Xəbər verdiyimiz kimi, Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Bakıvaxtı.azxəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb.
Baş verən hadisə insanlarda narahatlıq yaradıb. Belə ki, gündəlik həyatlarında tez-tez taksi xidmətindən istifadə edən vətəndaşlar sosial şəbəkələrdə artıq taksidən istifadə etməyə çəkindiklərini qeyd ediblər.
Mütəmadi taksi xidmətindən istifadə edən paytaxt sakini Münəvvər Məmmədzadə deyir ki, bu hadisədən sonra taksi sifariş vermir:
“Açığı, qorxuram. Elə sürücülərin ucbatından taksiyə minməyə ehtiyat edirəm”.
Bəs, maraqlıdır, sürücülər işə götürülərkən hansı meyarlar nəzərə alınır?
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.
Qurumdan nəzərə çatdırılıb ki, hadisəni törədən şəxs barədə dolğun məlumat olmadığından taksi sürücülərinin etik-davranış qaydalarına dair təlimlərdə iştirak edib-etmədiyi və taksi fəaliyyəti üçün icazəsinin olub-olmadığı məlum deyil.
AYNA-dan verilən məlumata görə, icazələrin ləğvi “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən edilir və ona uyğun olaraq rəsmiləşdirilir. Buraxılış kartları sənədlərdə olan uyğunsuzluq səbəbindən və icazə sahibinin müraciəti əsasında ləğv edilə bilir. Vurğulanıb ki, Qanunda konkret olaraq müəddəalar mövcuddur və eyni zamanda məhkəmənin müvafiq qərarı olduqda da icazə sənədləri ləğv olunur:
“Qeyd edək ki, sürücülər peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə hüquq qazanırlar. Bugünədək 58600-ə yaxın şəxs AYNA-nın təşkil etdiyi təlimlərə cəlb olunub. Etik davranış üzrə təlimlər də proqramın ayrılmaz hissəsidir”.
Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərin icazəyə müraciət təqdim etdikləri sənədlərin içərisində reysqabağı texniki baxışın həyata keçirilməsi üzrə bağlanmış müqavilə, sürücülərin reysqabağı tibbi müayinəsi ilə bağlı müqavilə, həmçinin sürücülərin narkoloji testlərdən keçdiyini təsdiq edən arayışlarının olması mütləqdir.
“Sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı mütəmadi tədbirlər görülür. Həyata keçirilən mütəmadi monitorinqlər və vətəndaşların şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində pozuntu aşkar olunduqda, sürücülər xidmətdən kənarlaşdırılır”,- deyə AYNA-dan bildirilib.
Bolt-dan isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, Bolt sifariş operatoru funksiyasını yerinə yetirir, yəni sifarişləri müştərilərlə daşıyıcılar arasında əlaqələndirir. Daşıyıcı rolunda həm fərdi tərəfdaşlar, həm də avtoparklar çıxış edə bilər.
Qeyd olunub ki, daşıyıcı tətbiqdə qeydiyyatdan keçir və Azərbaycan qanunvericiliyində tələb olunan sənədləri təqdim etdikdən sonra onun üçün Bolt platformasında profil (hesab) yaradılır:
“Bu isə o deməkdir ki, sürücülər Bolt şirkətinin əməkdaşları və ya işçiləri deyil, sadəcə platforma vasitəsilə daşıyıcı xidmətini göstərən müstəqil tərəfdaşlardır”.
Diqqətə çatdırılıb ki, Bolt tətbiqində qeydiyyat zamanı tələb olunan sənədlər arasında daşıyıcının buraxılış vəsiqəsi və nəqliyyat vasitəsinin buraxılış kartının təqdim olunması əsas şərtlərdəndir.
“Qeyd edək ki, buraxılış vəsiqəsinin alınması üçün daşıyıcı dövlət tələblərinə əsasən tibbi müəssisə ilə müqavilə bağlamalı və narkoloji dispanserdən arayış təqdim etməlidir”.
Bundan əlavə bildirilib ki, nəqliyyat vasitəsinə buraxılış kartının verilməsi üçün avtomobilin texniki baxışdan keçməsi və bu məqsədlə texniki servis ilə müqavilə bağlanması qanunvericiliklə tələb olunur:
“Bolt, əməkdaşlıq etdiyi bütün daşıyıcılarla qaydalara riayət olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı kommunikasiya aparır”.
Uber şirkətinə isə sorğu göndərsək də, sorğumuza cavab verilməyib.
Mina Mikayılova