• Bakı 32° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Sərhəd silahlanır: Tailand-Kamboca gərginliyi genişmiqyaslı müharibəyə çevrilə bilərmi?

DÜNYA

25 Iyul 2025 | 09:45

Sərhəd silahlanır: Tailand-Kamboca gərginliyi genişmiqyaslı müharibəyə çevrilə bilərmi?

Son günlər Cənub-Şərqi Asiyada Tailand və Kamboca arasında artan gərginlik ciddi narahatlıq doğurur. “Quru müharibəsi” adı altında Tailandın başladığı hərbi əməliyyat, sərhəddəki mübahisəli ərazilər, qarşılıqlı ittihamlar və hava hücumları fonunda iki ölkə arasında silahlı toqquşmanın genişlənməsi riskini artırır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, hazırda bu əməliyyat lokal xarakter daşısa da, potensial olaraq regional eskalasiyaya çevrilə biləcək təhlükə ehtiva edir. Politoloq qeyd edib ki, “Quru müharibəsi” adlandırılması simvolik deyil - bu, Tailandın Kambocanın sərhəd boyunca yerləşdirdiyi minalara və artilleriya fəaliyyətinə qarşı cavab addımıdır. Hər iki tərəfin qırıcı təyyarələr və ağır texnika istifadə etməsi isə qarşıdurmanın sadəcə sərhəd insidenti olmadığını göstərir.

Müsahibimiz bu qarşıdurmanın səbəblərindən də danışıb. Onun sözlərinə görə, formal olaraq səbəb Ta Moan Thom məbədi və ətrafındakı mübahisəli ərazilərdir:

“Ancaq bu hadisə, on illərdir demarkasiya olunmamış 800 km-lik sərhədin yaratdığı geopolitik boşluğun nəticəsidir. Üstəlik, “Zümrüd Üçbucağı” regionu narkotik ticarəti, qeyri-leqal iqtisadi fəaliyyətlər və təhlükəsizlik boşluğu ilə tanınır. Bu amillər tərəflər arasında sabit gərginliyi qoruyur”.

Tailandın F-16 ilə hava hücumu prosesi yeni mərhələyə daşıya bilərmi? Sualı cavablandıran Qarayeva vurğulayıb ki, F-16 kimi hücum potensialı yüksək olan aviasiya vasitələrinin tətbiqi, qarşı tərəfi çəkindirmə və strateji üstünlük göstərmək məqsədi daşıyır. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə Tailandın bu dəfə geri çəkilməyəcəyinə dair mesajdır. Amma belə addımlar Kambocanın müdafiə instinktlərini gücləndirir və balanssız bir eskalasiyaya səbəb ola bilər.

Züriyə Qarayeva: Bu münaqişə digər mübahisəli sərhədlərə malik ölkələrə təhlükəli presedent ola bilər

İki ölkənin səfirlərini geri çağırması və sərhədlərin bağlanmasına gəlincə, həmsöhbətimiz qeyd edib ki, diplomatik əlaqələrin bu səviyyədə gərginləşməsi artıq siyasi qarşıdurmanın diplomatiya ilə əvəz olunmayacağını göstərir:

“Səfirlərin geri çağırılması və sərhəd bağlaması həm təhlükəsizlik, həm də iqtisadi baxımdan iki ölkəni çətin vəziyyətə sala bilər. Bu, o deməkdir ki, hazırda tərəflər üçün hərbi həll yolu daha prioritetdir”.

Z.Qarayevanın sözlərinə görə,ASEAN-ın ənənəvi olaraq üzv ölkələrin daxili və ikitərəfli məsələlərinə müdaxilədən çəkinməsi bu vəziyyətdə zəiflik kimi görünür. Amma qarşıdurma genişlənərsə, təşkilatın nüfuzu sarsıla bilər. BMT və ya Çin kimi regional aktorlar da sabitlik naminə tərəfləri masaya dəvət edə bilər, lakin bu, yalnız hərbi eskalasiya kritik həddə çatanda baş verəcək.

“Əgər münaqişə daha da dərinləşərsə, bu, Cənub-Şərqi Asiyada tranzit yollarına, turizm sektoruna, regional iqtisadi inkişafa və qeyri-rəsmi ticarətə ciddi zərbə vuracaq. Həm də bu, digər mübahisəli sərhədlərə malik ölkələrə təhlükəli presedent ola bilər. Ona görə də təcili atəşkəs və üçüncü tərəfin vasitəçiliyi vacibdir”, - deyə Züriyə Qarayeva vurğulayıb.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

25 Iyul 2025