• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Qışın nəfəsi duyulur: Qarlı-şaxtalı havaya hazırıqmı? - AİDİYYATI QURUMLAR DEYİR Kİ...

CƏMİYYƏT

02 Dekabr 2024 | 16:23

Qışın nəfəsi duyulur: Qarlı-şaxtalı havaya hazırıqmı? - AİDİYYATI QURUMLAR DEYİR Kİ...

Qışın ilk ayının ilk günlərini yaşayırıq. Bugünlər ölkə ərazisində yağıntılı və soyuq hava müşahidə olunur. Qarşıdan qarlı-şaxtalı qış gəlir.

Bəs görəsən, Azərbaycan qış mövsümünə hazırdırmı?

Bununla bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qurum hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.

Qeyd olunub ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir ki, buna səbəb xəttlərin intensiv yağışlar zamanı həm yağış sularını, həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Həmçinin kanalizasiya nasos stansiyalarının təftiş olunduğu, orada mövcud olan digər mexaniki avadanlıqların saz vəziyyətə gətirildiyi nəzərə çatdırılıb.

Qurumdan verilən məlumata görə, qış aylarında ən çox problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Həmin xətlərin ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməli olduğu vurğulanıb:

“İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə don vurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Don vurmadan mühafizə tədbirləri kimi sayğacların üzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur”.

“Azərişıq” ASC-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum qış mövsümündə qeyri-sabit hava şəraitinin hökm sürdüyü günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək və İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə mövsümlə əlaqədar bütün qabaqlayıcı texniki və təşkilatı tədbirlər həyata keçirilib.

Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətlərin 24 saat fəaliyyət göstərdiyi nəzərə çatdırılıb.

“Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Həmçinin, abonentlər elektrik enerjisindən istifadəyə görə yaranmış borcu sərt hava şəraitində evdən çıxmadan, azərişıq.az saytında müvafiq bölməyə daxil olmaqla ödəyə bilər. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir”.

“Azəriqaz” İstehsalat Birliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, qurum hər il mayın 1-dən noyabrın 1-nə qədər payız-qış mövsümünə hazırlıq prosesini həyata keçirir.

Bildirilib ki, payız-qış mövsümü hazırlıq çərçivəsində yerlatı qaz xətlərinin yerüstü dayaqlar üzərində qaldırılması, eyni zamanda korroziyaya uğramış xətlərin yeniləri ilə əvəz olunması, boyanma işlərinin aparılması kimi proseslər icra olunur:

“Bütün bu görülən işlər payız-qış mövsümündə abonentlərə yay aylarından fərqli olaraq verilən yüksək atmosferli qazın davamlı və təhlükəsiz olaraq çatdırılmasına xidmət edir.

Güman edirik ki, görülən işlər çərçivəsində ötən illərlə müqayisədə bu il daha davamlı, daha təhlükəsiz xidmətin göstərilməsinə nail ola biləcəyik”.

Sorğumuza cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, payız-qış mövsümünə keçidlə əlaqədar paytaxtda və bölgələrdə marşrutlar üzrə hərəkət edən avtobuslarda, eləcə də avtoparklarda zəruri tədbirlərin görülməsi barədə daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, tapşırığa əsasən, daşıyıcıların istismarında olan marşrutlar üzrə fəaliyyət göstərən avtobusların işlək vəziyyətdə saxlanılması və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təmin edilməsi üçün müvafiq profilaktik tədbirlər həyata keçirilməlidir.

Sürücülərin və texniki xidmət personalının qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılmasının, avtobuslara mövsümi texniki xidmətin göstərilməsinin və dövrü texniki xidmət vaxtının təyin edilməsinin, avtonəqliyyat vasitələrinin müvafiq maddi-texniki baza ilə təmin olunmasının, şinlərin mövsümə uyğun təchiz olunmasının, avtomobillərin istilik sistemləri ilə təmin edilməsinin vacib şərt olduğu vurğulanıb:

“Sərnişindaşımada xidmət göstərən sürücülər mütəmadi olaraq sürüşmə ehtimalı olan enişli-yoxuşlu yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmalı, hərəkət sürətinə nəzarət etməli, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlər görməlidirlər”.

Yeri gəlmişkən, "Bakı Metropoliteni" QSC Bakı metropolitenində stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanıldığını bildirib.

Nəzərə çatdırılıb ki, 2018-ci ildən Bakı metropolitenində güclü ventilyatorların işi fəsillərə uyğun prinsiplər əsasında tənzimlənir. Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə (aprel və noyabr aylarında) dəyişdirilirdi. Bakının iqlim şəraiti nəzərə alınmaqla tətbiq edilən yeni qayda havalandırma şəraitinə nəzarəti daha da yaxşılaşdırılaraq, dövrü monitorinqlər əsasında ən uyğun prinsiplərlə tənzimləməyə imkan verir:

“Yeni qrafik zamanı hava haqqında proqnozlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları, eləcə də gündəlik nəzarət və tənzimləmə mexanizmləri də diqqətdə saxlanılacaq. Bunun əsasında ventilyatorların iş rejiminə bu və digər dəyişikliklər də tətbiq ediləcək”.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Qeyd olunub ki, görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar:

“Bu işlər çərçivəsində paytaxtın Nizami, Binəqədi və Nəsimi rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin iştiraki ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib”.

Mina Mikayılova


SON XƏBƏRLƏR