Birinci yazı
Beynəlxalq hüququn ortaya çıxdığı ilk tarixlərdən bu günə qədər müxtəlif yanaşmalar olsa da, iki əsas ideoloji yanaşma (liberalizm və realizm – müəllif.) həmişə üstünlük təşkil edirdi.
Liberallar deyirdi ki, beynəlxalq hüquq sistemləşdikcə və beynəlxalq sistem tam formalaşdığı zaman dövlətlər arxa planda qalacaq, regional və ümumi dünyəvi məsələləri (qarşıdurmalar, bəsit problemlər, əməkdaşlıqlar, krizlər vəs.) beynəlxalq sistem (hüquq), dolayısıyla beynəlxalq təşkilatlar həll edəcək. Bunun əvəzinə realistlər deyirdi ki, əslində beynəlxalq hüququn işləkliyini və funksionallığını təyin edən yenə dövlətlər olacaq və hər şey onların qərarlarından asılı olacağı üçün əsas faktor dövlətlər olaraq qalacaqlar.
II Dünya müharibəsi və sonra yaşanan “Soyuq müharibə”nin bitməsindən sonra liberalistlər dünya siyasətində “müvəqqəti üstünlük” qazandılar. Beynəlxalq sistem gücləndi, dövlətlərarası münasibətlərdə təşkilatların və hüququn rolu rəsmi üstünlük qazandı. Başda Birləşmiş Millətlər Təşkilatı (BMT), həmçinin Avropa mərkəzli beynəlxalq təşkilatlar əhəmiyyətini artırdı, iqtisadi-siyasi və digər sahələrdə onların mövqeləri gücləndi.
Ancaq qeyd etdiyimiz kimi, bu, müvəqqəti idi. Zaman keçdikcə tarix bir daha sübut edəcəkdi ki, əsas olan yenə də dövlət-millət faktoru və milli maraqlardan doğan dövlət siyasəti olacaqdı...
Məhz bu reallığın aydınlanmasının nəticəsi idi ki, 2020-ci illərə qədər beynəlxalq təşkilatların önəminin azaldığını görməyə başladıq. Əgər bu zamana qədər ABŞ-ın rəhbərliyi ilə Qərb blokunun Əfqanıstanda, İraqda, ümumən Yaxın Şərqdəki addımları, Ermənistanın Qarabağı işğal etməsi və sonra 30 ilə qədər bütün hüquq və normaları tapdalayaraq işğalda saxlaması, Rusiyanın Gürcüstandakı işğalı və sonra seperatizmə dəstək verməsi, Fransanın Afrikada sömürgə siyasətinin davam etməsi, Rusiyanın post sovet ölkələrinin daxili işlərinə riyakarcasına qarışması və beynəlxalq hüququn buna son qoya bilməməsi, həmçinin beynəlxalq nizamın əsas dayağı - BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvünün dünyanın əsas beş imperialist dövləti olması vəs. kimi faktorlar Beynəlxalq sistemi zərbə altına qoyurdusa 2020-ci illərdən sonra baş verən hadisələr liberal yanaşmanın tamamilə puç olmasına doğru yön almağa başladı.
Məsələn, 2020-ci ilin ilk önəmli hadisəsi Azərbaycanın işğala qarşı əməliyyatlara başlaması və ərazilərini öz gücünə - hüquq və qərarların işğalçı tərəfindən könüllü formada həyata keçirilməsi ilə deyil - işğaldan azad etməsi oldu. Bu, beynəlxalq sistemin praktiki olaraq işləmədiyinin, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların həmişə həyata keçirilmədiyini göstərdi.
Daha sonra baş verən hadisələrdən biri də İsrail-Fələstin münaqişəsi idi ki, bu məsələdə də hər hansı bir beynəlxalq yanaşmanın işləmədiyi görünməkdədir. Münaqişə hələ d davam edir, onlarla qərar qəbul edilib, ancaq tərəflərin heç biri qərarlara məhəl qoymur, hər kəs öz milli maraqlarından çıxış edir.
