Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tanınmış alimin həlak olduğu yol qəzası barədə məlumat yayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.
Qeyd olunub ki, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Kliniki Tibbi Mərkəz də KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun iştirakı ilə baş verən yol qəzası barədə məlumat yayıb.
Mərkəzdən Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. aqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.
***
12:39
Bakıda tanınmış alim Arif Acaloğlunun həlak olduğu yol qəzasını törədən şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, onu vuran “Mercedes” markalı avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.
***
11:49
Türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlu vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə politoloq Oqtay Qasımov sosial şəbəkə paylaşımında bildirib.
Onun sözlərinə görə, Arif Acaloğlu Bakıda yol nəqliyyat qəzasında həyatını itirib.
Qeyd edək ki, A.Acaloğlu Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün Bakıya gəlibmiş.
Allah rəhmət eləsin.
Qeyd edək ki, A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.
O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.
Murad Məmmədli






jpeg-1702704358.webp)









