Xəbər verdiyimiz kimi, orta ixtisas təhsili müəssisələrində (kollec) keçirilən ilkin monitorinqlər yekunlaşıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Agentlik Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində monitorinqlər keçirib:
"Bununla da Agentliyin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində ötən ilin sonundan etibarən keçirilən ilkin monitorinqlər yekunlaşıb. Monitorinqlər zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib, eləcə də tədris prosesi izlənilib".
Bildirilib ki, nəticədə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kolleci, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleclərinin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, monitorinqlər ölkə üzrə 35 orta ixtisas təhsil müəssisəsində keçirilib və nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb. Monitorinqlər nəticəsində ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Təhsil eksperti Elmin Nuri Bakıvaxtı.az-a açıqlamasında deyib ki, monitorinqlər nəticəsində işinə xitam verilən 6 direktordan 2-sinin xidməti müqaviləsinin başa çatdığı bildirilib.
Ekspert vurğulayıb ki, 4 direktor müavininin işdən çıxarılması ilə bağlı isə heç nə deyilmir:
"Məsələ ondan ibarətdir ki, Elm və Təhsil üzrə Dövlət Agentliyi vur-tut 14 orta ixtisas təhsili müəssisəsində monitorinqlər aparıb. Baxın, sadəcə 14 orta ixtisas təhsili müəssisəsində aparılan monitorinqlər nəticəsində ümumilikdə 10 nəfər öz işini itirib. Bu kiçik statistika özü problemin hansı miqyasda olduğunun göstəricisidir. Azərbaycanda orta ixtisas təhsilinin hansı vəziyyətdə olmasının nümunəsidir. Bizdə ümumilikdə 35 orta ixtisas təhsil müəssisəsi var. Yerdə qalan digər 21 kollecdə də monitorinqlər aparılsa, orada nəticələr necə olacaq? Əmin olun ki, durum heç də ürəkaçan olmayacaq. Ümumiyyətlə bizdə orta ixtisas təhsili, subbakalavr təhsili üzərində xeyli reformasiya işləri aparılmalıdır".

Elmin Nuri: Elə peşə təhsil müəssisələri var ki, kolleclərdən ən azı 10 dəfə daha faydalıdırlar
Həmsöhbətimiz əlavə edib ki, təhsil formallıq qılafından çıxmalıdır:
"Orta ixtisas təhsil müəssisələrimiz əmək bazarının hansı şərtlərinə cavab verir? Axı orada təhsil alan gənclərimiz bizim gələcəyimiz, sabahımızdır, əmək bazarının vacib fiqurlarıdır. Onların, o cümlədən müəllim heyətinin əziyyətini, haqlarını danmırıq, qətiyyən aşağılamırıq. Hamısına xüsusi hörmətlə yanaşırıq. Amma müəyyən reallıqlarla barışmalıyıq. Bu gün bizdə orta ixtisas təhsili birmənalı şəkildə formal xarakter daşıyır. İstər əmək bazarının tələbinə, istər elmi-akademik inkişafa görə, istər müəyyən ixtisasla bağlı bilik və bacarıqların formalaşma meyarına görə, formal hesab olunur. Hazırda elə peşə təhsil müəssisələri var ki, onlar effektivliyinə, əmək bazarının tələb və təklif mexanizminə görə orta ixtisas təhsil müəssisələrindən, kolleclərdən ən azı 10 dəfə daha faydalıdırlar. O baxımdan kolleclər ya yığışdırılmalı, ya da çox ciddi işlər görülməlidir".
Aydın Baxış
















