"Noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların görüşünün təşkili müsbət istiqamətdə atılmış addımdır".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, yüksək səviyyəli görüşlərdə ortaya çıxan ciddi fikir ayrılıqları, ziddiyyətli məqamlar prezident və XİN başçıları miqyasında təmaslara imkan vermir: "Amma əlaqələri tamamən pozmamaq üçün komissiyaların görüşünün təşkilinə və davamlı olmasına ehtiyac var. Yəni prezident və xarici işlər nazirləri səviyyəsində yox, nisbətən aşağı ranqlı şəxslərin görüşləri konkret əməli məsələlərin müzakirəsi üçün daha məqsədəuyğundur. Delimitasiya komissiyasının üzvləri məmurlar, mütəxəssislərdir. Onlar masa arxasında oturacaqlar, xəritələri, hüquqi və tarixi sənədlərini qabaqlarına qoyacaqlar və müzakirə aparacaqlar”.
Politoloq bildirib ki, Ermənistanla 1000 kilometr sərhədimiz var. 1000 kilometr sərhədin hər bir hissəsi müzakirə olunmalıdır: “Hər günə bir kilometri müzakirə etsələr, min gün çəkər. Sovet dövründə müəyyən inzibati xəritələr mövcud olub. Onları da addım-addım müzakirə etmək lazımdır. Geniş müzakirələrin nəticəsində Ermənistana da ayan olacaq ki, Azərbaycan onların ərazisinə iddia etmir. Həmçinin, rəsmi Bakı biləcək ki, bundan sonra ermənilərin Azərbaycana ərazi iddialarına birdəfəlik son qoyulacaq".
Zərdüşt Əlizadə: Danışıqlarda kənar vasitəçilik müsbət nəticə vermir
Həmsöhbətimiz vurğulayıb ki, sovet dövründə mövcud inzibati sərhədlər beləcə tədricən dövlət sərhədlərinə çevriləcək: "Müsbət nəticə əldə olunandan sonra bu, siyasi rəhbərlərə də əsas verəcək ki, xalqa desinlər ki, tərəflər arasında faydalı və qarşılıqlı anlaşma şəraitində müzakirələr gedir. Yəni Azərbaycan və Ermənistan nümayəndələri bir-birini anlaya bilir. Ən əsası isə sülhə doğru addımlayırlar. Özü də bu proses kənar vasitəçilər olmadan gedəcək. Hər bir vasitəçi öz xeyrini, mənfəətini güdür. ABŞ, Rusiya, İran və digər hər dövlətin öz marağı var. Ona görə də kənar vasitəçilik müsbət nəticə vermir. Azərbaycan və Ermənistana lazımdır ki, əldə edilən nəticələr ancaq iki xalqın - azərbaycanlıların və ermənilərin xeyrinə olsun, başqalarının yox. Bunun da yolu qarşılıqlı müzakirələrdən keçir".
Aydın Baxış