• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Tokayevin İrəvan səfəri: Əməkdaşlıq Astana üçün hansısa divident gətirməyəcək

SİYASƏT

15 Aprel 2024 | 16:46

Tokayevin İrəvan səfəri: Əməkdaşlıq Astana üçün hansısa divident gətirməyəcək

Qazaxıstanın prezidenti Qasım-Jomart Tokayev Ermənistana səfəri çərçivəsində baş nazir Nikol Paşinyanla görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır. Hökumət başçısı bildirib ki, təklif etdikləri “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev isə bildirib ki, Astana Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif etməyə hazırdır və sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. Onun sözlərinə görə, Qazaxıstan mümkün qədər çox kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır:

"Bizim əsas məqsədimiz dost ölkələrimiz bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır". Qeyd edək ki, Bakı-İrəvan arasında sülh müqaviləsi imzalanmamış türk respublikalarının Ermənistana səfəri ictimaiyyətdə bəzən birmənalı qarşılanmır. Lakin bir sıra ekspertlər Qazaxıstan və Ermənistanın KTMT üzvü olduğunu əsas gətirərək Astana-İrəvan əlaqələrində problem görmürlər. Hətta türk dövlətlərinin sülh prosesinin sürətlənməsində müəyyən rol oynaya biləcəyini vurğulayırlar.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Qazaxıstan tərəfi Ermənistanla əməkdaşlığı KTMT, Avrasiya Birliyi və Gömrük İttifaqında birgə təmsilçiliklə əlaqələndirirlər.

Ekspert vurğulayıb ki, mövcud qurumlarda əməkdaşlıq çərçivəsində qarşılıqlı gediş-gəliş mümkün və normaldır:

"Qazaxıstan prezidentinin İrəvan səfərində Azərbaycanla sülh prosesi ilə yanaşı, bir çox məsələ, o cümlədən siyasi məqamlar da müzakirə olunur. Ermənistan hökuməti ilə Rusiya arasında münasibətlər gərgindir. Ola bilsin ki, Tokayev İrəvan-Moskva arasında vasitəçilik etmək üçün Ermənistandadır. Çünki Paşinyan konkret olaraq Kremllə əlaqələri kəsib, KTMT və digər qurumlarla münasibətləri dondurub, təlimlərə, görüşlərə qatılmır. Tokayev Paşinyanı Ermənistanın təmsil olunduğu təşkilatların iclaslarında iştirak etməyə çağıra bilər".

Turab Rzayev: Tokayev Paşinyanı Ermənistanın təmsil olunduğu təşkilatların iclaslarında iştiraka çağıra bilər

Analitik hesab edir ki, Qazaxıstan prezidentinin İrəvana səfəri çərçivəsində Azərbaycanla sülhdən danışması, regional əməkdaşlığa vurğu etməsi mühüm məqamlardır:

"Türkiyə və Azərbaycan son dönəmlərdə Mərkəzi Asiyanın türk respublikaları ilə əlaqələri sıxlaşdırıblar. Bakı və Ankara Türk Dövlətləri Təşkilatının inkişafına, türk birliyinin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi önəm verirlər. O baxımdan bölgə ölkələri ilə xüsusi əlaqələrin yaradılması da vacibdir. Bütün siyasi-iqtisadi resursların bu istiqamətə sərf olunması faydalı olar. Amma indiki halda Qazaxıstanın Ermənistanla əməkdaşlığı Astana üçün hansısa divident gətirməyəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR