Ermənistanla Rusiya arasında münasibətlər son illərdə heç də əvvəlki kimi sabit deyil. Rəsmi İrəvanın Qərbə doğru atdığı addımlar, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməsi, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Moskvadan gözlədiyi dəstəyi ala bilməməsi iki ölkə arasında yeni ziddiyyətlər yaradıb. Bu fonunda iqtisadi əlaqələrdə də müəyyən gərginliklərin yaranması təəccüblü deyil.
Son günlər Ermənistandan Rusiyaya ixrac olunan bəzi məhsulların buraxılmaması da bu gərginliyin bariz nümunəsidir. Rusiya tərəfi bunu tibbi-sanitariya səbəbləri ilə izah etməyə çalışsa da, iqtisadi və siyasi motivlərin daha güclü olduğu şübhə doğurmur. Çünki rəsmi Moskva illərdir ki, postsovet ölkələrinə təsir mexanizmi kimi məhz ticarət məhdudiyyətlərindən, idxal və ixrac qadağalarından istifadə edir.
Məsələnin daha da maraqlı tərəfi odur ki, bu addım Ermənistanın iqtisadi strukturuna ciddi zərbə vura bilər. Çünki Rusiya hələ də Ermənistan üçün ən iri ticarət tərəfdaşlarından biridir və müəyyən malların ixracına qoyulan qadağa İrəvanın iqtisadi sabitliyinə mənfi təsir göstərə bilər.
Beləliklə, sual yaranır: Rusiya artıq Ermənistanın iqtisadi dayaqlarını zəiflətmək üçün düyməyə basıbmı, yoxsa bu, sadəcə xəbərdarlıq xarakterli təzyiq mexanizmidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-alim Eldəniz Əmirov bildirib ki, birmənalı olaraq Rusiya təkcə Azərbaycana deyil, bütün postsovet ölkələrinə müxtəlif alətlər vasitəsilə təsir göstərməyə çalışır:
"Lakin zaman keçdikcə bu alətlərin sayı və təsir gücü azalır. Bunun bariz nümunələrindən biri də müxtəlif malların ixracına qoyulan qadağalardır ki, nəticə etibarilə bu, ixracatçı ölkələrə, o cümlədən Ermənistana da təsir göstərir".
Eldəniz Əmirov: Rusiya təkcə Azərbaycana deyil, bütün postsovet ölkələrinə müxtəlif alətlər vasitəsilə təsir göstərməyə çalışır
Onun sözlərinə görə, Ermənistanı bu cür davranışlardan çəkindirmək mümkün olmayacaq:
"Çünki Ermənistan-Türkiyə-Rusiya arasında ticarət münasibətləri mövcuddur və burada Ermənistan müəyyən hallarda Rusiyanın sanksiyalardan yayınmasına xidmət edən vasitə rolunu oynayır. Əgər iki ölkə arasında münasibətlərin pisləşməsi ticarət dövriyyəsinə təsir edərsə, bu, Ermənistan qədər Rusiyaya da mənfi təsir göstərə bilər".
Müsahibimiz əlavə edib ki, Ermənistan üçüncü ölkələrdən məhsul alaraq və digər yollarla Rusiyanın sanksiyalardan yayınmasına imkan yaradır. Bu baxımdan münasibətlərdə gərginliyin artması Rusiyanın müxtəlif sahələrinə ciddi təsir göstərə bilər.
Məsələnin siyasi istiqamətini Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Ermənistanın kənd təsərrüfatı məhsulları ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir. Bu məhsulların ixracında Rusiya bazarının alternativi demək olar ki, mövcud deyil. Elə buna görə də Rusiya bazarı Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Bu kontekstdə Moskvanın atdığı addımlar təkcə iqtisadi deyil, həm də siyasi təzyiq xarakteri daşıyır:
"Şübhəsiz ki, Ermənistan iqtisadiyyatı Rusiyadan ciddi şəkildə asılıdır. Bu asılılıq təkcə enerji sektorunda deyil, digər istiqamətlərdə də özünü göstərir. Nəticədə Ermənistan alternativsiz qaldıqca, mütəmadi olaraq bu cür təzyiq vasitələri ilə üz-üzə qalacaq".
Əli Zülfüqaroğlu: Bu proses qısa müddətdə reallaşa biləcək bir məsələ deyil
Onun sözlərinə görə, məhz bu səbəbdən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışması və Ankara vasitəsilə Avropa bazarlarına çıxış əldə etmək istəyi təsadüfi deyil. Rəsmi İrəvan bu yolla Rusiyanın təsir imkanlarını neytrallaşdırmağa, iqtisadi manevr imkanlarını genişləndirməyə səy göstərir:
"Aydındır ki, bu proses qısa müddətdə reallaşa biləcək bir məsələ deyil. Ermənistan yalnız düzgün və ardıcıl siyasət yürütmək şərti ilə uzunmüddətli perspektivdə Rusiyadan, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracında mövcud olan asılılığını azalda bilər".
Əli Hüseynov