Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevə zəngindən bir neçə gün keçməsinə baxmayaraq, bu hadisə regionun siyasi gündəmindən düşməyib.
İlk baxışda protokol xarakterli görünən telefon danışığı əslində Moskvanın Cənubi Qafqazda yeni geosiyasi balans axtarışının göstəricisidir. Zəngin zamanlaması və konteksti, Kreml üçün təkcə Azərbaycanla münasibətlərin bərpası deyil, həm də regional təsir dairəsinin qorunması baxımından əhəmiyyət daşıyır.
Zəngin Düşənbə görüşündən sonra baş verməsi, iki lider arasında müzakirələrin davamı kimi qiymətləndirilsə də, onun “niyə indi” sualına cavab axtararkən bir neçə paralel proses diqqəti cəlb edir. İlham Əliyevin Qazaxıstana səfəri, Kasım-Jomart Tokayevlə danışıqlarda regional təhlükəsizlik və kommunikasiya məsələlərinin müzakirəsi Moskva üçün açıq siqnal idi: Bakı artıq postsovet məkanında əlaqələrini şaxələndirir və qərarlarını tək mərkəzdən asılı vəziyyətdə qəbul etmir. Bu, Rusiya üçün həm strateji xəbərdarlıq, həm də diplomatik çağırış anlamı daşıyır. Putinin zəngi bu dinamikaya reaksiya, daha doğrusu, Moskvanın əlaqələri balansda saxlamaq cəhdi kimi dəyərləndirilə bilər.
Zəngin ikinci oxunuşu Rusiya üçün regional təsir imkanlarının zəifləməsi ilə bağlıdır. ABŞ-nin TRİPP layihəsi çərçivəsində Zəngəzur dəhlizinə artan marağı, həmçinin Türkiyə və Qazaxıstanın regional əməkdaşlıqda fəallaşması Kreml üçün yeni reallıq yaradıb. Rusiya indi təkcə Ukrayna cəbhəsində deyil, postsovet məkanında da güc balansını qorumağa çalışır. Bakı bu mənada Moskva üçün hələ dialoq imkanlarının açıq olduğu azsaylı paytaxtlardan biridir.
Telefon danışığının arxasında həm də Rusiya ictimai rəyinə yönəlik mesajlar dayanır. Azərbaycan cəmiyyətində Moskvanın imicinin zəiflədiyi, xüsusilə Ramiz Mehdiyevin həbsindən sonra yaranan narazılıq fonunda Kreml münasibətlərin sabitliyini nümayiş etdirmək istəyib. Zəng bu mənada simvolik addımdır. Moskva göstərmək istəyir ki, Bakı ilə strateji əlaqələr davam edir və tərəflər bir-birinə qarşı deyil, ortaq maraqlara əsaslanan dialoqda qalırlar.
Hazırda yaranan “sükut dövrü” isə, əslində, yeni mərhələyə hazırlığın göstəricisi ola bilər. Hər iki tərəf münasibətləri emosional deyil, praqmatik müstəvidə qorumağa çalışır. Azərbaycan balanslı siyasət kursunu davam etdirərək həm Rusiya, həm Qərb, həm də türk dünyası ilə paralel xətt yürüdür. Kreml isə bu balansın pozulmasının qarşısını almağa çalışır, çünki Cənubi Qafqazda bir daha nüfuz itkisinə yol vermək Moskva üçün strateji səhv olardı.
Putin-Əliyev zəngi bu baxımdan təkcə keçmişin davamı deyil, həm də gələcək diplomatik gedişlərin xəbərçisidir. Sükutun ardınca gələcək addımlar, yəqin ki, regionda yeni siyasi nizamın formalaşmasında mühüm rol oynayacaq.
Züriyə Qarayeva
Bakı 


