• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Poz qazan" asılılığı: Pozub qazanan da hər bir halda aldanmış şəxsdir

CƏMİYYƏT

14 May 2022 | 12:51

Poz qazan asılılığı: Pozub qazanan da hər bir halda aldanmış şəxsdir

Son vaxtlar metrostansiyaların giriş-çıxışında, marketlərin qarşısında, insanların daha sıx toplaşdıqları yerlərdə "Poz qazan" lotereyası oynayanların sayl-hesabı yoxdu. İnsanlar, bir növ, loteryanın asılılığına çevriliblər. Hətta cibində olan son qəpiyini belə külli miqdarda pul udacağı ümidi ilə lotereyalara verənlər var.

Sosioloq Sahib Altay Bakıvaxtı.az-a bildirib ki, mövzudan asılı olmayaraq, məsələləri heç vaxt bir səbəbə bağlamaq olmaz: “Proseslər, hadisələr, davranışlar müxtəlif səbəblərdən ortaya çıxır və elm bütün səbəbləri araşdırıb nəticəyə gəlir. İnsanlar tarix boyu öz əyləncələrinin düşkünü olublar. Əyləncə ehtiyaclarını təmin etmək üçün də müxtəlif vasitələr yaradıblar. Bu vasitələrdən biri də oyunlardır ki, biz bunu tarix boyu formalaşdırmış, özümüzlə birgə müasir dövrə daşımışıq. Sözügedən oyunlar bizim boş vaxtlarımızda dostlarımızla ünsiyyət qurmaq, bir masa ətrafında cəmləşmək, qarşılıqlı rəqabət aparmaq kimi davranışlarımızı formalaşdırır".

Onun sözlərinə görə, təbii ki, bunun müsbət tərəfləri də var. Sonradan bu oyunların içində sırf idman statusu alanlar var ki, bu oyunlar ya fiziki, ya da əqli gücün inkişaf etdirilməsi üçündür: "Digər idman statusu almayan oyunlar var ki, bu oyunlar da zaman-zaman ya sırf boş vaxtı ötürmək, ya əyləncəni təmin etmək üçün, ya da heç bir maddi qarşılığı olmadan sadəcə, oyunçu rəqabəti fonunda baş verir. Həmçinin, rəsmi, ya da qeyri-rəsmi formada tərəflər arasında müəyyən şirnikləndirici vasitə, mükafat əlavə olunur və qalibə verilir”.

Sosioloq qeyd edib ki, bu oyunlar qeyri-rəsmi formada mövcuddur: “El arasında buna qumar deyirik. Bir də rəsmi forması var: lotereya və topaz. Bu, bir az yaxşı səslənməyə bilər, ancaq, bəli, topaz və lotereya qumarın dövlət tərəfindən rəsmiləşdirilmiş formasıdır. Dövlət də bilir ki, insanlar, onsuz da, bunu edirlər, ona görə də rəsmiləşdirib. Dünyanın bütün yerlərində pullu və ya pulsuz əyləncə xarakteri daşıyan oyunlar mövcuddur. Bizdə isə daha kütləvi hal alıb. Kütləviləşməsinin də səbəbi var. Ümumiyyətlə, iqtisadiyyat, sosial idarəetmə kütlə psixologiyasına əsaslı şəkildə təşkil olunur. İnsanlar da təbiət etibarilə kollektiv şüura xidmət edirlər. Azərbaycan kimi analitik təhsilin, sağlam fərdi düşüncənin olmadığı toplumlarda isə kollektiv şüurun fonunda baş verən davranışlar daha çoxdur. İnsanların həyatda ən böyük nəsnələri şəxsi həyatlarıdır, onu belə camaatın fikrinə görə yaşayırlar. Bunun fonunda, istər-istəməz, hər hansı metro çıxışında və ya efirdə beş-on nəfərin müəyyən şans oyununa meyl edib min nəfərin iştirakçılığı fonunda bir nəfərin udması kənardakı insanları asan şəkildə şirnikləşdirir və məsələ kütləviləşir. Son zamanlar da, xüsusilə “poz qazan” oyunu fenomenləşib”.

S.Altayın sözlərinə görə, bunun da fenomenə çevrilmə səbəbi daha asan oynanılmasıdır: “Sən sadəcə üstü barkotlu kağız alırsan, həmin kodu pozursan və nəsə udub-udmadığını bilirsən. Bunun kütləviləşməsinin digər səbəbi də ölkədəki qazanc və işsizlik faktorudur. İşsizlik, qazancın azlığı elə bir həddə çatıb ki, alternativ qazanc üsullarına meyli daha da artırır. İnsanlar asan şəkildə ciblərindəki az pul ilə çox pul qazanmağa meyl edirlər. Həmçinin, bayaq qeyd etdiyim kimi, insanlar əyləncəyə düşkündür və alternativ əyləncə istiqamətləri olmadıqda belə şeylərə daha çox meyl edirlər. Bizdə alternativ əyləncə nə var ki?! İşləyən adam səhərdəm axşama qədər 12-14 saat işləyir, əylənmək üçün vaxtı olmur, işləməyən də maddi-mənəvi sıxıntılar içərisində can verir. Bunun da fonunda belə şeylərə üz tutur ki, həm qazansın, həm əylənsin. Sual edə bilərsiniz ki, bəs hər bir imkanı olan insan niyə bu oyunları oynayır?! Onlar sırf şəxsi əyləncələri üçün bunu edirlər. Əgər bir insan topaza minlərlə pul qoyursa, deməli, həm əyləncə istəyi çoxdur, özünə güvənir ki, imkanı var, digər tərəfdən də şirnikləndirilib. Bu, heç də yaxşı bir şey deyil. Fərz edin ki, “poz qazan” oyunu min nəfərdən birinə uduş qazandırır. Min nəfərin pulunu soyurlar, bir nəfərə beş, on, əlli manat uduş verirlər. Min nəfrdən doqquz yüz doxsan doqquzu aldanır. Hətta udan adam da, hər bir halda, aldanmış şəxsdir”.

Psixoloq Nizami Orucov Bakıvaxtı.az-a bildirib ki, insanların bu oyunlardan asılı vəziyyətə düşməsinin səbəbi odur ki, onlar lotereyanın necə qurulduğunu bilmirlər: “Yəni, başa düşmürlər ki, orda ancaq müəyyən məbləğdə uduş buraxılır. İnsanların çoxu anidən, heç nə etmədən varlanmaq istəyirlər. Kasıbların ən böyük xəyalıdır ki, anidən varlansınlar. Oxuyub, işləyib, çalışıb, vuruşmaq, özünün inkişafı ilə məşğul olmaq əvəzinə möcüzəvi şəkildə varlanmaq xəyalı qururlar. Bu da, təbii ki, pul itkisinə səbəb olur”.

Aytac Aslan


SON XƏBƏRLƏR