Rusiyanın Ukraynada işğal əməliyyatlarına başlaması isə, beynəlxalq sistemin çöküşünün əsas iki səbəbindən biri oldu. Yəqin ki, bu məsələni geniş izah etməyə ehtiyac qalmır. 4 ilə yaxındır hər şey bütün çılpaqlığı ilə gözümüzün önündə cərəyan edir.
ABŞ-nin Venesuelaya müdaxiləsi isə beynəlxalq sistemin çökdüyünün ikinci əsas və son örnəyidir. Çünki Rusiyanın işğalı bir çox fəsadlar doğursa da, başda BMT Təhlükəsizlik Şurası olmaqla, beynəlxalq nizamın funksionallığını sual altına alsa da, bütün dünyanın yenə də son bir ümidi qalmışdı: hər kəs düşünürdü ki, beynəlxalq nizamın (əslində oyunun - müəllif.) qurucusu olan başda ABŞ olmaqla Qərb bloku qurduqları nizamın çökməsini əngəlləmək, Rusiya və digərlərinin özbaşnalıqlarına son qoymaq üçün ciddi addımlar atacaq, hüquq və nizamla prosesi yaxşı doğru aparacaqlar.
Ancaq əvəzində ABŞ-nin özünün sırf Prezident Donald Trampın şəxsi ambisiyalarına görə müstəqil bir ölkənin - Venesuelanın Prezidentini “karvanbasan quldur” kimi qaçırması bu son ümidləri də boğdu.
Bəli, Venesuela Prezidenti Nikolas Maduro diktator idi, onun rejimi haqq və hüquq, həmçinin ədalət üzərində qurulmamış, saxtakarlıq və despotizmdən ibarət idi. Ancaq hər nə olsa da, ABŞ müstəqil bir ölkənin sərhədlərini kobudluqla pozmuş, hərbi təcavüz aktı həyata keçirmişdir.
Məsələn, rəsmi Vaşinqton Maduronun cinayətlərini öncə beynəlxalq nizamın tələblərinə uyğun olaraq müzakirəyə çıxarıb, onun cinayətlərini ifşa və sübut etdikdən sonra Maduroya təslim olmasını təklif edərdisə, Maduro yenə də bundan imtina edər və cinayətkarlığa davam edərdisə, məhz bundna sonra ABŞ-yə haqq qazandırmaq olardı.
Ancaq indiki halda, ABŞ özü də beynəlxalq hüquq və normaları pozan tərəf kimi, özünə “dünya polisi”, hüquq və normalara riayət edən demokrat imici verə bilməz.
Ümumiyyətlə, bu iddiaları edən və hər kəlməsində hüquq, nizman, beynəlxalq sistem olan bir ölkə təcavüz edirsə, bu, artıq rəsmi olaraq beynəlxalq nizamın çökdüyünü, onun varlığının formal və nostaljik olduğunu deməyə əsas verir.
Bundan sonra dövlətlərarası münasibətlər isə sadəcə bir faktor – güc üzərində qurulacaq. Güclü dövlətlər özlərindən zəifləri təsir dairəsinə salmağa, yəni yeni imperiyalar (ancaq fərqli simalarda – müəllif.) qurmağa, zəiflər isə güclülərdən qorunmağın yollarını tapmağa çalışacaqlar.
Bəs zəiflər özünü necə qoruyacaq?
Bu suala qısa və konkret bu şəkildə cavab vermək mümkündür: tərəfdaşlıqlar!
Yeni dünyada güc ən önəmli faktor olacaq. Ən güclülər isə, texnoloji və media (bu informasiya müharibələri üçün əsasdır – müəllif.) üstünlüyünə sahiblənən, ən əsası isə geniş tərəfdaş əlaqələri quranlar olacaq...
Həşim Səhrablı
Bakı 




