi yayınma yollarının artmasına səbəb ola bilər:
"Bunun qarşısını almaq üçün Vergilər Nazirliyi mütəmadi olaraq yeni islahatlar həyata keçirməli və nəzarət mexanizmlərini gücləndirməlidir. Bu istiqamətdə aparılan hüquqi islahatlar çərçivəsində dövriyyələrin elektron şəkildə izlənməsi və qeyri-rəsmi əməliyyatların qarşısının alınması üçün yeni texnoloji həllərin tətbiqi vacibdir. Bu yanaşma sahibkarların qanuni fəaliyyət göstərməsini təmin edəcək və iqtisadi şəffaflığın artırılmasına kömək edəcək".
Əli Hüseynov